Anar Fərəcov yazır: “Bizim İslam MÜƏLLİM!”
(İslam Vəliyevin 85 illik yubileyinə)
Müəllimlik elə bir peşədir ki, hər insanın taleyinə uğurla yazılmır. Elə insanlar da var ki, məhz bu peşə üçün doğulub, müəllimlik elə bu insanların ruhuna, xarakterinə yazılıb. İslam müəllim də belə dəyərli ziyalılarımızdan biridir. O, öz şəxsi keyfiyyətləri, yüksək bilik və bacarığı, pedaqoji ustalğı ilə bütün tələbələrin sevimlisinə çevrilmiş, hər cəhətdən bu peşənin zirvəsinə qalxa bilmişdir.
İslam müəllim vəziyyətindən (şəxsi qayğıları olsa belə) asılı olmayaraq, daim pozitiv şəkildə auditoriyaya girər, tələbələri gülərüzlə qarşılayar, əhvalı yaxşı olmayanları şirin zarafatları ilə sevindirməyi bacaran bir MÜƏLLİMDİR. O, eyni qayğını həmkarlarına qarşı da göstərir. Onun haqqında yüksək fikirdə olan müəllimlərdən biri, Filologiya fakültəsinin dekanı, həmçinin tələbəsi olmuş Elçin müəllimin də bir fikrini yada salmaq istəyirəm. Həmişəki kimi İslam müəllim fakültəyə gəlirsə, mütləq dekanlığa girməli, hər kəsin əhvalını soruşmalı və bir zarafat edib üzümüzü güldürməlidir. Bir dəfə də eynilə İslam müəllim dekanlığa gülərüzlə daxil olub, xoş zarafatlarla bizdən ayrıldı. Və sonra Elçin müəllim belə bir ifadə işlətdi: “Görəsən, İslam müəllimdən inciyən, küsən bir insan varmı bu həyatda?! Belə insanın olacağına mən inanmıram”. Həqiqətən ağılasığmazdır İslam müəllimdən incimək, küsmək…
Bakı Dövlət Universitetinin (BDU) dosenti olan İslam Vəliyevin həyatının böyük bir hissəsi (48 il) Universitetlə bağlı olmuşdur. O, 1974-cü ildən BDU-nun Türkologiya kafedrasında çalışır. 1982-ci ildə dosent elmi adını alıb. Azərbaycan ədəbi dili tarixi, Azərbaycan dilinin tarixi qrammatikası, Əski Azərbaycan yazısı kimi fənləri tədris edir, həmin fənlər üzrə tədris vəsaitlərinin hazırlanmasında mühüm rolu olmuşdur.
İslam Vəliyev təkcə pedaqoji fəaliyyətlə kifayətlənmir, elmi fəaliyyətlə də məşğul olur. Azərbaycan dilinin tarixi üzrə ən yaxşı mütəxxəssislərdən biri sayılır. O həm respublika daxilində, həm xaricində bir neçə elmi konfransın iştirakçısı olmuşdur, indiyədək onlarla elmi məqaləsi, bir neçə metodik göstərişi və proqramı çap olunmuşdur.
İslam müəllim Universitetin ictimai həyatında da həmişə aktiv iştirak etmişdir və hal-hazırda bu fəaliyyət davam edir. 1990-1996-cı illərdə Filologiya fakültəsində axşam və qiyabi şöbələri üzrə dekan müavini, 1996-1999-cu illərdə BDU-nun qiyabi və axşam prorektorluğunda qiyabi və axşam təhsili şöbəsinin müdiri olmuşdur.
İslam müəllimə həm dövlət səviyyəsində, həm də universitet səviyyəsində həmişə diqqət göstərilir. O, Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, həmçinin BDU-nun 100 illik yubileyi münasibətilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Hər kəsin sevimlisi olan, fakültə əməkdaşlarının əksəriyyətinin müəllimi olmuş, tanınmış pedaqoq İslam Vəliyevi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıram.
Anar Fərəcov
BDU-nun Filologiya fakültəsinin dekan müavini