“Abdulla Qədiri və Rəşad Nuri Güntəkinin romanları” mövzusunda tələbə elmi seminarı
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Abdulla Qədiri və Rəşad Nuri Güntəkinin romanları” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən Filologiya fakültəsinin IV kurs tələbələri - Zərintac Şükürzadə görkəmli özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər" və "Mehrab əqrəbi" romanları, Səbinə İslamova isə Türkiyənin tanınmış yazıçısı Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü", "Qızılcıq dalları", "Damğa" romanları haqqında ətraflı danışıb, əsərləri ədəbiyyatşünaslıq baxımdan müfəssəl şəkildə təhlil ediblər.
Sonra Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Azərbaycan-Türkiyə və Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafından, bədii ədəbiyyat nümunələrinin tərcüməsindən söz açıb. O, mövzunun aktuallığına diqqət çəkərək, Rəşad Nuri Güntəkinin türk ədəbiyyatında, Abdulla Qədirinin isə özbək ədəbiyyatındakı mövqeyi barədə məlumat verib və tələbələrin çıxışlarını yüksək qiymətləndirib.
Daha sonra Filologiya fakültəsinin tələbələri - Hümbət Bədəlov, Validə Bayramlı, Fatimə Təhməzova məruzələrlə bağlı fikirlərini bölüşüblər. Elmi seminar müzakirələrlə yekunlaşıb.