Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu il sentyabrın 19-da Şamaxı şəhərində anadan olmuşdur. 1931-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda, 1943-cü ildə Azərbaycan Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri idi. Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. O, bir müddət filologiya fakültəsinin dekan müavini, Azərbaycan Dövlət Universitetinin elmi hissə üzrə prorektoru, 1949-cu ildə Azərbaycan SSR EA Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA ictimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləmişdir.
M.Ə.Şirəliyev 1941-ci ildə "Bakı dialekti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi dəyərini nəzərə alaraq, 1943-ci ildə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. M.Ə.Şirəliyev 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. 1962- ci ildə ona Əməkdar elm xadimi adı verilmişdir. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.
M.Ş.Şirəliyev türkologiyada, o cümlədən, Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə "Azərbaycan dilinin dialektoloji atlası" tərtib və nəşr edilmişdir. Keçmiş Sovet İttifaqı məkanında yaşayan türk dillərinin dialektoloji atlaslarının tərtibinə rəhbərlik də M.Ş.Şirəliyevə tapşırılmışdır.
M.Ş.Şirəliyevin Azərbaycan milli dilinin, Azərbaycan ədəbi dilinin tarixini öyrənmək sahəsində də xidmətləri böyükdür.
Məlum olduğu kimi, akademik M.Şirəliyev əsasən türkologiya, onun maraqlı sahələrindən biri olan dialektologiya ilə məşğul olmuşdur. Lakin bu o demək deyildir ki, M.Şirəliyev Azərbaycan dilinin başqa sahələri ilə məşğul olmurdu. Alimin professor M.Hüseynzadə ilə birgə yazdığı "Azərbaycan dilinin qrammatikası. Sintaksis" dərsliyi yarım əsrə yaxın dövriyyədən çıxmamışdır. M.Şirəliyev eləcə də Azərbaycan dilinin morfologiya, orfoqrafiya, orfoepiya, əlifba, terminologiya, durğu işarələri, üslubiyyat, nitq mədəniyyəti, türkologiyanın nəzəri problemləri və s. tədqiqatların, monoqrafiyaların müəllifidir. Alimin "Azərbaycan dili orfoepiyasının əsasları" əsəri bu gün də aktuallığını itirməmişdir. Bununla belə, deməliyəm ki, taledən ona hər alimə qismət olmayan pay düşmüşdü. M.Şirəliyev daha çox Azərbaycan dialektologiya elminin banisi və dialektologiya məktəbinin yaradıcısı kimi şöhrət qazanmış, türkologiya tarixində öz layiqli və əbədi yerini tutmuşdur. Təsadüfi deyildir ki, hələ 1945-ci ildə SSRİ EA-nın müxbir üzvü N.Dmitriyev yazmışdır: "M.Şirəliyevi çəkinmədən Azərbaycan dialektologiyasının banisi adlandırmaq olar".
Akademik M.Şirəliyevin "Bakı dialekti", "Azərbaycan dialektologiyasının əsasları", təkmilləşdirilmiş nəşri, "Azərbaycan dilinin dialekt və şivələri" (rusca), türkoloqların ən çox bəhrələndiyi əsərlər olub. Dialektologiyanın mövcud nəzəri məsələləri bütövlükdə bu əsərlərdə öz əksini tapıb.
Akademik M.Şirəliyev Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş fundamental "Azərbaycan dialektologiyasının əsasları" əsərində türk dillərinin dialektlərinə dair o vaxta qədər yazılmış əsərlərdən fərqli olaraq, ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə etmiş, Azərbaycan dili dialekt və şivələrinin təsnifini vermiş, özünün şəxsən iştirak etdiyi dialektoloji ekspedisiyalar zamanı toplanan faktiki materiallar əsasında ümumiləşmələr aparmış, Azərbaycan dili dialekt və şivələrinin 4 qrupa: şərq, qərb, şimal, cənub qruplarına bölündüyünü inkarolunmaz faktlarla isbat etmişdir. Alim Azərbaycan dialektlərini belə müəyyənləşdirmişdir: Quba, Bakı, Şamaxı (şərq qrupu), Qazax, Qarabağ, Gəncə (qərb qrupu), Şəki (şimal qrupu), Naxçıvan, Ordubad, Təbriz (cənub qrupu). Bu kitabda Azərbaycan dili dialekt və şivələrinin fonetik, leksik və qrammatik xüsusiyyətləri tam əhatə olunur. Onu da deyək ki, son vaxtlar aparılan tədqiqatlar göstərir ki, Dərbənd dialekti də şərq qrupuna daxildir.
Maraqlıdır ki, hələ 1941-ci ildə M.Şirəliyev rus dilində çap etdirdiyi bir məqaləsində ilk dəfə olaraq Azərbaycan dialektlərinin təsnifini coğrafi prinsip əsasında aparıb və bu bölgü sonralar, 1959-cu ildə YUNESKO-nun "Fundamental turcica" əsərində öz əksini tapıb. Akademik M.Şirəliyevin türkologiyada ilk dəfə dialekt və şivələrin təsnifinə dair bölgüsü türkoloqlar tərəfindən qəbul olunmuşdur. Bu münasibətlə görkəmli qazax dilçisi Ş.Sarıbayev yazırdı: "Qazax dialektologiyasında mübahisəli məsələlər çoxdur. Onların biri dialektlərin təsnifidir. Bu məsələnin türkoloji aləmdə obyektiv yolunu Azərbaycanın görkəmli türkoloqu M.Şirəliyev müəyyənləşdirmişdir". Akademik M.Şirəliyevin ən böyük xidmətlərindən biri də türkologiya tarixində ilk olaraq "Azərbaycan dilinin dialektoloji atlası"nı yaratmasıdır. M.Şirəliyevin təşəbbüsü, rəhbərliyi və iştirakı ilə hazırlanan atlas türkoloji aləmdə bu sahədə atılan ilk və uğurlu addımdır. Məhz buna görədir ki, başqa türkdilli xalqlar dialektoloji atlaslarını tərtib edərkən Azərbaycan dialektoloqlarının təcrübəsinə əsaslanırdılar. Türkmənistan EA-nın prezidenti, akademik P.Əzimov bu münasibətlə yazırdı: "Türkmənlər dialektoloji atlasın tərtibi işlərini M.Şirəliyevin məktəbindən əxz etmişlər". Qeyd etmək lazımdır ki, türkologiyada dilçilik coğrafiyasının əsasını qoyan da akademik M.Şirəliyev olmuşdur. Bu baxımdan Ural-Altay cəmiyyətinin sədri İ.Qunnarın fikri maraq doğurur: "Türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi sahəsində M.Şirəliyevin xidmətləri danılmazdır".
Akademik M.Şirəliyevin türkologiya sahəsində gördüyü qlobal işləri, Bakını türkoloji mərkəzə çevirməsini tanınmış türkoloqlar görür və yüksək qiymətləndirirdilər. "Voprosı yazıkoznaniya" jurnalında (¹5, 1967) "Keçən 50 il ərzində Sovet İttifaqında dilçiliyin inkişafı" adlı baş məqalədə qeyd edilirdi ki, sovet dövründə türk dilləri dialektlərinin tədqiqində əldə edilmiş nailiyyətlərdə akademik M.Ş.Şirəliyevin böyük xidmətləri olmuşdur.
Görkəmli alimlərin M.Şirəliyev haqqında yazdıqlarını toplasaq, bir kitaba sığmaz. Türkoloqlar arasında akademik M.Şirəliyevin nüfuzu o qədər böyük idi ki, 1970-ci ildə SSRİ EA-nın Rəyasət Heyətində "Sovetskaya turkologiya" jurnalının nəşri və baş redaktor məsələsi müzakirə olunanda SSRİ Türkoloqlar Komitəsinin sədri, akademik A.Kononov və SSRİ EA-nın Ədəbiyyat və dil bölməsinin katibi, akademik M.Xrabçenkonun jurnalın Bakıda çıxmasını və baş redaktor vəzifəsinə akademik M.Şirəliyevin namizədliyini dəstəkləməsi təsadüfi deyildi. Həqiqətən də M.Şirəliyev sovet türkologiyasının inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Təkcə Azərbaycanda professorun rəhbərliyi ilə 10 elmlər doktoru (akademik A.Axundov, AMEA-nın müxbir üzvü T.Hacıyev, professorlardan M.Rəhimov, M.Adilov, R.Məhərrəmova, Ə.Mahmudov, İ.Məmmədov və başqaları), 50-dən artıq elmlər namizədi yetişmişdir.