Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş L.Yelmslevin “Linqvistik nəzəriyyənin əsasları” kitabının təqdimatı keçirilib
BDU-nun Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının müdiri, millət vəkili, akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş görkəmli Danimarka dilçisi Lui Yelmslevin “Linqvistik nəzəriyyənin əsasları” kitabının təqdimatı keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, AMEA İ.Nəsimi adına Dilçilik İnstitunun və Azərbaycan Dillər Universitetinin dilçi alimləri, tanınmış ziyalılar, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmnmədov qonaqları salamlayaraq, BDU-da ümumi dilçilik akademik məktəbinin ənənələrindən, irs-varislik əlaqələrindən söz açıb, Nizami Cəfərovun rəhbərliyi dövründə kafedranın elmi həyatında baş verən canlanmanın gənclərin elmi olan marağının artmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Alimin tərcümə yaradıcılığına diqqət çəkən dekan bildirib ki, Liu Yelmslevin struktur dilçiliyin qlossematik hüdudlarını və üfüqlərini müəyyən edən bu əsər ilk dəfə Danimarka, sonra isə ingilis dillərində nəşr olunmuşdur. Əsərin Azərbaycan dilindəki hazırki nəşri isə rus dilindən tərcümədir.
Sonra söz akademik Nizami Cəfərova verilib. Tərcüməçi-alim görkəmli dilçinin elmi yaradıcılığı haqqında məlumat verib, kitabın tərcüməsinin Azərbaycan elmi ictimaiyyəti üçün mühüm maraq doğuracağına əminliyini ifadə edib. Bildirib ki, dahi Ferdinand de Sössürün “Ümumi dilçilik” kursunun nəşrindən sonra, dil haqqındakı elmin tarixində böyük bir hərəkat baş verib və onun əsas cəhəti strukturalizmin azı üç məktəbdən ibarət təzahürü idi ki, bunlardan biri də Kopenhagen qlossomatikası idi. “Qlossematikanın əsasları”nın bir çox mənalarda davamı sayıla bilən “Linqvistik nəzəriyyənin əsasları” kitabının məziyyətlərinə toxunan natiq L.Yelmslevin özünəməxsus metadil axtarışlarına münasibətini ifadə edib, bu baxışları Azərbaycan dilçilərinin metadili anlayışı ilə qarşılaşdırıb.
Təqdimatda çıxış edən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Dilçilik İnstitutunun şöbə müdiri, professor İlham Tahirov, Bakı Dövlət Universitetinin professorları Elbrus Əzizov və Tofiq Hacıyev, Azərbaycan Dillər Universitetinin professorları Azad Məmmədov və Adil Babayev, BDU-nun dosenti İsmayıl Məmmədov akademik Nizami Cəfərovun ümumi dilçilik və tərcümə sahəsindəki xidmətlərindən, o cümlədən yeni nəşrin dilçiliyimiz üçün mühüm hadisə olmasından danışıb, müəllifə uğurlar arzulayıblar.