Akademik Nərgiz Paşayeva və ya milliliyin beynəlmiləl üfüqləri
Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Nərgiz Paşayevanın həyatının (və taleyinin!) ən əlamətdar cəhəti, heç şübhəsiz, mənsub olduğu ailənin, nəslin yaradıcılıq "tərcümeyi-halı"nın yalnız davamçısı deyil, həm də inkişaf etdiricisi olmasıdır. Adətən, tarixi şəxsiyyətlər öz övladlarının timsalında, əgər belə demək mümkünsə, "dincəlməli" olurlar, ancaq Nərgiz xanım ədəbi-elmi şöhrəti Mir Cəlaldan başlayan ailənin elə intellektual nümayəndələrindən biridir ki, genişmiqyaslı fəaliyyətilə təkcə mənsub olduğu nəslə yox, eyni zamanda xalqına, dövlətinə böyük hörmət, nüfuz gətirmişdir. Atası akademik Arif Paşayevin, anası professor Aida İmanquliyevanın elmə xidmət ənənəsini Nərgiz xanım yeni tarixi şəraitdə (və yeni keyfiyyətdə!) davam etdirir.
Ədəbiyyatşünas-alim, təhsil qurucusu - müəllim, beynəlxalq səviyyəli ictimai xadim... Bütün bu özünəməxsus (və təkrarsız) məziyyətlərilə yanaşı, son dərəcə təvazökar, səmimi və qayğıkeş insan olan Nərgiz Paşayeva təsəvvürümüzdəki Azərbaycan ziyalısı obrazını zənginləşdirən şəxsiyyətdir.
O, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdkdən sonra təhsilini Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturada davam etdirmiş və 1987-ci ildə müdafiə etdiyi "Sabir novatorluğu" mövzusundakı namizədlik dissertasiyası ilə göstərmişdir ki, Azərbaycan ədəbiyyatşünaslığının klassiklərindən olan babası, professor Mir Cəlalın ən istedadlı varislərindən biridir.
Əlbəttə, Sabirin dühası yaradıcılığa başladığı illərdən həmişə böyük maraq doğurmuş, şairin vəfatından (və "Hophopnamə"nin 1912-ci ildə ilk nəşrindən) sonra milli ədəbi-ictimai həyatda onun şəxsiyyətinə xüsusi münasibət olmuşdur. Ona görə də ilk baxışda belə bir təsəvvür yarana bilərdi ki, Sabirdən yazmaq ya indiyə qədərkiləri bu və ya digər dərəcədə təkrar etmək, ya da sabirşünaslığa meydan oxumaqdır... Ancaq bunların heç biri, hər nə qədər elmdə ilk addımlarını atsa da, məhz ailədən, nəsildən gələn təcrübənin nəticəsi idi ki, Nərgiz xanımın istəklərinə uyğun gələ bilməzdi. Onun Sabir haqqında deməyə öz sözü vardı ki, bu həm də gənc ədəbiyyatşünasın Ədəbiyyat barədəki sözü olmalı idi.
"Sabirin novatorluğu" namizədlik dissertasiyası olaraq sovet dövründə müdafiə olunduğuna görə, təbii ki, sosializm realizmi ədəbiyyatşünaslığının tələblərindən çox da kənara çıxa bilməzdi. Ancaq istedadın hər hansı siyasi- ideoloji qadağalar hüdudunda da öz həqiqətini ifadə etməsi kimi hər hansı dövr üçün keçərli olan prinsip burada da özünü göstərdi. Tədqiqatda a) ideya-məzmun və b) üslub-forma olmaqla ədəbi novatorluğun iki müşahidə nöqtəsi əsas alınmışdır ki, hər ikisindən Sabirin dühası aydın görünürdü... İdeya-məzmun görüş dairəsinə 1) ənənəvi mövzu, yeni ictimai məzmun, yeni ideya; 2) vətəndaşlıq cəsarəti, inqilabi nikbinlik; 3) Sabir və klassik poeziya; formaya isə 1) dil, üslub və poetik vasitələrdə novatorluq; 2) klassik şeir şəkillərində yeniliklər; 3) Sabir şeirində ifşa üsulları daxil idi ki, hər iki istiqamət həm "Hophopnamə"nin verdiyi bilavasitə materialın, həm də Abbas Səhhət, Abdulla Şaiq, Əziz Şərif, Mir Cəlal, Cəfər Xəndan, Əkrəm Cəfər, Əziz Mirəhmədov, Abbas Zamanov, Məmməd Məmmədov, Tofiq Hacıyev, Xeyrulla Məmmədov, Tərlan Novruzov, Alxan Bayramoğlu kimi sabirşünasların ayrı-ayrı mülahizələrinin təhlili (və ümumiləşdirilməsi) əsasında mükəmməl interpretasiyasını tapmışdır.
Nərgiz Paşayeva namizədlik dissertasiyası kimi qələmə aldığı "Sabir novatorluğu"nu on ildən sonra (!) monoqrafiya kimi nəşr etdirərkən, əslində, mövzuya ideya-metodoloji baxımdan bir də qayıdaraq alim məsuliyyəti (və səmimiyyəti!) ilə etiraf etdi ki, sovet siyasi-ideoloji konyukturu ona da təsirsiz qalmamışdır. Bu etiraf nə qədər fərdi səciyyə daşısa da, əslində, bütün sovet sabirşünaslığı adından söylənən mülahizə olaraq da, görünür, az əhəmiyyət kəsb etmir... Müəllif monoqrafiyanın ön sözündə yazır: ""Hophopnamə"nin elmi şəkildə öyrənilməsinin zəngin və əlvan salnaməsi, onun artıq sabitləşmiş uğur və kəsirləri, klassik mərhələ və təmayülləri mövcuddur. Bu salnamədə son səhifələr "sosialist realizmi" ədəbiyyatşünaslığı ilə və onun adı ilə bağlı metodoloji stereotiplərlə səciyyələnir". Və əlavə edir ki, həmin "stereotip baxışın mahiyyəti xüsusilə qabarıq, ümumiləşmiş şəkildə şairin estetik idealı, cəmiyyət görüşləri, qəhrəman tipajı ilə bağlı mülahizələrdə meydana çıxır, yetmiş illik hakim və sürəkli tənqidi estetik ənənədə, Sabirdən mütləq "proletar şairi", "inqilabçı- demokrat" kimi danışmağa çalışan əksər müəlliflərin əsərlərində özünü göstərir".
Bu isə o deməkdir ki, Nərgiz Paşayeva artıq ilk ciddi tədqiqat işinin də aid olduğu sabirşünaslığa tamamilə yeni tənqidi mövqedən baxmağa ehtiyac duyur. Və prinsip etibarilə, sadəcə tənqidlə kifayətlənməyib yeni sabirşünaslığın kifayət qədər əsaslı müddəalarını da formulə edir. Onlardan biri budur ki, "şairin "xalq" anlayışında "Fəhlə" və "Əkinçi" obrazları mühüm yer tutur. Lakin həmin anlayış yalnız bu iki elementdən ibarət deyil. Bu anlamda ziyalının, xanın, bəyin, hətta ruhaninin də hərəsinin öz yeri, öz mövqeyi var. Bu vaxta qədərki "sosialist realizmi ədəbiyyatşünaslığı"nda isə Sabirin bədii tipajına daha çox məhdud və vulqar siyasi-sinfi meyar tətbiq olunmuş, hakim sosial təbəqəyə, həmçinin ziyalıya, ruhaniyə münasibətdə "Hophopnamə" amansız bir "ittihamnamə" kimi əkinçiyə, fəhləyə (proletara!) münasibətdə isə "mədhnamə" və "tərənnümnamə" kimi təqdim edilmişdir". Müəllif Sabirə konyuktur baxışın əksinə olaraq öz yeni (və konseptual!) münasibətini ifadə edərək yazır: "... Ümumiyyətlə, böyük poeziyanın, o cümlədən Sabirin "millət" obrazı millətin bütün ünsürlərindən ibarətdir. Şair heç zaman tam halda onlardan birini inkar, digərini təqdir etmir, əksinə, millətin bütövlükdə səciyyəsini açır və məhz vahid sosial orqanizmin - millətin bir parçası kimi onlara vulqar - sosioloji, məhdud - sinfi baxımdan yox, ümummilli, ümumbəşəri dəyər və meyarlar baxımından təhlil və qiymət verir". Və sabirşünaslıqda yeni konsepsiyanın müəllifi tamamilə haqlıdır ki, yalnız "üsyançı kəndli"dən və yalnız "proletar fəhlə"dən ibarət xalq və cəmiyyət timsalı şairin möhtəşəm "Millət" (hətta "islam" və "Turan") ideologiyasını kasıblaşdırardı, onu ifadə və təmsil eləməkdən çox uzaq olardı".
