Akademik Muxtar İmanovun 70 illik yubileyi qeyd olunub
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik Muxtar İmanovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Görkəmli folklorşünas alimin elmi yaradıcılığının və Azərbaycan filologiyasına verdiyi töhfələrin müzakirə olunduğu tədbirdə fakültənin professor-müəllim heyəti, tanınmış alimlər və ziyalılar, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Muxtar İmanovun yarıməsrlik elmi fəaliyyətini təhlil edərək onun elmi-nəzəri və metodoloji yanaşmalarını xüsusi vurğulayıb. Qeyd edib ki, Muxtar İmanov yeni əsrin və minilliyin ilk illərində apardığı ardıcıl tədqiqatların nəticəsi olaraq «Azərbaycan folklorunda gülüşün genezisi və poetikası» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Əgər namizədlik dissertasiyasında ədəbiyyat nəzəriyyəsi əsas, folklorşünaslıq isə yardımçı mövqe tuturdusa, doktorluq işində folklor və mifoloji material ön plana keçir. Bununla belə, elmi-nəzəri aspekt bütün yaradıcılığı boyunca öz güclü mövqeyini qoruyur.
Elmi sessiyada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu “Ömrün təhkiyəsi” adlı məruzə ilə çıxış edib. Məruzədə alimin elmi irsinin mahiyyəti və onun dünya filoloji fikri ilə əlaqələri araşdırılıb. Qeyd olunub ki, Muxtar İmanovun tədqiqatlarında konkret faktların təsvirindən daha çox, bu faktların sistem halında təhlili və arxasında duran qanunauyğunluqların üzə çıxarılması əsas yer tutur. Məruzə müəllifi vurğulayıb: “Azərbaycan bədii düşüncəsi ilə dünya arasında körpü yaratmağa nail olmuş Muxtar İmanovun ömrü yalnız tərcümeyi-hal deyil, həm də bir elmi metodologiyanın zamanla qovuşmuş təhkiyəsidir.”
Sessiyada professorlar Cavanşir Yusifli, Cəlil Nağıyev, Vaqif Sultanlı, dosentlər İsmayıl Məmmədov, Etibar Talıblı və digər iştirakçılar akademik Muxtar İmanovun elmi yaradıcılığı barədə fikirlərini bölüşüblər.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov BDU-nun məzunu olan akademik Muxtar İmanovun Universitetin elmi mühitinə verdiyi dəyərli töhfələri yüksək qiymətləndirib, onun elmi yaradıcılığının gənc tədqiqatçılar və alimlər üçün əvəzsiz örnək olduğunu, həmçinin folklorşünas alimin elmi fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən də qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, ilk dəfə onun tədqiqatları ilə Azərbaycan yazılı və şifahi ədəbiyyatında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma predmetinə çevrilib, bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında əksini tapan, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilib.
Tədbirin sonunda akademik Muxtar İmanov çıxış edərək, Bakı Dövlət Universitetinin rəhbərliyinə və Filologiya fakültəsinin kollektivi̇nə dərin təşəkkürünü bildirib.