Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında seminar
Martın 30-da BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşəbbüsü ilə “Ünsiyyət zamanı istifadə olunan kommunikativ vasitələr” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən kafedra müdiri, professor İlhamə Hacıyeva bildirib ki, keçirilən elmi seminar ünsiyyət zamanı istifadə olunan kommunikativ vasitələrə həsr edilib. Qeyd olunub ki, ünsiyyət olduqca mürəkkəb və maraqlı psixi hadisədir. İ.Hacıyeva ünsiyyətin müxtəlif istiqamətləri, məzmunundan asılı olaraq ünsiyyətin müxtəlif növləri - maddi ünsiyyət, kondision ünsiyyət, motivlərlə və işgüzar fəaliyyətlə bağlı ünsiyyət haqqında məlumat verib.
Ünsiyyətin bioloji və sosial tərəflərinə toxunan məruzəçi onun vasitəsiz və vasitəli növlərindən söz açaraq bildirib ki, vasitəsiz ünsiyyət heç bir kənar təhrik olmadan ünsiyyət aktıdır, vasitəli ünsiyyət isə vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyət formasıdır.
Həmçinin çıxışda dildə ekspressivlik və emosionallığın verbal və qeyri-verbal ifadə vasitələri haqqında müxtəlif tədqiqatçıların fikirləri diqqətə çatdırılıb, paralinqvistik vasitələr, superseqment vasitələr, qeyri-verbal kontekst, verbal kontekst kimi anlayışlar təhlil olunub.
Sonda məruzəçi kafedra əməkaşlarının suallarını cavablandırıb.