“Almaniyada və İsveçdə türk dillərinin öyrənilməsi”
BDU-nun Filologiya fakültəsində “Türkoloji araşdırmalar” ETL-in təşəbbüsü ilə “Almaniyada və İsveçdə türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.
Filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramovun “Almaniyada türk dillərinin öyrənilməsi” adlı məruzəsində türk-alman əlaqələrindən, Avropada, xüsusilə bu ölkədə türk dillərinin öyrənilməsinə marağın yaranma səbəblərindən danışılıb. Qeyd olunub ki, türk və alman xalqları arasında tarixən müxtəlif istiqamətli əlaqələrin yaranması onlarda türk xalqlarının dillərinə, mədəniyyətlərinə, ədəbiyyatlarına marağın artmasına səbəb olub. Bu maraq sonradan peşəkar bir elmi fəaliyyətə çevrilib. Məruzəçi vurğulayıb ki, türk dillərinin öyrənilməsində almaniyalı türkoloqların müstəsna xidmətləri olub. V.Radlov, M.Müller, G.Dörfer, H.Kisslinq, V.Şott kimi alimlər türk dillərini müxtəlif aspektlərdən tədqiq edib, türkoloji ictimaiyyətin marağına səbəb olan elmi araşdırmalar aparıblar. Və bu gün Almaniya dünyanın aparıcı türkoloji mərkəzlərindən biri hesab olunur.
“İsveçdə türk dillərinin öyrənilməsi” adlı məruzə ilə çıxış edən Pərvin Eyvazov bildirib ki, türkologiyanın inkişafında Avropa ölkələrində fəaliyyət göstərən elmi mərkəzlər mühüm əhəmiyyət daşıyır. Avropalı alimlər türk xalqlarının dilləri, ədəbiyyatları və tarixinə xüsusi maraq göstərib, aparılan ardıcıl araşdırmalar nəticəsində mühüm mərkəz və məktəblər yaradıblar. Türkologiyanın inkişafına sanballı töhfələr vermiş ölkələrdən biri də İsveçdir. Bu mənada, elmi işin məqsədi türk dillərinin İsveçdə öyrənilməsi tarixini və buradakı türkoloqların fəaliyyətini araşdırmaqdır. İsveç-türk əlaqələrinin tarixindən söz açan məruzəçi burada türk xalqlarının tarixi, ədəbiyyatı və türk dilləri ilə bağlı aparılan müxtəlif araşdırmalar haqqında məlumat verib. Daha çox İsveçdə türkoloji dilçiliyin istiqamətlərinə toxunan P.Eyvazov F.İ.Stralenberq, H.Sköld, Q.Yarrinq, L.İohanson, B.Kollinder, Q.Rakett kimi tanınmış isveçli alimlərin elmi yaradıcılığının əsas mövzularından danışıb.
Sonra Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Tahir Əliyev, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Pərvin Bayramova və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüb, məruzəçilərə suallar ünvanlayıblar.