Heç şübhəsiz, Nərgiz Paşayeva bu cür metodoloji (və strateji) dəyər daşıyan mülahizələri ilə, bir tərəfdən, sabirşünaslığı keyfiyyətcə zənginləşdirirsə, digər tərəfdən, Sabirin ədəbi (və ideoloji!) şəxsiyyətini sinfi mübarizə və ya proletar şairi hüdudlarından çıxararaq layiq olduğu ümummilli (və ümumbəşəri) səviyyəyə yüksəldir:
"...Bədii "fövqəl - ideya" nı və fəlsəfi leytmotivi bu poeziyada da qədim kökdən, ənənədən gələn humanist-bəşəri və milli-maarifçi ideal təşkil edir. Şair həmişə və hər yerdə millətin (çox halda isə həm də türklüyün!) mövcud halını, tarixini və taleyini tam halda düşünmüş, ruhanilərin də, bəyin də, əkinçinin də, "ziyalı"nın da və əsnafın da nadanını, simasızını, milli şüurdan, əxlaqdan və şərəfdən məhrumunu lənətləyir, ifşa və ittiham edir, düzü, halalı, qeyrəti və ittihadı təmsil edən hər kəsi isə (silkindən və sinfindən asılı olmayaraq) tərənnüm edir və alqışlayır"... Tədqiqatçı belə bir doğru nəticəyə gəlir ki, "şairin bizim üçün bu gün də müqəddəs səslənən poeziyasının mərkəzində ən möhtəşəm obraz kimi fağır "fəhlə"nin, yoxsul "əkinçi"nın yox,.. milli ziyalının - Sabirin özünün daxili obrazı, mənəvi "mən"i canlanır"...
Əlbəttə, Sabiri bu cür yenidən kəşf etmək üçün "sosialist realizmi" kabusunun aradan qalxması, cəmiyyətdə demokratik (və milli!) əhval-ruhiyyənin bərqərar olması ilə yanaşı, "Sabir novatorluğu" müəllifi kimi ciddi mütəxəssis- ədəbiyyatşünasın, ümumən fəlsəfi düşüncə sahibinin yetişməsi də lazım gəlirdi. Və Sabirin novatorluğunun miqyasını duymaq, təsəvvür etmək üçün ilk növbədə gərək tədqiqatçının öz təfəkkürü, ruhu, ədəbi hadisəyə baxış üsulu novator olsun.
Nərgiz Paşayeva Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında - Mir Cəlal müəllimin kafedrasında bir müddət müəllim, baş müəllim, dosent vəzifələrində çalışdıqdan sonra Bakı Musiqi Akademiyasında Dil və ədəbiyyat kafedrasına rəhbərlik etdi. Və həmin illərdə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" mövzusundakı doktorluq dissertasiyasını yazıb 2004-cü ildə müdafiə elədi. Həmin müdafiənin iştirakçıları bu günə qədər xatırlayırlar ki, Nərgiz xanımın çıxışı, opponentlərin və şura üzvlərinin suallarına verdiyi cavablar xüsusilə o baxımdan son dərəcə mükəmməl idi ki, dissertantın, demək olar ki, hər bir mülahizəsi ədəbi faktlara, hadisələrə hərtərəfli nüfuzu ilə yanaşı, fəlsəfi siqləti ilə də seçilirdi... Elmi kluarlarda belə bir fikir çox tez-tez səslənir ki, mövzunun düzgün seçimi dissertasiya işinin uğurunun yarısıdır. Və bu seçimin düzgünlüyünü isə, görünür, mövzunun həqiqətən aktuallığı - müasir elmi-metodoloji problemlər səviyyəsində olması ilə bərabər, dissertantın bilik, bacarıq (və təbii ki, istedad) imkanlarına uyğun gəlməsi müəyyən edir.
