28 May – Müstəqillik Gününə həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri Əfsanə Surxaylı, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov və tələbələr iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca ölkəmizin suverenliyi və ərazi bütövülüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində əhəmiyyətli yer tutmasından, dövlət quruculuğunda ana dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, elm və təhsilə göstərilən xüsusi diqqət və qayğıdan söz açıb, tariximizin bu şanlı səhifəsinin tələbələr tərəfindən tədqiqi edilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib, seminarın işinə uğurlar arzulayıb.
Sonra Filologiya fakültəsinin tələbələri – TEC-in sədri Zəhraxanım Rəhimovanın “AXC dövründə dil quruculuğu”, Vüsalə Rizvanovanın “AXC dövründə ədəbiyyat” və Zəhra Həsənovanın “AXC dövründə məktəb və tədris məsələləri” mövzularında məruzələri dinlənilib.
Çıxışlardan sonra III kurs tələbəsi Səyahət Məhərrəmova Məmməd Arazın “Azərbaycan dünyam mənim” şeirini səsləndirib.
Sonda Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri Əfsanə Surxaylı tələbələrin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş çıxışlarını yüksək qiymətləndirib, gənclərin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.