Məti Osmanoğlu yazır: «Yaddaşın qan sızan yarası...»
Müzəffər Ordumuzun şanlı qələbəsi sayəsində biz indi tariximizin tamamilə fərqli qütbündə yaşayırıq. Bu qələbə həm dövlətimizin və millətimizin qarşısında yeni üfüqlər açır, həm də insanlarımızın iç dünyasına, psixologiyasına intibah, yenidən doğuluş işığı salır.
Şanlı qələbəmiz yaddaşın qan sızan yaralarını unutdurmur, ona yeni məzmun və dəyər gətirir. Bu gün Xocalı faciəsi bir millətin başqa bir millətə qarşı törətdiyi məhdud əhatəli soyqırım hadisəsi kimi deyil, bəşəri dəyərlərə edilmiş amansız qəsd kimi qavranılır. Xocalı artıq yaddaşımızın daim qan verən yarasına çevrilib.
Bu yaranın ağrısına dözüb Qarabağı qəsbkarlardan xilas etmək isə bizim tarixi borcumuz və haqqımız idi..
Bu gün tərəddüdsüz deyə bilərik ki, Qarabağın azadlığı uğrunda Vətən müharibəsində bizi qələbəyə qovuşduran ən güclü amillərdən biri tükənməz enerji mənbəyi olan yaddaşımız, yaddaşın özündə hifz elədiyi əzəli dəyərlərə sədaqətimiz oldu...
Yaddaşın tərcümanı olan ədəbiyyatın, ümumiyyətlə, bədii söz sənətinin yaxın tariximizi özündə nə dərəcədə ehtiva və təqdim edə bilməsi ilə bağlı isə hadisəyə peşəkar yanaşma nöqteyi-nəzərindən müəyyən ritorik məqamlarla qarşılaşmaqdayıq:
- Xocalı və ümumiyyətlə, Qarabağ mövzusu ilə bağlı ədəbiyyatımızda ciddi əsərlər yarandımı?
- Bəs həmin əsərlər Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəsini, əzab və ağrılarını, 30 illik müharibənin əsl mahiyyətini tam əhatə edə bilirmi?
Birinci suala qətiyyətlə cavab verə bilərik ki, bəli, yarandı! Bunu həm nəşr edilmiş əsərlərin kəmiyyəti, həm də keyfiyyəti təsdiq edir.
İkinci suala isə birmənalı cavab vermək çətindir. Burada ədəbi təcrübə, bədii mətnə nəzəri münasibət, bədii zövq kimi amilləri də gözardı etmək mümkün deyil.
Mənə elə gəlir ki, tərəddüdün səbəbini yazıçılarımızın nə dərəcədə vətənpərvər olub-olamadıqlarında deyil, xalqımızın düçar olduğu 30 illik məğlubiyyət acısında, torpaq və yurd itkisinin yaratmış olduğu natamamlıq kompleksində axtarmaq daha doğru olar. Çünki məğlubiyyət, müqəddəs dəyərlərin itkisi daha çox kin, nifrət yaradır ki, bu da ədəbiyyatın əzəli missiyası ilə ziddiyyət təşkil edir.
Yəqin ki, Xalq şairi Ramiz Rövşənin “Xəyanət” kinopovestində xəyanətin anatomiyasını açmağa səy göstərməsi də insanların içinə çökmüş kini, hirsi, acığı ifadə etmək cəhdi idi.
Təpədən dırnağa hirs içindəyəm,
Dönmüşəm dustağa - hirs içindəyəm.
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz.
Bir çiçək qoxusu, bir quş qoxusu
Daha ürəyimə yol tapa bilməz... –
deyən Ramiz Rövşən yaradıcılığının ilk dövründə İkinci Dünya müharibəsinin ağrılarına həsr etdiyi əsərlərində "bir tərəfində adamın özünün, bir tərəfində ölümün, bir tərəfində də kəhər atın durduğu üçtərəfli-üçtərəfli dünyaları" məhəbbət və mərhəmət gözü ilə görüb göstərməyə cəhd etmişdi. Təbii ki, doğma yurd itkisinin hirsi içində dünyanı, dünyanın üstündəki "bir tərəfində adamın özünün, bir tərəfində ölümün, bir tərəfində də kəhər atın durduğu üçtərəfli-üçtərəfli dünyaları" məhəbbət və mərhəmət gözü ilə görmək çətindir.
Lakin bunu da inkar etmək olmaz ki, yeni tariximizin hərəkətverici qüvvəsi yalnız xəyanətdən ibarət deyil. Bizim hamımızın varlığından keçən bu tarix görünməmiş dərəcə dramatikdir, həmin dram isə üçtərəfli-dördtərəfli-beştərəfli dünyaları olan insan taleləri ilə doludur. Ona görə də xəyanətin xronikasını yaratmaqdan daha aktual olan vəzifə İNSANIN TALEYİNİ yaratmaq olmalı idi və olmalıdır!..
Diqqətlə baxsaq, Xocalı faciəsi və Qarabağ müharibəsi mövzusunda yazılmış ən gözəl əsərləri fərqləndirən başlıca cəhəti insanın taleyinə həssaslığın, torpağa və yurda olan sevginin ifadəsində daha aydın görürük. Bu baxımdan, Esmira Məhiqızının xəsis təfərrüatlarla qələmə aldığı şeirlər bəşəri faciənin ağrısını yaşatmaq baxımından daha təsirlidir.
Xocalı faciəsi deyəndə, yəqin ki, ilk olaraq hər kəsin gözü önündə Çingiz Mustafayevin lentə aldığı müdhiş mənzərə canlanır. Esmira isə Xocalı ağrısının təsvirini tamam başqa bir tablo ilə canlandırır. Donu zamana ilişib dayanmış – zamanı dayanmış qız uşağı, donun ilişdiyi yerdən cücərən payız kolu, kolun qupquru budaqlarına qonmuş boz sərçələr...
Müəllif Xocalıda qırılan tay-tuşlarının – o vaxt özünün yaşıdı olan, donları çil-çil, yanaqları gül-gül, saçları tel-tel qız uşaqlarının şəkillərini bizə bu fonda təqdim edir. Və özünü də pərən-pərən olmuş, biri də geri dönməyən o sərçəcik qızların sırasında görür:
Qızların gəlməyəcək, Şərqiyyə xala.
Mən də gələ bilməyəcəyəm,
donum payız koluna ilişib...
Bəlkə ürəyim bənövşə aça...
O qızların donları zamana ilişib qalanda – 1992-ci ilin fevralında yaddaşımızın Xocalı fəsli başlamışdı... Elə bu duyğuların təsiri altında Esmiranın şeirlərini oxuduqca “burnumuzdan laxta-laxta könlümüzün qırıqları tökülür”, “yer-yurd tikan-tikan ürək açır”...
Vətən Müharibəsində şanlı zəfərimiz bədii mətnin qavranılması ilə zaman və zamanın simasını müəyyənləşdirən hadisələr arasında funksional asılılıq olduğunu bir daha təsdiq etdi. Məsələn, Aqil Abbasın "Dolu" romanının Birinci Qarabağ müharibəsindən və İkinci Qarabağ müharibəsindən sonra oxucu-mətn münasibəti işığında təhlili mətn, oxucu və zaman münasibətlərindəki dəyişkənliyə aydınlıq gətirməyə imkan verir. "Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına" həsr olunmuş roman Qələbədən əvvəl qisasa çağırış kimi qavranılırdı.
Qələbədən sonra isə bu roman əfsanələri və lətifələri ilə birlikdə müharibə əleyhinə yazılmış ağı kimi səslənir. Bu ağını bütün şəhidləri öz balası yerində görən, hər gün qaçqın düşərgəsindəki Şəhidlər xiyabanını ziyarət edən, Prezident fərmanı ilə Milli Qəhrəman adı verilmiş oğlanın Anasının analıq duyğuları söyləyir.
Qələbədən əvvəl Ananın əlacsızlıqdan gözünü Türkiyəyə dikməsi, Türkiyədən ümid gözləməsi incə ironiya, göz yaşına bələnmiş gülüş kimi qavranılırdı.
Qələbədən sonra... romanı oxuyan oxucunun gözlərində İkinci Qarabağ müharibəsi günlərində ölkə boyunca yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları canlanır...
Yer adları yaddaşın zamanla dialoqunu qurmağa qadir olan ən maraqlı dil abidələridir. Müharibə yer adlarının da gizli saxladığı mənaları fəallaşdırdı, onların təyinatını özünə qaytardı.
Məsələn, Qırxqız yaylağı dünyanın dinc vaxtında məşhur bir mahnıda romantik sevgi ünvanı kimi anılırdı:
Gedək Qırxqız yaylağına,
Maral-ceyran oylağına,
Enək İsa bulağına,
Azərbaycan maralı...