Mövzu, hər şeydən əvvəl, məhz nəzəri aspektdən aktual idi, belə ki, müqayisəli-tarixi və sistem-struktur araşdırmalardan sonra, XX əsrin ortalarından etibarən, demək olar ki, bütün humanitar elmlərə antroposentrik metod sürətlə sirayət etməyə başlamış, digər metodları arxa plana keçirərək öz yeni təhlil üsullarını irəli sürmüşdü. Nərgiz Paşayevanın mövzusu Azərbaycan ədəbiyyatşünaslığında bu istiqamətdə ilk işlərdən biri, keyfiyyət tərəfini nəzərə alsaq, hətta birincisi idi.
Müdafiədən bir il əvvəl akademik Kamal Talıbzadənin elmi redaktorluğu ilə nəşr olunmuş monoqrafiya "İnsan bədii tədqiq obyekti kimi (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlanırdı. Əsərin ön sözündə müəllif yenə də özünəməxsus bir erudisiya, panoramlı bir təhkiyə tərzi ilə göstərir ki, "XX əsr Azərbaycan ədəbiyyatının başlıca mövzusunu müəyyənləşdirərkən biz, ilk növbədə, iki məfhum üzərində daha çox israr etməliyik: Xalq və İnsan. Bu iki məfhum bədii ədəbiyyat üçün heç bir zaman mücərrəd səslənməmişdir... XX əsrin bütün böyük sənətkarlarından söz açarkən, ilk növbədə, həmin sənətkarların öz əsərlərində nə dərəcədə, hansı səviyyədə Xalq və İnsan amilinə bağlı olduqları ön plana çəkilir". Lakin tədqiqatçı onu da nəzərə alır ki, burada söhbət hələ ki məsələnin ümumi qoyuluşundan, əgər belə demək mümkünsə, fundamental və ya kardinal təsəvvürdən gedir. Və məlumdur ki, Xalq və İnsan məfhum-amillərinin, yaxud obrazlarının istər ədəbiyyatda, istərsə də ümumən milli ictimai şüurda təzahürü hər dövrün, epoxanın tələblərindən irəli gələn olduqca rəngarəng sosial-mənəvi (və ideolji) şərtlərə əsaslanır. Məsələn, deyək ki, XX əsrin əvvəllərində - Sabirin, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin... dövründə Xalq, yaxud Millət amili aparıcıdır, həmin əsrin ortalarında - 60-cı, 70-ci illərdə İnsan önə çıxır, sonlarında isə Xalq (Millət) təəssübkeşliyi yenidən öz şərtlərini diktə etməyə başlayır... Ancaq bu da problemə lazımi analitik münasibət deyil. Çünki yenə də xeyli dərəcədə ümumi təsəvvürlər əsasında mühakimə yürüdülür.
