27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilən 44 günlük Vətən müharibəsində canlarından keçmiş gənclərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlardan bəhs edib. Bildirib ki, müharibədən sonrakı dövrdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə ayrı-ayrı vaxtlarda baş vermiş erməni təxribatlarının qarşısı uğurla alınıb, bu haqq-ədalət savaşında xalqımızın igid övladları öz canlarından keçiblər. Və bu tarixi uğura görə biz canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş qəhrəman oğullarımıza borcluyuq. 2023-cü ildə ölkəmizdə həyata keçirilən antiterror əməliyyatları zamanı əldə olunmuş növbəti tarixi qələbəyə toxunan Anar Fərəcov onu da diqqətə çatdırıb ki, 2025-ci ilin avqustunda ABŞ-da Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda sülhün və əmin-amanlığın bərqrərar olması baxımından böyük tarixi hadisədir.
Bakı Dövlət Universitetinin məzunu, şəhid Nicat Əhmədovun bacısı Lalə Zeynalova qeyd edib ki, Universiteti bitirdikdən sonra, 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Nicat əsgərlikdə rabitə bölüyündə qulluq edib. Sentyabrın 22-də – doğum günündə yaxınları onu görməyə gəlib, həmin günü ailəsi ilə birlikdə hərbi hissədə qeyd edib. Beş gün sonra Vətən müharibəsi döyüşləri başlayıb və Nicat da bu müqəddəs döyüşlərə qoşulub. Oktyabrın 8-i səhər saatlarında Füzuli istiqamətindəki döyüşlərdə şücaət göstərərək əbədiyyətə qovuşub.
Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov “Azərbaycan poeziyasında Qarabağ mövzusu” adlı məruzə ilə çıxış edib. O, müxtəlif dövrlərdə yazılmış şeirlərdən nümunələr gətirərək Qarabağın milli-mənəvi dəyərlərimizdəki yerini vurğulayıb.
“Dədə Qorqud” elmi laboratoriyasının müdiri Almara Nəbiyeva Vətən müharibəsi dövründə və 2023-cü il antiterror əməliyyatları zamanı əldə olunan böyük Zəfərin tarixi əhəmiyyətindən bəhs edərək, bu qələbənin regionda yeni reallıqların təntənəsi olduğunu və ölkəmizin bölgənin güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət başçısının sərəncamı ilə hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması bu tarixi qələbəyə verilən böyük qiymətdir.
Tədbirin bədii hissəsində qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Ardınca fakültənin II kurs tələbələri Pərvin Zamanova və Yaqut Tağıyeva vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Sonda fakültənin III kurs tələbəsi Leyla Nəbizadə “Ay Laçın” mahnısını ifa edib.