AZƏRBAYCAN DİALEKTOLOGİYASININ TƏDQİQİ VƏ TƏDRİSİNDƏ GÜLXANIM VƏLİYEVA İMZASI
2024-cü il oktyabr ayının 7-də tanınmış dilçi alim və peşəkar müəllim, uzun illər Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında Azərbaycan dialektologiyası fənnini tədris və tədqiq edən Gülxanım Qüdrət qızı Vəliyevanın 80 yaşı tamam olur.
Gülxanım Vəliyeva 7 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1953-1963-cü illərdə Bakı şəhəri 125 saylı tam orta məktəbdə, 1963-1968-ci illərdə isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra, bir müddət - 1968-1970-ci illərdə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1970-ci ildən taleyini Bakı Dövlət Universitetinin Türkologiya kafedrasına bağlayan Gülxanım müəllim burada müxtəlif vəzifələrdə (baş laborant, müəllim, baş müəllim, dosent) çalışıb.
Elmə marağı böyük olan G.Vəliyeva 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1990-ci ildə isə dosent elmi adını alıb. Elə həmin ildən indiyə qədər BDU-nun Türkologiya kafedrasının dosenti kimi fəaliyyətini davam etdirir.
Uzun illər BDU-nun Türkologiya kafedrasında dil tarixi və dialektologiya sahəsinə dair fənlərdən tədris və tədqiqat aparan Gülxanım Vəliyevanın fəaliyyətini bir neçə istiqamətdən dəyərləndirmək olar: zəhmətkeş alim, peşəkar müəllim və gözəl ziyalı.
Türkoloji dilçiliyin müxtəlif məsələlərinə dair araşdırmalarında aktual məsələlərə toxunan Gülxanım Vəliyeva öz imzası ilə seçilən alimlərimizdən biridir. Yaradıcılığında dil tarixi və dialektologiya məsələlərinə geniş yer ayıran alimin tədqiqatlarında xüsusilə Azərbaycan dilinin dialekt və şivələrinin öyrənilməsi aparıcı yer tutur.
G.Vəliyeva dialektoloq kimi. Dialektologiya dilçilik elminin xüsusi bir sahəsi kimi birbaşa xalqın milli yaddaşı ilə bağlıdır. Bu sahənin əsas cəhətlərindən biri də bu yöndə tədqiqat aparan mütəxəssisin, B.Çobanzadənin təbirincə desək, kabinet alimi olmamasıdır. Yəni bu elmlə məşğul olan tədqiqatçı ayrı-ayrı rayon, kənd və qəsəbələrə səfər edərək konkret dil – dialekt faktlarını toplamalı, sistemə salmalı və bundan sonra elmi görüşlərini qələmə almalıdır. Görünən budur ki, dialektologiya dilçiliyin mürəkkəb, eyni zamanda tarixi yaddaşı öyrənmək baxımından olduqca maraqlı sahəsidir. Onunla məşğul olan şəxslərdə həm də milli ruh, xalqına bağlılıq olmalıdır. Bu baxımdan milli-mənəvi dəyərlərimizə bağlı olan və görkəmli dilçi-dialektoloq Abdulla Vəliyev məktəbində yetişmiş Gülxanım Vəliyeva bu işin ağırlığını öz çiyinlərinə götürərək dialekt və şivələrimizin tədqiqi və tədrisinə böyük həvəslə yanaşmış, uzun illər əldə etdiyi mükəmməl elmi-pedaqoji təcrübə ilə Azərbaycan dialektologiyasına dair mühüm əsərlər qələmə almış və araşdırmaları elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmışdır. Alimin “Azərbaycan dialektologiyası” (dərs vəsaiti), “Azərbaycan dili şivələrinin sintaktik xüsusiyyətləri”, “Azərbaycan dili şivələrinin fonetik xüsusiyyətləri”, “Şivə frazeologiyası haqqında”, “Azərbaycan dili şivələrində mürəkkəb sifətlərin yaranma yolları haqqında”, “Azərbaycan dili şivələrində şəxs əvəzliklərinin hallanmasında fərqli xüsusiyyətlər”, “Dərbənd dialektinin bəzi morfoloji xüsusiyyətləri haqqında”, “Azərbaycan dili şivələrində say və onun mənaca növləri”, “Azərbaycan dili şivələrinin terminoloji leksikası”, “Ayrımlar və ayrım şivəsi haqqında”, “Ağızlarla ilgili Deyimlər Etnik Düşünçenin Tezahürü Gibi”, “Leksik qat dialektin əsas göstəricisi kimi” və s. dialektoloji tədqiqatları onun necə dialektoloq olması barədə biz oxucularda müsbət təəssürat yaradır. Bu elmi yazılarla tanış olanda görürük ki, Gülxanım Vəliyeva dialektologiyanın elə bir məsələsi yoxdur ki, ondan danışmasın, ona münasibət bildirməsin. Alimin bu istiqamətdə tərtib etdiyi dərs vəsaitləri, metodik göstərişlər və proqramlardan indi də müəllimlər və tələbələr sevərək bəhrələnirlər.
