Görkəmli ədəbiyyatşünas alim Pənah Xəlilovun 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
BDU-nun Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi Pənah Xəlilovun 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən və yaradıcılıq istiqamətlərindən geniş söz açıb, əsərlərinin ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Türkologiya kafedrasının dosenti Kəmalə Nəcəfova, professor Firuzə Ağayeva, AMEA-nın Nizamı adına Ədəbiyyat İnstitutunun professoru Yaşar Qasımbəyli Pənah Xəlilovun elmi irsi haqqında geniş məruzə ilə çıxış ediblər. Məruzələrdə bildirilib ki, həyatını Bakı Dövlət Universitetinə bağlamış tanınmış pedaqoq ömrünü gənc nəslin təlim-tərbiyəsinə sərf edib, fəal elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə BDU rəhbərliyi tərəfindən mükafatlandırılıb. Elm və təhsil sahəsindəki xidmətləri nəzərə alınaraq 2001-ci ildə Pənah Xəlilova Əməkdar müəllim fəxri adı verilib. Çıxışlarda qeyd olunub ki, bir çox mühüm dərsliklərin və dərs vəsaitlərinin müəllifi olmuş P.Xəlilovun İki cildlik “SSRİ xalqları ədəbiyyatı”, professor Mir Cəlal Paşayevlə birlikdə yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, 1994-cü ildə “Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı” adı ilə nəşr olunmuş kitabları bu gün də alim və tələbələrin müraciət etdiyi dəyərli elmi mənbələrdir. Ümumiyyətlə, 20-dən çox kitabın, 300-dən artıq məqalənin müəllifi olan Pənah Xəlilov həm də bədii tərcümə sahəsində ciddi xidmətləri olan yaradıcı şəxsiyyətlərdəndir. İki tərcüməsi daha çox xüsusi əhəmiyyət kəsb edir ki, bunlardan biri M.Servantesin “Don Kixot” romanı, digəri də Herodotun “Tarix” əsəridir.
Daha sonra çıxış edənlər – Dünya ədəbiyyat kafedrasının müdiri, professor Cəlil Nağıyev, dosentlər – Nüşabə Sadıxlı, Kəmalə İslamzadə və Sultan Seyidova Pənah Xəlilovun elm və təhsil sahəsindəki mühüm xidmətlərindən, alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.