Akademik Tofiq Hacıyevə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında görkəmli türkoloq alim, “Şöhrət” ordenli, mərhum akademik Tofiq İsmayıl oğlu Hacıyevin anım günü ilə əlaqədar “Akademik Tofiq Hacıyevin elmi yaradıcılığında ilklər” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və magistrantları, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Tofiq Hacıyevin Azərbaycan elmi və təhsili tarixindəki yerindən, ölkəmizdə milli türkoloji düşüncənin inkişafında rolundan, 30 il BDU-nun Türkologiya kafedrasına rəhbərlik etməsindən, kafedranın Azərbaycanda türkoloji mərkəz hesab olunmasından, türkoloq-mütəxəssislərin yetişdirilməsindəki xidmətlərindən söz açıb.
Sonra kafedranın dosenti Qızılgül Abdullayeva “Akademik Tofiq Hacıyevin elmi yaradıcılığında ilklər” adlı məruzə ilə geniş çıxış edib. Məruzədə Azərbaycan dili tarixi məsələlərinin öyrənilməsində görkəmli alimin müstəsna xidmətlərindən, bu sahədə türkologiyada məktəb yaratmasından söz açılıb. Məruzəçi bildirib ki, T.Hacıyevin elmə gəlişi onu dilçi-dialektoloq kimi təqdim etsə də, dilçilik mühiti onu həm də elm aləminin aparıcı dil tarixçisi, öz yazıları ilə filologiyanın bütün sərhədlərini aşıb keçərək çoxşaxəli yaradıcılığa imza atan aparıcı bir türkoloq kimi qəbul edir. T.Hacıyev nə yazırsa yazsın, demokratik əhval–ruhiyyəli bu əsərlərin hamısında milli mənsubiyyətin ön plana keçməsi iliyinə qədər milli olan türkçü alimin milli kimliyini ortaya qoyur. Bütün yaradıcılığı boyu onu müşayiət edən milli kimlik T.Hacıyevin cəsarətlə bir çox ilklərə imza atması ilə nəticələnir. Normanın struktur-forma və funksional məzmun tərəfinə əsaslanaraq Azərbaycan ədəbi dili tarixini dəfələrlə dövrləşdirməsi, Azərbaycan dilinin mənşəyi ilə bağlı araşdırmalar apararaq dilimizin tarixinin çox qədimlərə getdiyini faktlarla əsaslandırması, yazı dövrünün yeni tarixi ilə bağlı qətiyyətli fikir söyləməsi, dil tarixi fənlərinin diferensiasiyasına reallıq gətirməsi, milli dilin başlanğıcı ilə bağlı yeni tarixi elan etməsi bunun faktik sübutudur.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçiyə suallar ünvanlanıb. Professor Elbrus Əzizov, professor Firuzə Ağayeva, dosent Afaq Məmmədova, elmi işçi Pərvin Eyvazov və başqaları məruzədə səsləndirilən tezislərə dair fikirlərini bildirib, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
Seminardan başa çatdıqdan sonra kafedra əməkdaşları II Fəxri xiyabanda akademik Tofiq Hacıyevin məzarını ziyarət edib, qəbri üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.