Nərgiz Paşayeva müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki barədəki mülahizələrinə, tamamilə yerində olaraq, "müasir Azərbaycan ədəbiyyatı" anlayışının özünün dərki problemindən başlayır:
"Ədəbiyyatda humanist konsepsiya bədii-estetik fikrin inkişafı kontekstində izlənildikdə, araşdırıldıqda, təbii ki, yeni meyil və tendensiyaları görməmək mümkün deyil. Bu yeni meyil və tendensiyalar isə zamanın, gerçəkliyin, real həyatın özündən doğur"... Və hər cəhətdən təqdirəlayiqdir ki, müəllif sözügedən anlayışı hansısa mexaniki-xronoloji göstəricilərlə yox, məhz ideya-estetik meyarlarla təyin etməyə çalışaraq yazır ki, sovet hakimiyyəti illərində "İnsan adı, şərəfi, İnsan ucalığı kommunist ideologiyası çərçivəsində öz həqiqi məna və mahiyyətini itirmişdi. Bu ideologiya İnsanı mənəvi varlıqdan daha çox, maddi varlıq kimi, döyüşən, vuruşan, kollektiv təsərrüfat uğrunda mübarizə aparan, tikintilər ucaldan... ürəyinin döyüntülərindən (öz psixoloji aləmindən) deyil, çəkicinin zərbəsindən, sürdüyü traktorun səsindən bəlli olan fərd kimi tanınırdı. Fərd idi, amma kütlələrin içindən seçilməyən, ümumiyə qarışan bir fərd".
"İnsan bədii tədqiq obyekti kimi" monoqrafiyasının müəllifi "yeni ədəbiyyat"ın atributlarını müəyyənləşdirdikdən, "yeni ədəbi nəsl"in əsas nümayəndələri haqqında məlumat verdikdən sonra həmin nəslin (və ədəbiyyatın) səciyyəvi simalarından olan Elçinin yaradıcılığını fərqləndirərək göstərir ki, "biz nasir, dramaturq və tənqidçi Elçinin yaradıcılığı timsalında insan konsepsiyasının bədii və elmi həllini, yəni bu problemin Elçinin əsərlərində necə əks olunmasına aydınlıq gətirməyi əsas məqsəd kimi götürmüşük".
Monoqrafiyanın həmin əsas məqsədə çatmağa imkan verən çox mütəhərrik (və informativ!) quruluşu var. Əvvəlcə Azərbaycan bədii-estetik fikrində (və onun üzvi tərkib hissəsi olan Elçin yaradıcılığında) insan konsepsiyası araşdırılır ki, bu zaman məsələyə elmi-nəzəri proqram səviyyəsində yanaşmaqla həm dövrün ideoloji-estetik xarakteristikası, həm də yazıçının yaradıcılıq yolunu müəyyənləşdirəcək obyektiv və subyektiv amillər öyrənilir. Sonra Azərbaycan sovet ədəbiyyatının estetik-inzibati normaları və ya tələblərinə münasibətdə Elçinin ədəbi qəhrəman konsepsiyasının mahiyyəti ortaya çıxarılır... Və nəhayət, üç fəsildə, müvafiq olaraq, yazıçının nəsri, dramaturgiyası və ədəbi-tənqidi görüşləri əsasında onun ? mövzunun detallarına varılmaqla istər diferensiasiya, istərsə də inteqrasiya planında mühüm nəticələrə gəlinir.
