“Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının redaksiya heyəti BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının qonağı olub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının baş redaktoru Gülnar Əliyeva və redaksiya heyətinin üzvləri - Xatirə Məmmədova, Xanımgül Əsgərova və Könül Yadigarova BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının qonağı olublar. Görüşdə kafedranın professor-müəllim heyəti iştirak edib.
Baş redaktor Gülnar Əliyeva jurnalın təsis olunması tarixindən, elmi istiqamətlərindən və burada çap olunan araşdırmalardan danışıb. O bildirib ki, “Jurnal ildə 4 dəfə nəşr olunmaqla Azərbaycan, rus, ingilis və türk dillərində orijinal məqalələrin dərcini həyata keçirir. Jurnal dilçilik və ədəbiyyatşünaslıq, metodika (təcrübə və nəzəriyyə), ümumtəhsil orta ixtisas və ali məktəblərdə Azərbaycan dilinin və ədəbiyyatın tədrisini, eləcə də qədim, orta və yeni dövr Azərbaycan ədəbiyyatının tədqiqi, poeziya və mətnşünaslıq, ədəbi tənqid və dilçilik məsələlərini əhatə edən bölmələrdən ibarətdir”.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva professor-müəllim heyəti adından geniş və ətraflı məlumata görə Gülnar Əliyevaya minnətdarlığını bildirib, kafedranın dil və ədəbiyyatın tədrisi metodikası sahəsində gördüyü mühüm işlərə diqqət çəkərək, gələcək əməkdaşlığın əhəmiyyətindən və perspektivlərindən danışıb.
Sonda qonaqlar göstərilən diqqətə və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.