27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir
BDU-nun Filologiya fakültəsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcıların açılış nitqindən sonra 44 günlük Vətən müharibəsindən bəhs olunan videoçarx nümayiş etdirilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilən 44 günlük Vətən müharibəsində canlarından keçmiş gənclərimizin göstərdikləri igidliklərdən söz açıb. Bildirib ki, müharibədən sonrakı iki il ərzində işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılıb, ayrı-ayrı vaxtlarda baş vermiş erməni təxribatlarının qarşısı uğurla alınıb. Vətən müharibəsində qəhrəmanlıq göstərmiş fakültənin şəhid məzunu Kənan Məmmədovdan söz açan A.Fərəcov qeyd edib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış K.Məmmədov müəllimlərinin yaddaşında məsuliyyətli, dərslərinə ciddi yanaşan və mehriban bir tələbə portreti yaratmağı bacarıb. Bu gənc qəhrəman bundan sonra da həmişə dərin ehtiramla yad olunacaq, fakültəmizin hər bir müəllim və tələbəsi onun igidliyindən qürurla danışacaq.
Sonra Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rəhimə Əlipənahova, şəhid Kənan Məmmədovun tələbə yoldaşı Kamran Qaraşov Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, şəhid Kənan Məmmədov haqqında xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirilib, videoçarx nümayiş olunub.