Bu nəticələrdən biri odur ki, keçən əsrdə sovet ideologiyasının təsiri altında Azərbaycan ədəbiyyatı - nəsri, dramaturgiyası "bir sıra özəl xüsusiyyətlərini itirməyə başlamış, əvvəlki ənənələrə laqeyd yanaşmış"dır... "Ən faciəlisi o idi ki, sənətdə İnsan konsepsiyası da metamarfozaya uğrayır, ədəbiyyatda insan obrazı da məhz kommunist ideologiyasının prinsiplərinə uyğunlaşdırılırdı"... İkinci nəticəyə görə, "sənətdə humanist konsepsiya əllinci illərin axırlarında yenidən güclənməyə başladı və bu "əhya" prosesində 60-cı illər ədəbi nəslinin ən görkəmli nümayəndələrindən olan yazıçı, dramaturq Elçinin rolu xüsusi qeyd edilməlidir"... Üçüncüsü, Elçinin ədəbi qəhrəmanlarını "həm ictimai-sosial planda, həm də mənəvi-əxlaqi aspektdə qiymətləndirmək lazımdır. Çünki onların yaşadığı mühit, həyat şəraiti, ictimai aləmdə yeri və mövqeyi olduğu kimi, həm də özünəməxsus fərdi dünyası, psixologiyası, həyata, dünyaya öz baxışı var. Lakin bu iki aspekt - obraza bu iki yanaşma onların bütövlüyünü pozmur"... Dördüncüsü, "Elçinin qəhrəmanları işıqlı idealdan güc alır, mənəvi-əxlaqi prinsiplərə sadiq qalır, ən çətin məqamlarda da bu prinsiplərdən dönmürlər. Hətta zamanın şikəst etdiyi, dövrün eybəcər hala saldığı insanlar da o işığı, o mənəvi saflığı qoruya bilirlər"... Və nəhayət, daha bir nəticə də maraq doğurmaya bilməz ki, təkcə nəsri, dramaturgiyası ilə deyil, ədəbiyyatşünaslıq əsərləri ilə də Elçin İnsanın bədii- estetik dərki probleminin həllinə əvəzsiz töhfələr vermişdir. "Elçin nəsrində və dramaturgiyasında İnsan bütün mənəvi aləmi, bu aləmə məxsus dramatizmi ilə seçildiyi kimi, Elçin tənqidində İnsana münasibət də həmin prinsipdən gəlir. İnsan zəngin bir dünyadır. Bu fərdi, özünəməxsus dünyanı təsvir edərkən sənətkar əsl həqiqəti qələmə almalı, İnsanı canlı, təbii, real və inandırıcı təsvir etməlidir - bütün müsbət keyfiyyətləri və bütün mənfi cəhətləri ilə".
"İnsan bədii tədqiq obyekti kimi" monoqrafiyası, heç şübhəsiz, yeni müstəqil Azərbaycan ədəbiyyatşünaslığının (və ədəbi-fəlsəfi fikrinin!) ilk fundamental əsərlərindən biridir ki, müasir ədəbiyyat (və cəmiyyət, humanizm!..) probleminə həsr olunmuşdur. Əsər hər nə qədər ayrıca bir yazıçının - Elçinin yaradıcılığından bəhs etsə də, məzmun-mündərəcə baxımından 60-cı illərdən başlayan "yeni ədəbi nəsl"in, demək olar ki, bütün yaradıcılıq miqyasını əhatə etməkdədir.
Görkəmli tədqiqatçının daha bir neçə kitabı - "İnsan - obraz - ədəbiyyat", "Antik ədəbiyyat tarixi", "Dünya deyilən sənmişsən", "Səməd Vurğunun həyatı məktublarda" və s., eləcə də məqalələri yayımlanmış, elmi konfranslarda aktual mövzularda maraqlı məruzələr etmişdir. "Molla Nəsrəddin" jurnalının yenidən nəşri, "Səməd Vurğunun xatirələri", "Azərbaycan xalq çalğı alətləri" kataloqu kimi bir sıra çox mühüm layihələr də onun təşəbbüsü ilə həyata keçirilmişdir. Bu siyahıya Azərbaycan mədəniyyətində həmişə orijinal (və dəyərli) hadisə olaraq qiymətləndirilən, böyük şöhrət qazanmış bir təcrübəni - "Üns" bədii yaradıcılıq səhnəsini də əlavə etməliyik.
Nərgiz Paşayeva doktorluq dissertasiyasını müdafiə etdikdən az sonra yenidən doğma Universitetə qayıtdı. Və Mir Cəlal müəllimin kafedrasına rəhbərlik etməyə başladı... Əslində, bu, onun istedadının yeni imkanlarının üzə çıxması, gerçəkləşməsi demək idi... Yüksək intellekt, mədəniyyət, münasibətlərdə kübarlıq, işgüzarlıq, demokratik (və məhsuldar!) idarəçilik... Bütün bunlar tezliklə ona hörmət, ehtiram gətirdi. Azərbaycan Milli Elmlər Akademiyasının əvvəl müxbir, sonra isə həqiqi üzvü seçildi. Əməkdar elm xadimi fəxri adına layiq görüldü, "Şöhrət" ordeni ilə təltif olundu.
