31 Mart Soyqırımı qurbanlarının xatirəsi yad edilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 31 Mart Soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ardınca soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin tarixindən, mart soyqırımının baş vermə səbəblərindən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ulu öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gördüyü mühüm işlərdən söz açıb. Bildirib ki, hər il 31 Mart Soyqırımının anılması, gələcək nəslin də bu tarixi hadisələri unutmaması üçün əlimizdən gələni etməliyik.
Tədbirdə 31 Mart Soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub, Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Şüşəxanım Vəliyeva və I kurs tələbəsi Aytac Salahlının çıxışları dinlənilib, Mehrəngiz Qurbanovanın ifasında şeirlər səsləndirilib. Çıxışlarda erməni vandalizminin tarixi, mart soyqırımı ərəfəsində Azərbaycanın ictimai-siyasi vəziyyəti, bu qanlı cinayət aktını doğuran səbəblər haqqında ətraflı məlumat verilib.