“Almas İldırımın sürgün həyatı və yaradıcılığı” mövzusunda elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Almas İldırımın sürgün həyatı və yaradıcılığı” mövzusunda elmi seminar keçirilib. Seminarda laboratoriya əməkdaşları ilə yanaşı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi Aygün Zəkiyeva və tələbələr iştirak ediblər.
Giriş sözü ilə çıxış edən laboratoriya müdiri, dosent Nəzakət Hüseynova seminarın mövzusunun əhəmiyyətinə toxunub, Almas İldırımın Azərbaycan milli istiqlal mücadiləsindəki rolu və mövqeyindən bəhs edərək, ədibin zəngin irsinin araşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyasının elmi işçisi Məhin Quliyeva Almas İldırımın ictimai-siyasi kimliyi, həyat və fəaliyyətinin maraqlı məqamlarına dair ətraflı çıxış edərək müfəssəl məlumat verib. Məruzədə Almas İldırımın sürgün həyatından, keçdiyi çətin həyat yolundan, Dağıstan və Türkmənistandakı pedaqoji fəaliyyətindən, yazdığı siyasi məqalələr, hekayələr, şeirlərdən bəhs edilib. Çıxışda şairin iki dəfə sürgün olunaraq İranda acınacaqlı vəziyyətdə yaşadıqdan sonra Türkiyəyə mühacirət etməsi və orada 17 illik mühacir həyatı haqqında geniş söz açılıb.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Laboratoriya müdiri Nəzakət Hüseynova, elmi işçi Samirə Məmmədova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Seminar müzakirələrlə yekunlaşıb.