Mən bir neçə il Bakı Dövlət Universitetində Nərgiz xanımın sədrlik etdiyi Dissertasiya Müdafiəsi Şurasının üzvü olmuşam. Və görmüşəm ki, ümumi intellektual səviyyə, məşğul olduğun (əslində, həyatını həsr etdiyin) ixtisasın dərinliklərinə bələd olmaq, yüksək idarəçilik mədəniyyəti nə deməkdir... Bunun üçün Şura sədrinə nə səsini qaldırması, nə Şura üzvlərinə, nə də dissertanta öz yerlərini başa salması lazım gəlmirdi. Nərgiz xanım təkzibolunmaz məntiqi, harmonik səsi ilə öz mövqeyini, adətən, özünəməxsus təbəssümlə deyirdi, həm də sonda və ya xüsusi ehtiyac olduqda... Bu mövqe, bir tərəfdən, əsaslılığına, digər tərəfdən, ümumi fikri əks etdirdiyinə görə, əlbəttə, hər hansı mübahisəni həll etmək iqtidarında idi.
Ən maraqlı məqamlardan biri o olmuşdu ki, Nərgiz xanımın apardığı iclasda vaxtilə Universitetdə ona dərs demiş müəllimlərdən biri doktorluq dissertasiyası müdafiə edirdi. Və həmin müdafiədə müəllimə hörmət, tələbə ehtiramı nə qədər idisə, dissertasiya işinə (və dissertanta) qoyulan tələblər də o qədər idi. Ümumiyyətlə, Sədr Dissertasiya Şurasını mahir dirijorun böyük bir orkestri idarə elədiyi kimi idarə edir, hər bir iclasdan Şura üzvləri nəinki elmi məlumatlarını, hətta bütövlükdə elmi təfəkkürlərini yeniləşdirərək, əqli-zehni enerji alaraq çıxırdılar.
Nərgiz Paşayevanın elm, təhsil, mədəniyyət sahələrindəki səmərəli fəaliyyətinin bir mühüm sferası da, heç şübhəsiz, beynəlxalq əlaqələrdir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının yaradılması, eləcə də AMEA, BDU kimi mötəbər elm, təhsil müəssisələrində beynəlxalq əlaqələrə rəhbərlik etməsi onun xidmətləri sırasındadır... Ancaq bir xidməti barədə ona görə bir az təfsilatı ilə bəhs etməyə ehtiyac var ki, sözün həqiqi mənasında, tarixi səciyyə daşıyır. Bu, Böyük Britaniyada - Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin yaradılmasıdır.
Mərkəzin rəsmi saytında deyildiyi kimi, Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə Oksford Universitetində digər sahələrdə, elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətinə malikdir. Və Oksford Universitetinin tərtib və təsdiq etdiyi beş illik elmi-tədqiqat proqramı ilə işləyən Mərkəz kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərməklə yanaşı, Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intellektual birliyi ilə əlaqələr yaratmağa çalışır.
Əlbəttə, son yüz ildə Azərbaycanda həm Azərbaycan, həm də dünya elminin, mədəniyyətinin müxtəlif sahələri, xüsusilə humanitariyanı kifayət qədər dərindən öyrənən müəssisələr, qurumlar təşəkkül tapmışdır ki, xalqımız dövlət müstəqilliyi əldə etdikdən sonra həmin müəssisələrin, qurumların fəaliyyəti xeyli dərəcədə yeni məzmun-mündərəcə kəsb etməkdədir. Demokratiya, milli dəyərlərlə ümumbəşəri dəyərlərin dialektik vəhdətdə alınması, qloballaşan dünyanın çağırışlarına həssas yanaşılmaqla multikultural düşüncə prinsiplərinin rəhbər tutulması elmi-ictimai təfəkkürümüzün yüksəlişi üçün əsaslı metodoloji zəmin hazırlamışdır. Bununla belə, dünyanın böyük təcrübəyə malik universitetləri ilə yaxından əməkdaşlıq etmək, sözdə deyil, məhz işdə qabaqcıl, modern texnologiyaları mənimsəyib tətbiq eləmək, Azərbaycan həqiqətlərini bütün miqyası ilə dünyaya çatdırmaq bu gün dünənkindən daha çox tələb olunur. Ona görə də akademik Nərgiz Paşayevanın Oksford Universiteti kimi ali səviyyəli bir elm- tədris müəssisəsində Nizami Gəncəvi Mərkəzinin yaradılmasına, eləcə də ilk günlərdən başlayaraq uğurla, məhsuldar, öz fəaliyyət meydanını daha da genişləndirərək fəaliyyət göstərməsinə nail olması elmimiz, mədəniyyətimiz üçün həm fəxrdir, həm də böyük qürur duyacağımız ciddi nailiyyətlərin mənbəyidir. Dahi Nizaminin adını daşıyan (və bu adı özünün azərbaycanşünaslıq - qafqazşünaslıq araşdırmaları fonunda, yəni bizim zəmanəmiz üçün heç də az səciyyəvi olmayan populist mülahizələr, iddialarla deyil, elmin, intellektin, sözün geniş mənasında mədəniyyətin bilavasitə təzahürünün nəticəsi olaraq dünyaya yeni müstəvidə təqdim edən!) Mərkəz bəzi bədxahların mənasız təzyiqləri, dedi- qoduları ilə üzləşsə də, öz humanist missiyasını, heç şübhəsiz, layihə gücündə həyata keçirməklə şair-mütəfəkkirin yüz illərdir ki, yaşayan, şüurlara, hisslərə get- gedə daha çox qida verən ümumbəşəri ideallarına layiq işlər görür.
Mən Nərgiz xanımın Mərkəzin açılması barədə danışarkən dediyi bir fikri xatırlatmaq istəyirəm: dünyanın ən nüfuzlu Universitetində - Oksfordda belə bir Mərkəzin yaranmasında bizə Nizami Gəncəvinin ruhu da kömək oldu!.. Əlbəttə, bu bir mistika deyil, ürəkdən, milli (və insani) təəssübkeşliklə, xoş məram və məqsədlə görülən hər işin arxasında mütləq müqəddəs qüvvələr dayanır. Və onlar hər cür maneələri usanmadan, pessimizmə qapılmadan, cəsarətlə dəf etməyə ruhlandırır.
Əlbəttə, akademik Nərgiz Paşayevanın şəxsində Azərbaycan elmi ictimaiyyəti Oksford Universitetində belə bir Mərkəzin açılmasında nə qədər maraqlı idisə, həmin Universitetin elmin, mədəniyyətin qədir-qiymətini dərindən bilən, yüksək qiymətləndirən intellektual mühiti, xüsusən görkəmli şərqşünasları da o qədər maraqlı olmuş, atılan addımın uğuruna, perspektivliliyinə inanmışlar. Və bu məqamda professor Edmund Hersiqin, professor Robert Hoylandın adlarını hörmətlə çəkmək lazım gəlir.
Azərbaycan, Qafqaz qədim (və zəngin) etnik, sosial, dil, din, ədəbiyyat, incəsənət və s. tarixinə görə dünyanın ən unikal məkanlarından biri olmaqla, görünür, Oksford Universitetinin maraq (və tədqiqat) dairəsindən kənarda qala bilməzdi. Odur ki, Mərkəz yarandıqdan dərhal sonra müxtəlif istiqamətlərdə araşdırmalara başlanıldı ki, onların nəticələri barədə ictimaiyyətə artıq müəyyən məlumat verilmişdir.
Akademik Nərgiz Paşayeva tərcümeyi-halının (və taleyinin) Missiyasını uğurla davam etdirir. Və bu Missiyanın mahiyyəti Azərbaycan xalqına - onun dilinə, ədəbiyyatına, mədəniyyətinə sözün böyük mənasında Xidmətdən ibarətdir.
Nizami CƏFƏROV
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri