Yusif Seyidov 1929-cu il mayın 2-də Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1944). İki-illik Naxçıvan müəllimlər institutunda təhsilini davam etdirmişdir (1944-1946). Sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1947-1952). Dilçilik ixtisası üzrə aspiranturada saxlanmışdır (1952-1955). "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1955). Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent (1955-1967), professor (1967-ci ildən) işləmişdir. "Müasir Azərbaycan dilində söz birləşmələri" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1965). Universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına əsası qoyulduğu ilk gündən rəhbərlik etmişdir (1965-ci ildən dünyasını dəyişənədək). Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışmış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk məqaləsi 1952-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunmuşdur. Rus dilli məktəblər üçün "Azərbaycan dili" dərsliyinin müəllifıdir.
Yusif Seyidov bir sıra məqalələrində, "Klassik Azərbaycan şairləri söz haqqında"(1977), "Yazıçı və dil"(1979),"Sözün şöhrəti"(1981), "Sözün qüdrəti"(1988), "Sözün hikməti"(1989) və s. kimi sanballı monoqrafiyalarında XI əsrdən başlayaraq müstəqillik dövrünə qədərki, təxminən min ilə qədər, Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini toplayıb sistemə salmış, ədəbi-tarixi ardıcıllıqla təsvir və təhlil etmiş, xalqın dilçilik, qismən də ədəbiyyatşünaslıq və estetik görüşlərinin yığcam salnaməsini yaratmışdır.
Yusif Seyidov elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli dərs vəsaitləri və dərsliklərin- "Müasir Azərbaycan dili"- (I h.-1959, II h - 1963); "Müasir Azərbaycan dili. IV hissə. Sintaksis"(1972, 1985, 2009) dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş "Azərbaycan dili" və "Azərbaycan dilinin qrammatikası. Morfologiya" kimi ali məktəb dərsliklərinin müəllifidir.
Böyük dilçi alim Yusif Seyidov Azərbaycan dili tarixinə dair də səmərəli tədqiqatlar aparmışdır: "Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi", "Dastani- Əhməd Hərami" haqqında bəzi qeydlər", "Kitabi- Dədə Qorqud"un dilində sadə cümlə (inkişaf səviyyəsi)", "Kitabi- Dədə Qorqud" dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi","Dövrün(XII- XIX əsrlər) şeir dilinə ümumi bir nəzər", "Ədəbi şəxsiyyət və dil" və s. məqalələri,habelə "Nəsiminin dili" monoqrafiyası ciddi müşahidə və axtarışların məhsuludur.
Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30- dan çox kitabın (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) müəllifidir. 18 noyabr 2013-cü ildə vəfat edib
SEYIDOV YUSİF MİR ƏHMƏD OĞLU
SEYIDOV YUSİF MİR ƏHMƏD OĞLU
Dilçi, professor