“Abay Kunanbayevin sənətkarlığı”
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasında “Abay Kunanbayevin sənətkarlığı” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistrantları, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın professoru Firuzə Ağayeva bildirib ki, XIX əsr qazax maarifçilik məktəbinin aparıcı simalarından olan Abay Kunanbayev şair, nasir, tərcüməçi, bəstəkar kimi fəaliyyət göstərib. Əsl adı İbrahim olsa da, dünya ədəbiyyatı səhifələrinə adı sadəcə Abay kimi daxil olub. Atası Kunanbay böyük malikanələri olan iri feodal nəslindən idi. Abay qazax xalqı üçün bir sənətkar kimi çox işlər görüb. 200-ə yaxın şeirin, 3 poemanın müəllifi olub, rus və Avropa ədəbiyyatından çoxsaylı tərcümələr edib, bəzi tərcümələrinə isə musiqi bəstələnib.
Məruzədə qeyd olunub ki, şairin poemaları maarifçilik ideyalarının yayılmasında əsas mənbə olub. Bəstələdiyi musiqilərin bəziləri qazax milli musiqisi kimi fonda daxil edilib. Nizami Gəncəvinin yaradıcılığına dərindən bələd olub, rus və Avropa klassiklərinin əsərlərini böyük məhəbbətlə öyrənib. Abayın şeirləri Azərbaycan dilinə çoxsaylı tərcüməçilər tərəfindən tərcümə olunub, professor Pənah Xəlilov onun şeirlər kitabına ön söz yazıb. Son dövrlərdə (2022-ci ildə) şairin 45 etüddən ibarət olan “Qara sözlər” qəkliyyələri də dilimizə tərcümə edilib.
Natiq qeyd edib ki, 1995-ci ildə Qazaxıstanda Abayın yubileyi ərəfəsində Ulu Öndər Heydər Əliyev çıxışında bu fikirləri səsləndirib: “Abay, onun yaradıcılığı bütün bəşəriyyətə məxsus olduğu kimi, Azərbaycan xalqına da məxsusdur. Bizim ölkəmizdə Abayı sevir, onun əsərlərinə böyük hörmət və məhəbbət bəsləyirik”.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Seminar müzakirələrlə yekunlaşıb.