Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir.
Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir[3].
Məmməd Arif 1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları" mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında Məmməd Arif Dadaşzadənin müstəsna xidmətləri vardır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olmuşdur.[7]
Alimin 1956-cı ildə işıq üzü görən "Cəfər Cabbarlının yaradıcılıq yolu" fundamental monoqrafiyasında ilk dəfə bu yazıçının Azərbaycan ədəbiyyatı tarixində rolu dəqiq, dürüst müəyyənləşdirilmiş, Məmməd Arifə cabbarlışünas-alim nüfuzu qazandırmışdır.
"Səməd Vurğunun dramaturgiyası" (1964) monoqrafiyasında M.Arif böyük şairin dram əsərlərini müfəssəl şəkildə tədqiq etmiş, onların ideya və bədii-estetik xüsusiyyətlərinin bütün çalarlarını təhlil süzgəcindən keçirib oxuculara təqdim etmişdir.
DADAŞZADƏ MƏMMƏD ARİF MƏHƏRRƏM OĞLU
DADAŞZADƏ MƏMMƏD ARİF MƏHƏRRƏM OĞLU
Ədəbiyyatşünas, AMEA-nın həqiqi üzvü