“Ailə və cəmiyyətin şəxsiyyətin formalaşmasında rolu” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında Biologiya fakültəsinin “Biotexnologiya” ixtisası üzrə I kurs, 704-cü qrup tələbələrinin fənn müəllimi Aytəkin Mirzəyevanın rəhbərliyi ilə “Ailə və cəmiyyətin şəxsiyyətin formalaşmasında rolu” mövzusunda elmi seminarı keçirilib. Elmi seminarda kafedra müdiri, professor İlhamə Hacıyeva və professor-müəllim heyəti iştirak edib.
Seminarda tələbələrdən Kamran Mustafazadə, Səfurə Eyvazlı, Nəzrin Mirzəzadə, Rüstəm Cəfərli, Nazilə Əliyeva, Fatimə İsgəndərova, Lamiyə Orduxanova və Yaqub Qədirov şəxsiyyətin insanın fərdi, psixoloji və sosial xüsusiyyətlərinin məcmusu olmasından, ailənin və cəmiyyətin insanın şəxsiyyət kimi formalaşmasındakı rolundan söz açıblar. İnsanın bir şəxsiyyət kimi formalaşmasında ailənin rolunun mühüm olduğunu vurğulayan tələbələr uşaqlıq illərindən başlayaraq ailənin maddi, mənəvi, psixoloji və emosional dəstəyini həmçinin övladına düzgün dəyərləri aşılamasının sağlam şəxsiyyətin formalaşması üçün vacibliyini qeyd ediblər. Çıxış edənlər onu da vurğulayıblar ki, insanın şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolundan başqa irsi faktorlar da böyük rol oynayır. Hər bir məruzəçi-tələbə öz çıxışında apardığı araşdırmanı faktlarla əsaslandırıb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, çıxışlar olunub. Sonda kafedra müdiri, professor İlhamə Hacıyeva tələbələrin hazırlığını yüksək qiymətləndirib, elmi seminarın təşkilinə görə fənn müəlliminə təşəkkürünü bildirib.