Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969)[1], baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969–1976), "Ulduz jurnalının baş redaktoru (1976–1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
1998-ci il avqustun 17-də vəfat etmişdir.