Ramiz Baxşəli oğlu Əskərov 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
1978–1983-cü illərdə Azərbaycan Radiosunda redaktor, 1983–1984-cü illərdə "Azərbaycan bu gün" jurnalının baş redaktoru, 1984–1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru, 1991–1993-cü illərdə "Hürriyet" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, 1993–1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi, 1994–1996-cı illərdə "XXI əsr" qəzetinin baş redaktoru, 1993–1997-ci illərdə "Yeni Forum" jurnalının Bakı təmsilçisi olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuşdur.
Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir.
Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).
Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilmişdir.[1]
15 yanvar 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ramiz Əskər 22 may 2024-cü ildə ürək xəstəliyindən dünyasını dəyişib
RAMİZ BAXŞƏLİ OĞLU ƏSKƏROV

RAMİZ BAXŞƏLİ OĞLU ƏSKƏROV
Dilçi, professor