27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilən 44 günlük Vətən müharibəsində canlarından keçmiş gənclərimizin göstərdikləri igidliklərdən söz açıb. Bildirib ki, müharibədən sonrakı üç il ərzində işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılıb, ayrı-ayrı vaxtlarda baş vermiş erməni təxribatlarının qarşısı uğurla alınıb. Ötən həftə ölkəmizdə həyata keçirilən antiterror əməliyyatları zamanı əldə olunmuş növbəti tarixi qələbəyə toxunan Anar Fərəcov onu da diqqətə çatdırıb ki, həmin uğurlu əməliyyatlardan sonra bu gün Qarabağın erməni əhalisi ilə aparılan müzakirələr də Prezident İlham Əliyevin sülhsevər diplomatiyasının daha bir təntənəsidir. Ümumiyyətlə, Qarabağda uğurla başa çatdırılmış aniterror tədbirləri regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açacaqdır.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Vətən müharibəsində əldə olunan böyük Zəfərin tarixi əhəmiyyətindən bəhs edərək, bu qələbənin regionda yeni reallıqların tənətənəsi olduğunu və ölkəmizin bölgənin güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Natiq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror tədbirləri nəticəsində Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərksilah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır. Və bu tarixi uğura görə biz canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş qəhrəman oğullarımıza borcluyuq.
Xanım Seyidzadənin aparıcılığı ilə keçirilən tədbirdə Filologiya fakültəsinin tələbələri – Dinara Rəsulova, Hümbət Bədəlov, Nuran Yaqubova, Selcan Həsənli, Aysu Türkel və başqalarının Vətən müharibəsinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii çıxışları dinlənilib, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Kənan Məmmədov və İsmayıl Məmmədovun ömür yolundan bəhs olunan videoçarx nümayiş etdirilib.