Aşıq Pərinin fəaliyyətinə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrası nəzdində “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Azərbaycanın ilk qadın aşığı Aşıq Pərinin “Aşıq Pəri” İctimai Birliyinin qırx illik fəaliyyətində rolu” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən laboratoriya müdiri Almara Nəbiyeva bildirib ki, Azərbaycan aşıq yaradıcılığın formalaşma tarixini, onun genetik qaynaqlarını izləyərkən aydın olur ki, xalqımızın mədəniyyət tarixində qadın aşıqların xüsusi rolu olub. Onların yaradıcılığı, aşıq sənətinin inkişafında və zənginləşməsində xüsusi əhəmiyyətə mailkdir. Bu milli adət- ənənələri qoruyub saxlayan qadın aşıqlarımızdan biri də Aşıq Pəridir. Aşıq Pəri Azərbaycan aşıq şeirinin ən görkəmli nümayəndələrindən biri, qadın aşıq sənətinin isə yaradıcısı və banisidir.
Natiq qeyd edib ki, Aşıq Pərinin yaradıcılığının az hissəsi bizə gəlib çatıb. Əlimizdə olanları da diqqətlə nəzərdən keçirdikdə Azərbaycan aşıq poeziyasında öz yeri olan Aşıq Pərinin bədii portreti aydın görünür. XIX əsrin birinci yarısında yaşayıb-yaratmış klassik qadın aşıq şeirinin banisi Aşıq Pərinin həyat və yaradıcılığı bu gündə ustad aşıqlar tərəfindən yaşadılır. Aşıq Pərinin Tufarqanlı Abbasla, Aşıq Valehin Zərnigar xanımı ilə və başqalarının deyişmələrinə nəzər alsaq, qadınların aşıq şeirinin, eləcə də heca vəzninin inkişafında rolunu aydın görmək olar.
AMEA-nın Folklor İstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, dosent İlhamə Qəşəbova bildirib ki, Aşıq Pəri Qarabağ Aşıq mühitinin formalaşmasında mühüm rol oynamışdır: “Aşıq Pəri özündən sonra yaranan qadın aşıqlara bir stimul, təkan verir. Bunu hər yerdə etiraf etməliyik. Qəhrəmanlıq dastanlarımızdan da məlumdur ki, silah öncə kişilərin əlində olub, eləcə də saz. Aşığın güclü biləyi, bədahətən deməyə sözü, hər mühitin ritmik rəqsi, güclü yaddaşı və s. olmalıdır. Aşıq deyiş meydanına girəndə öz fitri istedadı ilə məclisi ələ almalıdır. “Kitabi-Dədə Qorqud” da Dədəm Qorqud məclisin sonunda boy boylayıb, soy soylayandan sonra hər zaman onlara yelpənə çalaraq onları döyüşə, mübarizəyə səsləyib. Amma bununla yanaşı qadında mütləq bilək imkanı olmalıdır. Qadın məclisdə yetişməlidir ki, sazın ortamında o saza qarşı özünü daxilən o gücdə hiss eləsin”.
“Aşıq Pəri” məclisinin sədr müavini Südabə İrəvanlı Kazımova öz çıxışında bunları qeyd edib: “Bizim “Aşıq Pəri” məclisinin çoxlu üzvləri var. Bizim ədəbi məclislə gənclərimiz və ölkəmizin istedadlı xanımları əməkdaşlıq edir. Məsələn, Ruhiyyə Qarabağlı özü yazır, özüdə ifa edir. Dərya xanımın da çox gözəl şeirləri var. Gördüyünüz kimi, bizim çoxşaxəli fəaliyyətimiz var”.
Elmi seminar müzakirələrlə yekunlaşıb.