VAHABZADƏ BƏXTİYAR MAHMUD OĞLU

VAHABZADƏ BƏXTİYAR MAHMUD OĞLU

VAHABZADƏ BƏXTİYAR MAHMUD OĞLU

Xalq şairi, AMEA-nın həqiqi üzvü

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Bir versiyaya görə Mahmud Vahabzadə Zəkəriyyə oğlu Bəxtiyar Vahabzadənin atabir-anaayrı ögey qardaşı olmuşdur. Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci il hadisələri zamanı yetim qalmış Vartaşendən olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adı ilə böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından Bəxtiyarı övladlığa götürürlər.
1934-cü ildə onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942–1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). 2Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950–1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir. Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.
2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Təltif və mükafatları
"Azərbaycan SSR xalq şairi" fəxri adı — 26 noyabr 1984
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 13 sentyabr 1974
SSRİ Dövlət mükafatı — 1 noyabr 1984
Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1976 ("Leninlə söhbət" və "Muğam" poemaları üçün)
"Oktyabr inqilabı" ordeni — 16 noyabr 1984
"Qırmızı əmək bayrağı" ordeni — 20 avqust 1975
"Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
"Əmək veteranı" medalı
"İstiqlal" ordeni — 15 aprel 1995
"Ləyaqət" ordeninin komandor dərəcəsi (Rumıniya) — 21 dekabr 2001
M. F. Axundov adına ədəbi mükafat (Azərbaycan Yazıçılar İttifaqı) — 11 yanvar 1989 ("Axı dünya fırlanır" poema və şeirlər kitabı (1987) üçün)

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət