27 Sentyabr - Anım Gününə həsr olunmuş “Unudulmazlar” adlı tədbir
BDU-nun Filologiya fakültəsində “BDU könüllüləri”nin təşkilatçılığı və “Lin-Orph” musiqi klubunun dəstəyi ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Unudulmazlar” adlı tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilən 44 günlük Vətən müharibəsində canlarından keçmiş gənclərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlardan bəhs edib. Bildirib ki, müharibədən sonrakı dövrdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə ayrı-ayrı vaxtlarda baş vermiş erməni təxribatlarının qarşısı uğurla alınıb, bu haqq-ədalət savaşında xalqımızın igid övladları öz canlarından keçiblər. Və bu tarixi uğura görə biz canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş qəhrəman oğullarımıza borcluyuq. Ötən il ölkəmizdə həyata keçirilən antiterror əməliyyatları zamanı əldə olunmuş növbəti tarixi qələbəyə toxunan Anar Fərəcov onu da diqqətə çatdırıb ki, bu müddətdə həmin ərazilərdə misilsiz işlər həyata keçirilib ki, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması bu baxımdan mühüm tarixi əhəmiyyət daşıyır.
Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Tahir Əliyev Vətən müharibəsi dövründə və ötən il antiterror əməliyyatları zamanı əldə olunan böyük Zəfərin tarixi əhəmiyyətindən bəhs edərək, bu qələbənin regionda yeni reallıqların təntənəsi olduğunu və ölkəmizin bölgənin güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət başçısının sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması bu tarixi qələbəyə verilən böyük qiymətdir.
Bakı Dövlət Universitetinin məzunu, şəhid Nicat Əhmədovun bacısı Lalə Zeynalova qeyd edib ki, Universiteti bitirdikdən sonra, 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Nicat əsgərlikdə rabitə bölüyündə qulluq edib. Sentyabrın 22-də – doğum günündə yaxınları onu görməyə gəlib, həmin günü ailəsi ilə birlikdə hərbi hissədə qeyd edib. Beş gün sonra Vətən müharibəsi döyüşləri başlayıb və Nicat da bu müqəddəs döyüşlərə qoşulub. Oktyabrın 8-i səhər saatlarında Füzuli istiqamətindəki döyüşlərdə şücaət göstərərək əbədiyyətə qovuşub.
Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva çıxış edərək bildirib ki, N.Orucov 2015-ci ildə hərbi xidmətdən ehtiyata buraxılsa da, 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunub. Oktyabrın 6-dan etibarən, I Tabor komandiri vəzifəsi ilə müharibədəki xidmətinə başlayıb. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşməni geri çəkilməyə məcbur qoyub, Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədini tam nəzarətə alıb. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunub və düşmənin artilleriya atəşi nəticəsində şəhadətə yüksəlib.
Tədbirdə Vətən müharibəsi şəhidləri - polkovnik-leytenant Nail Orucov və Nicat Əhmədov haqqında video-çarxlar nümayiş olunub, II kurs tələbəsi Hümbət Bədəlovun çıxışı dinlənilib, “Lin-Orph” musiqi klubunun üzvləri vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.