“Azərbaycan dilində kəmiyyət anlayışının təzahürü” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Xansuvar qızı Vəliyevanın “Azərbaycan dilində kəmiyyət anlayışının təzahürü” mövzusunda elmi seminarı keçirilib. Məruzəçi qeyd edib ki, ontoloji kəmiyyət iki alt kateqoriyanı məsələ olaraq ortaya qoyur: sayıla bilən və ölçülə bilən şeyləri. Bununla yanaşı, kəmiyyət idrak kateqoriyası olaraq dörd əsası əhatə edir: sayma, ölçmə, hesablama və qiymətləndirmə. Linqvistik ifadə cəhətdən isə kəmiyyət qrammatik və leksik vasitələrə bölünür. Insanın şifahi biliklərinin ümumi strukturunu dil kateqoriyaları kimi təsəvvür etmək olar. Bu kateqoriyalardan biri, şübhəsiz ki, kəmiyyət kateqoriyasıdır. Kəmiyyət fərqi real varlıq obyektlərinə xasdır: əşyalar (obyektlər), proseslər, xüsusiyyətlər, hadisələr, yəni onlar varlığın ontologiyasına daxil olur, insan tərəfindən dərk edilir və nitqdə ifadə olunur. Reallıq və nitq arasında insanın idrakı var, o, kəmiyyətin şifahi ifadə üsullarına əhəmiyyətli dərəcədə təsir göstərir. Bir kateqoriyanın nəzərdən keçirilməsi digər bilik kateqoriyalarının öyrənilməsi üçün başlanğıc nöqtəsi sayıla bilər.
Kəmiyyət kateqoriyası müasir insanın təfəkkürünün ən geniş və çoxşaxəli kateqoriyalarından biri olub, onun tədqiqi müxtəlif sahələrin, əsasən də dilçilik sahəsinin tədqiqatçılar üçün hər zaman maraq doğurur.
Elmi seminar müzakirələrlə yekunlaşıb.