Nəbiyev Azad Mövlud oğlu (20 aprel 1945, İkinci Nügədi, Quba rayonu – 13 fevral 2012, Bakı) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1980), professor (1981), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).
Azad Nəbiyev 1945-ci il aprelin 20-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır (1963–1967). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır (1967–1974). "Gənclik" nəşriyyatında redaksiya müdiri (1974–1976), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır (1976–1989). Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri olmuşdur (1992–2000). Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir (1997). Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvü olub (1998-ci ildən ölümünə qədər).
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1972). "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1980). İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr etmişdir. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir