KƏRİMLİ TEYMUR HƏŞİM OĞLU

KƏRİMLİ TEYMUR HƏŞİM OĞLU

KƏRİMLİ TEYMUR HƏŞİM OĞLU

Ədəbiyyatşünas, AMEA-nın həqiqi üzvü

Akademik Teymur Həşim oğlu Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunda orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur. 
Teymur Kərimli otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərmişdir. Uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı) çalışmışdır. 
1990-2000-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru işləyən Teymur müəllim bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru omuşdur. 
Müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, İtaliyada, Hindistanda, Fransada və MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. 
Teymur Kərimli “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir. 
Tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır. O, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarını öyrəndikcə, araşdırdıqca özü də bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilmişdir. 
Akademik Teymur Kərimli 2014-2019-cu illər ərzində AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır. 
2014-cü ildən hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışır. 

Beynəlxalq indeksli elmi jurnallarda nəşr olunmuş son məqalələr:

Karimli T. Nizami and Shakespeare: Typology of Formation of Literary Phenomenon

Karimli T. Turkic character in Nizami Ganjavi’s works

Tom Marsden. An Interview with Teymur Karimli. Preserving the past at the Institute of Manuscripts

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət