Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində anadan olmuşdur.
O, 1958-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş, 1963-cü ildə filologiya üzrə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
1959-cu ildən Akademiyada əmək fəaliyyətinə başlayan alim Nizami adına Ədəbiyyat Dil İnstitutunun şöbə müdiri (1975-1981), elmi işlər üzrə direktor müavini (1981-1985), daha sonra direktoru vəzifələrində çalışmışdır. 38 monoqrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr, teatrşünaslıq, ədəbi tənqid və publisistika, estetika, mədəniyyətşünaslıq onun yaradıcılığının əsas istiqamətləridir. Bədii metod nəzəriyyəsi, Renessans və maarifçilik, cari ədəbi proses, ədəbiyyat tarixçiliyində, ədəbi tənqiddə analitik-nəzəri məktəb və üslub alimin yazdığı tədqiqatların əsas mövzu və problemlərini təşkil edir. Şərqdə realizmin genezisi, tipologiyası barədə fundamental nəzəri ideyalar ümumtürk miqyasında həmin problemlərin həllində elmi məktəb və təlim rolunu oynayıb. Azərbaycanda milli ədəbi tərəqqinin inkişafı, mərhələ təsnifi və bədii tipologiyası haqqında yeni konsepsiya da ilk dəfə alimin «Tarix: yaxından və uzaqdan» (1996) kitabında irəli sürülmüş və «Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər» (2002) kitabında elmi həllini tapmışdır. Bu məsələlər, həmçinin «Faciə və qəhrəman» (1965), «Azərbaycan realizminin mərhələləri» (1980), «Meyar - şəxsiyyətdir» (1988), «Min ilin sonu» (2002) və s. kitablarında öz həllini tapıb.
«Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları» problemi üzrə Əlaqələndirmə Şurasının (1985-2002), Ədəbiyyatşünaslıq üzrə müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, bir sıra elmi və bədii şuraların üzvü olmuşdur. Çingiz Aytmatov Akademiyasının, Atatürk Araşdırmalar Mərkəzinin, Şəhriyar Konqresinin üzvü seçilmişdir.
Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1982), Azərbaycan Dövlət Mükafatı, «Məmməd Araz», «Həsən Turabov» mükafatları almış, «Əmək rəşadətinə görə» medalı ilə təltif olunmuşdur.
AMEA-nın müxbir üzvü Yaşaq Qarayev 2002-ci il avqustun 25-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.