Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dilinin tətbiqi problemlərinə həsr olunmuş seminar keçirib
BDU-nun Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşəbbüsü ilə kütləvi informasiya vasitələrində Azərbaycan dilinin tətbiqi problemlərinə həsr olunmuş elmi seminar keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”1 noyabr 2018-ci il tarixli fərmanından sonrakı vəziyyətin müzakirəsi ilə bağlı təşkil edilmiş seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan kafedra müdiri professor Sənubər Abdullayeva fərmandan irəli gələn məsələlərin icrası və onun nəticələri haqqında məlumat verib.
Sonra S.Abdullayeva “Mətbuat dilində ədəbi dilin qorunması”, Mehriban Əlizadə “Azərbaycan teleməkanında ədəbi dilimizin mənzərəsi”, Təranə İsmayılova isə “Azərbaycan teleradio məkanında ədəbi dil normaları” adlı məruzələrlə çıxış ediblər.
Həmçinin seminarda Filologiya fakültəsinin IV kurs tələbələri - Fatma Rəhimzadənin “Reklamlarda ədəbi dil normaları”, Əli Salmanovun “Saytlarda ədəbi dil normalarının tətbiqi məsələləri” mövzularında çıxışları və kafedranın dosenti Fikrət Şiriyevin təklifləri dinlənilib.
Çıxışlardan sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.