Vətənin ölüm-qalım günündə isə Qırxqız yaylağının adı torpağın üstündə yaşayanlara uzaq keçmişimizin ismarladığı çağırışa çevrildi. Beləliklə, Ana Torpaq ona verilmiş adlarla, adların daşıdığı mənalarla, rəmzləri özündə qoruyan əfsanələrlə ayağa durub müharibədə iştirak etdi. Bu baxımdan, Zemfira Məhərrəmlinin «Qırx qızın qırx birincisi» hekayəsində Qırxqız dağı haqqında əfsanəyə müraciət etməsi mənəvi yenilməzlik dəyərlərinin canlandırılması, «işə salınması» kimi maraqlıdır: «Qədim zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər son nəfəslərinədək vuruşublar. Elin igid qızları da ox atmağı, qılınc oynatmağı bacarıblar. Bir gün qanlı savaşda qarı düşmən başı dəbilqəli xanımların da öz məmləkətinə yiyə çıxdığına heyrətlənmiş, onları əsir götürmək istəmişdi. Pusquya düşdüklərini anlayan qızlar özlərini dərin uçurumlara atmış, öz namus və heysiyyətlərini qorumuşdular. O vaxtdan bu dağa Qırxqız dağı deyirlər».
Bu əfsanəni yaradan və özündə saxlayan yaddaş bir-birini əvəz eləyən nəsillər arasında estafet rolunu oynadı. Adda yığılmış enerji zamanı gələndə hərəkətə gəldi və öz tarixi missiyasını yerinə yetirdi. Qırxqız əfsanəsi təhsilin, tərbiyənin, kitabın gördüyündən daha böyük iş gördü. Dar ayaqda düşmənə təslim olmağı deyil, ölümü seçən neçə-neçə namuslu qız-gəlin əfsanəni gerçəyə çevirdi...
Xocalı faciəsinin bədii ədəbiyyatda işıqlandırılmasının son dərəcə ehtiyat tələb edən cəhətlərindən biri də bu mövzunun uşaqlara təqdim edilməsidir. Səməd Vurğun İkinci Dünya müharibəsi zamanı yazdığı “Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı məqaləsində qeyd edirdi: “Bəzən bizim yazıçılarımız yeddi-səkkiz yaşında uşağa hərbi paltar geyindirir, tüfəng və patrondaş verir, onun böyründən bomba da asır, dilinə isə şüarlar verir: “Yaşasın azadlıq, yaşasın vətən, məhv olsun zalımlar və qəsbkarlar!” Bütün bunlarla biz uşaqlarımızda vətənpərvərlik və qəhrəmanlıq hissləri yarada bilmərik. Bu yolla yazılan əsərlər, şübhəsiz ki, uşaq təbiətini zorlamış olar, ona vətəni və xalqı sevdirə bilməz. Bunların əvəzində isə vətən torağının gözəl səhnələrini, ulduzlu axşamlarını, gözəl insanlarını həqiqi şeir dili ilə təsvir etsək, uşaq vətənpərvərlik sözünü eşitməsə də, öz vətəninə məftun olacaqdır. O, böyüdüyü zaman isə bu vətən təcavüz edənlərə qarşı amansız olacaqdır!”
Təəssüflər olsun ki, bizim müasir dərsliklərimizdəki mətnlərdə bu problem öz aktullığını saxlayır.
44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan gəncliyi Qarabağı nifrət və kin gücünə deyil, öz yurdumuza, vətənimizə, yaddaşımıza, yaddaşımızda yaşatdığımız dəyərlərimizə məhəbbət gücünə xilas elədi. Bu, həm də gəncliyimizin yiyələndiyi müasir elmin, intellektin, dünyanı heyrətə gətirən texnologiyanın və hərb peşəkarlığının qələbəsidir.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan, dünya və nifəri özünə qəbir qazan Ermənistan ictimaiyyətinə müraciətləri də kin və nifrətin deyil, humanizmin, insansevərliyin parlaq ifadəsi kimi tarixin yaddaşında qaldı.
Xocalı yarasından qan daman Azərbaycan uzun müddət dünyanın qapılarını intiqam deyil, “Xocalıya ədalət!” çağırışları ilə döydü. Ədalətin səsini eşitdirdi və ədalət zəfər çaldı!
Müharibə dövründə yeni zəmanənin əsatirinə çevrilən ən böyük abidələr türk ağlının məhsulu olan “Bayrakdar” İHA-larının yaratdığı oldu.
Bir də əslən Qarabağdan olan, müqəddəs torpaqlarımızın azadlığı uğrunda canından keçən Xudayar adında gəncin oxuduğu mahnı: “Vətən yaxşıdır!”
Heç şübhəsiz ki, qarşımızda açılan geniş üfüqlərdə qalib millət mövqeyini ifadə edəcək ədəbiyyatımız fərqli poetik rənglər və çalarlar qazanacaq, mənəvi varlığımızı bütün zənginliyi, incəlikləri ilə əks etdirəcək, yaşayıb şahidi olduğumuz tarixdəki təzadları, təzadlarla dolu insan xarakterlərini və talelərini göstərməkdən çəkinməyəcək.
Məti Osmanoğlu
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti