Fərhad Zeynalov 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad Şəhər Mədəniyyət Evində direktor işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1948-1953) və M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır (1953-1956). Orada onun elmi rəhbəri məşhur türkoloq N. A. Baskakov olmuşdur. Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – "Nitq hissələrinin təsnifat prinsiptləri" – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır. 1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir.[2] 1956-cı ildə filologiya elmləri namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1984-cü ildə vəfat etmiş və Ordubadda dəfn olunmuşdur.
Azərbaycanda türkolgiya məktəbinin yaradıcılarından olan Fərhad Zeynalov onun aktual problemlərinə, o cümlədən türk dillərində nitq hissələrinin təsnif prinsiplərinə, köməkçi nitq hissələrinə, türk dillərinin müqayisəli qrammatikasına, qədim türk yazılı abidələrinə dair tədqiqatların, 11 monoqrafiya, dərslik və tədris vəsaitinin müəllifidir. "Türkolgiyanın əsasları" (1981) adlı fundamental monoqrafiyasında o, türk dillərinin yeni təsnifini vermişdir. ADU-da türkoloji fənlərin və ixtisas kurslarının ("Türkologiyaya giriş", "Türk dillərinin müqayisəli qrammatikası", "Qədim türk yazılı abidələri") tədrisi, bu ixtisaslar üzrə tədris proqramlarının hazırlanması məhz onun adı ilə bağlıdır. Onun "Türkologiyanın əsasları" dərsliyi SSRİ miqyasında ilk belə təşəbbüs idi. Bu kitabın çapdan çıxması xeyli rezonans doğurdu, belə ki, o zamanlar türkologiya hələ təzə-təzə "antisovet" elmləri siyahısından çıxırdı.
Fərhad Zeynalov mətnşünaslıq sahəsində də çalışmış, S.Əlizadə ilə birlikdə "Kitabi-Dədə Qorqud" eposunun elmi-tənqidi mətnini geniş müqəddimə ilə tərtib etmişdir. "Kitabi-Dədə Qorqud və dünya şərqşünaslığı", "Dastani-Əhmədi Hərami – Azərbaycanın ən qədim ədəbi abidəsi", "Türk dillərində analitik yolla yaradılmış felin formaları" və s. elmi əsərləri türkologiyanın ən aktual problemlərinə toxunub. Ümumilikdə, 70-dən çox elmi əsərin, o cümlədən 20-yə yaxın monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Almaniya, Fransa və Macarıstanda çap olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
Əsərləri
Nitq hissələrinin təsnifat prinsipləri. Azərbaycan dilinin materialları əsasında, SSRİ Ali Təhsil Nazirliyi, 1957
Azərbaycan dilinin qrammatikası, Azərb. SSR EA nəşri, Baki, 1960
Müasir türk dillərində köməkçi adlar, ADU-in Elmi əsərləri.Dil və Ədəb. seriyası, 1963.
Müasir türk dillərində qoşmalar, Bakı, 1964
Müasir türk dillərində modal sözlər, ADU-in Elmi əsərləri. Dil və Ədəb. seriyası, 1965
Sözsonluqları leksik-qrammatik kateqoriya kimi, S.M.Kirov adına ADU-nun "Elmi təzkirələri",1966, №3
Türk dillərində modallıq kateqoriyası və onun ifadə üsulları, Sovet türkologiyası, 1970, №2
Türk dillərində sifətin kateqoriyaları, ifadə formaları, SSRİ təhsilinin 50 illiyinə həsr olunmuş konfransından tezis və məruzələr, 1972
Türkologiyaya giriş kursunun proqramı, Bakı, ABU nəşri, 1973
Türk dillərinin linqvistik terminlərinin müqayisəli lüğətinin hazırlanmasının zəruriliyi haqqında, Sovet türkologiyası, 1973, №4
Türk dillərinin müqayisəli qramatikası, h. 1-2, Bakı, 1974-75;
"Dastani-Əhməd Hərami" – Azərbaycan dilinin ən qədim ədəbi abidəsi, Sovet türkologiyası, 1975, №5
"Kitabi-Dədəd Qorqud" və dünya şərqşünaslığı, Təhsil nazirliyi, "Elmi əsərləri", 1976
Qıpçaq dialektlərinin özbək ədəbi dili ilə müqayisəli tədqiqatı, Azərbaycan SRİ-nin Ali və Orta Təhsil Nazirliyinin Elmi Təzkirələri, 1977,№З
Türk dillərində nitq hissələri problemi, Türkoloqiya kafedrası üzrə ixtisas kursu proqramları, Bakı, 1978
Oğuz-Selcuq abidələri və Azərbaycan dili, Təhsil Nazirliyi, "Elmi əsərləri", 1979
Qədim türk yazılı abidələri, ADU nəşriyyatı, 1980
Türkologiyanın əsasları, Bakı, "Maarif" nəşriyyatı, 1981
Şəyyad Həmzənin "Yusif və Züleyxa" poeması, Baki, 1982
Kitabi-Dədə Qorqud, Bakı, "Yazıçı" nəşriyyatı, 1983