27 Mart - Elm Gününə həsr olunmuş seminar keçirilib
BDU-nun Filologiya fakültəsində 27 Mart - Elm Gününə həsr olunmuş seminar keçirilib. Türkologiya kafedrasında baş tutan seminarı giriş sözü ilə açan elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək, elmin inkişafına dövlət qayğısından, universitet əmədakdaşlarının elmi fəaliyyətlərinin stimullaşdırılması və gənclərin elmə cəlb olunması istiqamətində görülən işlərdən, fakültənin elmi uğurlarından söz açıb, bu sahədə qarşıda dayanan əsas vəzifələri diqqətə çatdırıb.
Türkologiya kafedrasının dosenti Səbinə Ağayeva “Çingiz Aytmatov yaradıcılığına bir nəzər” adlı məruzə ilə çıxış edərək sənətkarın ədəbi yaradıcılığı haqqında ətraflı məlumat verib. Çıxışda qeyd olunub ki, “Ç.Aytmatov xalqına qəlbən bağlı olan, onun keçmişinə, bu gününə və gələcəyinə biganə qalmayan görkəmli şəxsiyyətdir. Çünki Ç.Aytmatov dünyaya ərazisi və əhalisi kiçik, lakin tarixi və mədəniyyətinin qədimliyinə görə haqqı böyük olan qırğız elindən baxmaqla bir xalqın timsalında dünya ədəbi-bədii fikrinin zirvəyə yüksəlməsini təmin etmişdir. Ona görə də böyük qələm sahibinin mövzu və ideyasından aslı olmayaraq, hər bir əsəri dünya ədəbiyyatında yeni bir ədəbi hadisəyə çevrilmişdir. Ç.Aytmatov yaradıcılığı özünün spesifikasına, fərdiliyinə və s. xüsusiyyətlərinə görə daha çox fərqlənir. Adi həyat hadisələrinə, bu hadisələrin sadəliklərinə fəlsəfi münasibət, zirvədən müşahidə etmək və daxilən enmək bacarığı Aytmatov sənəti üçün xarakterikdir. Yazıçı istər tarixi, istərsə də müasir mövzulu əsərlərində insan taleyinə, insan maraqlarına geniş yer verir. Və bu maraqları daha çox bəşəri ideallara uyğunlaşdırır, diqqəti qeyri-insani, qeyri-bəşəri ehtiraslarla, əsl insan maraqlarının üz-üzə dayanması və toqquşmasına yönəldir”.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçiyə suallar ünvanlanıb. Professor Firuzə Ağayeva, filologiya elmləri doktoru Qızılgül Abdullayeva məruzə ilə bağlı fikirlərini bölüşüb, görkəmli yazıçının yaradıcılığında milli kimlik məsələsindən, əsərlərinin bəşəri əhəmiyyətindən danışıblar. Bildirilib ki, yazıçının bədii əsərlərində və ictimai nəşrlərində toxunulan, kütləvi informasiya vasitələrində işıqlandırılan məsələlər müxtəlif ölkələrin və cəmiyyətin müasir ideoloji həyatı üçün bu gün də xüsusi aktuallıq kəsb edir.
Sonda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Elm Günü ilə bağlı təşkil olunan elmi seminarın mövzusu və məruzədə səsləndirilən əsas tezislər haqqında fikirlərini bildirib, belə elmi seminarların gənc tədqiqatçıların formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb, iştirakçılara elmi fəaliyyətlərində uğurlar arzulayıb.