Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib
Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü və “Lin Orph Music Band”-in dəstəyi ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Aprel döyüşlərinin hərb tariximizin şanlı səhifələrindən biri olduğunu deyib. O bildirib ki, Qarabağ Zəfərinin başlanğıcı hesab olunan Aprel döyüşləri erməni işğalında olan Azərbaycan torpaqlarının azad olunması üçün yeni bir mərhələnin əsasını qoydu. Bu baxımdan Aprel döyüşləri hərbi, siyasi, mənəvi və psixoloji əhəmiyyət daşıyırdı. Azərbaycan dünyaya göstərdi ki, hansı vasitələrlə olursa-olsun, öz ərazilərini düşməndən azad edəcək.
Tədbir bədii hissə ilə davam edib. Filologiya fakültəsinin I kurs tələbələri - Xəyalə Cövdətova, Səbinə Məmmədzadə və Sultan Əsədli Aprel şəhidləri - Pəncəli Teymurov, Vüqar Yusifov və Raquf Orucov barədə geniş təqdimatla çıxış ediblər. Filologiya fakültəsinin I kurs tələbəsi Zəhra Əliyeva Aprel döyüşləri ilə bağı ətraflı məlumat verib və müharibəyə həsr etdiyi şeiri səsləndirib.
Sonra “Lin Orph Music Band”-in üzvləri: Nihad Cəfərli “Yada sal məni”, “Azərbaycan” və Nigar Məhərrəmli “Cənab leytenant” mahnılarını ifa ediblər.
Sonda Filologiya fakültəsinin I kurs tələbəsi Pərvin Zamanova şeir səsləndirib və tədbirin mövzusuna həsr olunmuş videoçarxlar nümayiş olunub.