“Ana dili dərsliyimiz – “Vətən dili” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Ana dili dərsliyimiz – “Vətən dili” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Məruzəçi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova XIX əsrdə Azərbaycan dilində ilk dərsliklərdən biri olan “Vətən dili” (I hissə - Aleksey Çernyayevski (1882), II hissə - Aleksey Çernyayevski, Səfərəli bəy Vəlibəyov (1888) adlı dərs vəsaitinin yaranması səbəblərindən, o dövrdə Azərbaycana və dilimizin öyrənilməsinə maraqdan, dərsliyin hazırlanmasında müstəsna rolu olan Azərbaycan ziyalıları - müəllimlər S.Vəlibəyov və H. Qaradağinin xidmətlərindən söz açıb.
“Vətən dili”nin II hissəsinin K.D.Uşinskinin “Rodnoye slovo” dərsliyi əsasında qurulmasını tərtibçilər kitabın hazırlanmasında Həsənəliağa Xan Qaradağinin də xidmətlərini xüsusi qeyd ediblər.
Məruzəçi, haqqında danışdığı kitabın “Vətən dili” dərsliyinin I hissəsi 1910-cu ilə aid 7-ci nəşr nüsxəsi olduğunu bildirərək qeyd edib ki, bu günkü gün dərslik yazan müəlliflər bu kitabdan bəhrələnə bilərlər. I sinif şagirdləri üçün nəzərdə tutulmuş dərsliklərdə şəkillərin verilməsi vacibdir, kiçik ibrətamiz hekayələr, atalar sözləri, tapmacalar, uşaq şeirləri şagirdlərin təlim-tərbiyəsinə çox yaxşı təsir göstərə bilər.
Həmçinin “Vətən dili”nin Azərbaycanda yaşayan rusdilli vətəndaşlarımız və ölkəmizdən kənarda yaşayan insanlar üçün də lazımlı vəsait olduğu məruzəçi tərəfindən qeyd olunub. Məruzəçi əvvəlinci dərsdən sonuncu dərsədək kitabda verilmiş materiallara öz münasibətini bildirib, maraqlı dil faktlarını dinləyicilərin nəzərinə çatdırıb.
Sonra kafedra müdiri, professor M.Abdullayeva, dosentlər: R.Quliyeva, R.Mahmudova, Ə.Cavadov, İ.Şəmsizadə, Ş.Abdullayeva, S. Mustafayeva məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüb, M.Qurbanovanın çıxışını yüksək qiymətləndiriblər.