28 May - Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə 28 May - Müstəqillik Günü və Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 28 May – Müstəqillik Gününün xalqımızın tariximizdə mühüm yer tutması haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi kimi yaranıb və 23 ay mövcud olsa da, bu şanlı səhifə milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Anar Fərəcov bugünkü Azərbaycan Respublikasının məhz Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu diqqətə çatdırıb, ölkəmizin müstəqilliyinin misilsiz sərvət olduğunu vurğulayıb. Həmçinin Üzeyir Hacıbəyli irsi haqqında söz açan dekan müavini onun həm musiqi, həm də filoloji irsində milli ruhun, azadlıq ideallarının və maarifçilik prinsiplərinin geniş şəkildə əks olunduğunu qeyd edib. O, bəstəkarın operalarında, publisistik yazılarında və satirik hekayələrində xalqın maariflənməsi və milli oyanış ideyasının əsas xətt təşkil etdiyini bildirib.
Filologiya fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Nəzrin Əliyeva Üzeyir Hacıbəylinin ədəbi-bədii irsi haqqında geniş məruzə edib, onun publisistik məqalələrində, xüsusilə satirik hekayələrində azadlıq, cəmiyyətin yenilənməsi və milli özünüdərk kimi mövzuların ustalıqla əks olunduğunu qeyd edib. Nəzrin Əliyeva Əmin Abid, Məhəmmədhüseyn Şəhriyar və Almas İldırım kimi klassik və mühacirət şairlərinin yaradıcılığından Vətən və azadlıq mövzusunda şeirlər səsləndirib, bu poeziyanın milli kimliyin formalaşmasındakı rolundan söz açıb.
Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə həm xalqımızın müstəqillik tarixi, həm də Üzeyir Hacıbəylinin Azərbaycan ədəbiyyatı və mədəniyyətində tutduğu mövqedən danışıb. O həmçinin Üzeyir bəyin böyük maarifçi və ictimai xadim kimi misilsiz xidmətləri haqqında da məlumat verib.
Tədbirin bədii hissəsində Filologiya fakültəsinin II kurs tələbəsi Validə Bayramlı Xalq şairi Zəlimxan Yaqubun “Ey ulu öndərin ulu dünyası” şeirini səsləndirib, 28 May - Müstəqillik Günü və Üzeyir Hacıbəyliyə həsr edilmiş videoçarxlar nümayiş olunub.