Ana dilimizə həsr olunmuş toplu nəşr edilib
“Ana dili milli varlığın təməli” adlı elmi araşdırmalar toplusu işıq üzü görüb. Toplunun tərtibçiləri və “Ön söz”ün müəllifləri BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı və Dr. İrəc İsmayıl, redaksiya heyətinin sədri isə professor Tofiq Məliklidir. Beynəlxalq Ana Dili Günü ərəfəsində çap olunmuş kitabda yer alan məqalələrdə (N.Cəfərov, T.Məlikli, F.Veysəlli, Q.Məhərrəmli, M.Abdullayeva, H.Zərbəliyev, A.Həsənqızı, A.Fərəcov və başqalarının yazılarında) Azərbaycan dilinin filoloji qatları, folklor qaynaqları, tarixi kökləri, türk dilləri içərisində yeri, o cümlədən siyasi statusu, çağdaş problemləri ilə bağlı məsələlər araşdırılıb. Topluya daxil edilən ayrı-ayrı məqalələrdə irəli sürülən fərqli fikir və mülahizələr, gəlinən qənaətlər kitabı yayına hazırlayan redaktorların deyil, müəlliflərin mövqeyini əks etdirir.
Ana dilimizin müxtəlif problemlərinə həsr olunmuş bu kitabın oxucular tərəfindən maraqla qarşılanacağına, mütəxəssislər və gənc tədqiqatçılar üçün faydalı olacağına inanırıq.