G.Vəliyeva türkoloq kimi. BDU-nun Türkologiya kafedrasında həm də dil tarixinə dair fənləri tədris edən G.Vəliyeva qədim və müasir türk dillərinin ayrı-ayrı məsələləri barəsində də əsərlər qələmə almışdır. Xüsusilə qədim türk dilinin tədrisi sahəsində kifayət qədər təcrübəsi olan Gülxanım müəllimin “Qədim türk dili” adlı dərs vəsaiti, həmçinin “Qədim türk yazılı abidələri” və “Türk əlifbaları (Türk yazısının tarixi)” fənlərindən hazırladığı proqramlar onun pedaqoji ustalığından xəbər verdiyi kimi, “Qədim türk yazılı abidələri və müasir türk dilləri”, “Göytürklərin bahadırı”, “Azərbaycan və türkmən dillərinin uyğun xüsusiyyətləri haqqında”, “Krımtatar və türk dillərinin leksik paralelləri”, “Oğuz qrupu türk dillərinin uyğun xüsusiyyətləri haqqında (Azərbaycan və türkmən dillərinin materialları əsasında)” və s. məqalələrini də türkologiyanın qiymətli örnəkləri hesab etmək olar.
Türkoloji dilçiliyin digər istiqamətlərində də öz qələmini sınayan Gülxanım müəllim seçdiyi mövzularda mühüm məsələlərə toxunmuşdur: “Dədə Qorqud” söykökümüz, dilimiz”, “Dilimizin cəfakeşi”, “Buzovna sözünün etimologiyası haqqında”, “Bir toponimin izi ilə”, “Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin mənbəyi kimi”, “Bədii əsərin və bədii dilin qüdrəti”, “Etnoqrafik səciyyəli bir türkizm haqqında”, “Tat dilinin leksik fondunun geneoloji təhlili”, “İlkin mənanın açılmasında etimologiya əsas mənbə kimi”, “İslam dəyərlərinin dildə təzahürü” və s.
Gülxanım Vəliyeva müəllim kimi. Gülxanım Vəliyevanın fəaliyyətinin ağırlıq mərkəzində, deyərdik ki, onun peşəkar müəllimliyi dayanır. 50 ildən çoxdur ki, BDU-nun Türkologiya kafedrasında pedaqoji fəaliyyətlə məşğul olan Gülxanım Vəliyeva tələbələrin ən dəyərli müəllimlərindən biri kimi sevilir və böyük minnətdarlıqla xatırlanır. Elmi və pedaqoji fəaliyyəti həmahəng olan bu gözəl xanım öz elmi görüşləri ilə tədris prosesini canlandırdığı kimi, auditoriyadakı tapıntılarını da elmi əsərlərinin tədqiqat obyektinə çevirməyi ustalıqla bacaran ziyalılarımızdan biridir. Gülxanım Vəliyeva cild-cild elmi əsərlərin müəllifi olmasa da, tələbələrinin və yetirmələrinin onun haqqındakı görüşlərini və təəssüratlarını əks etdirəcək fikirlərdən elə çoxcidli kitablar ərsəyə gətirmək olar. Bizcə, elə Gülxanım müəllimin şəxsiyyəti: ilk növbədə, onun müəllim portreti və ziyalı xanım kimi bənzərsiz keyfiyyətləri, bir sözlə, şərəfli alim və müəllim ömrü gələcək nəsillərə örnək ola biləcək bir ensiklopediyadır.
Görkəmli dilçi-dialektoloq Abdulla Vəliyev məktəbinin layiqli davamçısı olan, böyük filoloq alimlərimizdən dərs alaraq irs-varislik ənənələrinə xüsusi həssaslıq göstərən Gülxanım Vəliyeva şux qaməti, nurlu siması, səliqəli geyimi, insanı ovsunlayan söhbətləri və şən zarafatları ilə illərlə çalışdığı kollektivin sonsuz rəğbətini qazanmış, yüzlərlə tələbənin ürəyini fəth eləmiş, bir sözlə, özünəxas müəllim imici ilə yetirmələrinin qəlbində ömürlük taxt qurmuşdur.
Gülxanım Vəliyeva eyni zamanda gözəl ailə başçısı – ana və nənədir. Ömür-gün yoldaşı, tanınmış geoloq alim, mərhum Hüseyn Vəliyevlə uzun illər bərabər irəlilədikləri bu şərəfli yolda cəmiyyətimizə layiq iki qız övladı yetişdirmişdir. Bu ziyalı ocağında boy atan, alim və müəllim kimi yetişən qızları – Ülviyyə Hüseynova Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavindir, Jalə xanım isə AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışır. Gülxanım müəllimin nəticələri – gənc tədqiqatçılar İlahə və Səidə isə ali təhsilin doktorantura səviyyəsində öz təhsillərini uğurla davam etdirirlər.
Gülxanım müəllimi 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, övladlarına, nəvə və nəticələrinə xoşbəxt, firavan həyat arzulayırıq. Yubileyiniz mübarək, əziz müəllimimiz!
Pərvin Eyvazov, Ramil Bayramov
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri