28 May – Müstəqillik Günü və Əhməd Cavad - 130
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə və Əhməd Cavadın 130 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin aparıcısı Ləman Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin himnimizlə bağlı fikirlərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamdan sitatları səsləndirdikdən sonra, görkəmli şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Müstəqillik Günü ilə Əhməd Cavadın yubileyini bir-birilə tarixi əlaqəsi olan mühüm hadisələr kimi dəyərləndirib. Bildirib ki, dövlət müstəqilliyimizin qurulmasında və tariximizin bu şanlı səhifəsinə gedən yolda Əhməd Cavadın misilsiz xidmətləri olub, öz yaradıcılığı ilə milli düşüncəsinin formalaşmasına ciddi təsir göstərib.
Sonra Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorları – Almaz Əliqızı və Vaqif Sultanlı görkəmli şairin həyatı və fəaliyyəti ilə bağlı ətraflı çıxış ediblər. Çıxışlarda Əhməd Cavadın şərəfli və məşəqqətli ömür yolundan, bədii yaradıcılığının təkcə ədəbiyyatımız üçün deyil, milli-mənəvi və dövlətçilik düşüncəsinin formalaşması baxımından əhəmiyyətindən, azərbaycanlı mühacirlərin şair haqqındaki görüşlərindən, dövlətimizin istiqlal mübarizəsinə verdiyi töhfələrdən bəhs olunub.
Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ə.Cavad şəxsiyyəti və yaradıcılığının Türk dünyasındakı yerindən, böyük şairin təkcə Azərbaycanın istiqlaliyyətinin deyil, həm də Anadolu və Türküstan xalqlarının azadlığının carçısı olmasından söz açıb, tədbirin təşkilatçılarına təşəkkürnü bildirib.
Tədbirin bədii hissəsində tələbələrdən Ülviyyə Orucova Ə.Cavadın “Gözəl qadın”, Samir Hacıyev “Nə yazım”, Fidan Mədətova “Ey Əsgər” şeirlərini səsləndirib, Ayşən Heybətli isə şairin sözlərinə bəstələnmiş “Şükriyyə” və “Çırpınırdı Qara dəniz” mahnılarını ifa edib.