ABDULLAYEV ƏLÖVSƏT ZAKİR OĞLU

ABDULLAYEV ƏLÖVSƏT ZAKİR OĞLU

ABDULLAYEV ƏLÖVSƏT ZAKİR OĞLU

Dilçi, professor

Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır.

1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur.

1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər.

Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962–1967), prorektoru (1972–1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967–1985) olmuşdur. Tədqiqatları Azərbaycan dilinin sintaksisinə aiddir. Beynəlxalq türkologiya konqres və konfranslarında məruzələrlə çıxış etmişdir.

1993-cü ildə may ayının 28-də Bakıda vəfat etmişdir. 

Alimin elmi maraq dairəsi olduqca geniş olmuşdur. O, dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuşdur. Əlövsət Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir (bunlardan bəziləri ortaqlı yazılmışdır). Xüsusiləşmə və əlavə kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli murəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər ilk dəfə Ə. Abdullayev tərəfindən işlənmiş və ali məktəb proqramlarına daxil edilmişdir. Onun etimologiya üzrə işləri keçmişə, tarixin yaddaşına əsl səyahət kimi yenilik ruhu, arqumentlərinin əhatəliliyi, əsaslılığı ilə bu sahədə əvvəllər aparılmış tədqiqatlardan fərqlənir. Məsələn, "ki" bağlayıcısının genezisi, "elə", "belə" sözlərinin etimologiyası, yönlük halın mənşəyi, qədim instrumental hal və müasir dilimizdə onun qalıqlarından bəhs edən əsərlər xüsusilə dəyərlidir.

Ə. Abdullayevin "Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. Bu qiymətli əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanmışdır. Bunlardan başqa, alim iki böyük akademik nəşrin ("Azərbaycan dilinin qrammatikası" və "Müasir Azərbaycan dili") və 4 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin müəlliflərindən biri olmuşdur. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ə. Abdullayev 1992-ci ildən isə Əməkdar Elm Xadimidir.

Professor Ə. Abdullayev həm də böyük ictimai iş aparmışdır. O, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun və Universitetin elmi şuralarının, Azərbaycan Ensiklopediyasının redaksiya şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü olmuşdur. Eyni zamanda BDU-nun "Elmi əsərləri"nin Dil və ədəbiyyat seriyasının baş redaktoru, universitetin ümumi, humanitar elmlər, filologiya elmləri doktoru və namizədi dərəcələri verən şuralarının, Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun, Respublika Elmlər Akademiyası Rəyasət Heyəti yanında dilçilik üzrə əlaqələndirmə şuralarının, Azərbaycan Təhsil Nazirliyinin tədris metodika şurasının üzvü olmuşdur.

Ə. Abdullayevin adı yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. O, bir sıra Ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir. Görkəmli dilçi alim müxtəlif illərdə Bakıda, Moskvada, Sankt-Peterburqda, Səmərqənddə, Kazanda, Tiflisdə keçirilmiş elmi konfranslarda, Berlində, Ankarada, İstanbulda, Daşkənddə toplanmış beynəlxalq qurultay və konqreslərdə iştirak etmiş, məruzələr oxumuşdur. O, dilçilərin Səmərqənd konfransında (1966) sintaksis bölməsinə rəhbərlik etmişdir. 1969-cu ildə Berlində Beynəlxalq altayşunaslar konqresində (PİAK) "Türk dillərində yönluk halın mənşəyi haqqında"kı məruzəsi yaxşı qarşılanmış və orada nəşr edilmişdir.

1972-ci ildə Ə. Abdullayev Türk Dil Qurumunun dəvətilə Ankarada I türk dili qurultayında iştirak etmişdir. Orada Mahmud Kaşqari bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi Azərbaycan aliminə qismət olmuşdur. Əlövsət müəllimin acılışdakı nitqi və oxuduğu məruzə Ankarada həmin qurultayın materiallarında çap edilmişdir.

1986-cı il PİAK-ın Daşkənddə keçirilmiş konqresində Ə. Abdullayev "Azərbaycan-monqol dil əlaqələri" adlı məruzə ilə iştirak etmişdir. Əlövsət müəllimin həyatında ən əlamətdar hadisələrdən biri türkologiya qarşısında böyük xidmətlərinə görə onun 1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzv seçilməsidir. Ə. Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Ölümündən üç il sonra, Türk Dil Qurumu onun 1996-cı ildə Ankarada "Türk dillərinin tarixi inkişafı məsələləri" adlı kitabını nəşr etmişdir. Həmin monoqrafiya elm aləmində yüksək dəyərləndirildiyindən 2007-ci ildə təkrar çap olunmuşdur.

Onun rəhbərliyi altında 23 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilmişdir. O cümlədən, müdafiə edənlərdən 3 nəfər qaraçay-balkar, 1 nəfər qumuq dili üzrədir.

Mükafatları
"Azərbaycan SSR Dövlət Mükafatı" — (26 aprel 1974)
Əməkdar Elm Xadimi fəxri adı — (1992)
"Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — (9 may 1945)
Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin "Fəxri Fəman"ı — (31 oktyabr 1969)
SSRİ Ali Sovetinin Rəyasət heyəti "Əmək igidliyinə görə" medalı — (7 aprel 1970),
Böyük Vətən müharibəsinin 7 yubiley medalı.

Müəllifi olduğu monoqrafiya və dərsliklər
Обособление в современном азербайджанском языке. АКД, Изд. АГУ им. С.М. Кирова, 1953
Müasir Azərbaycan dilində sintaktik əlaqələr (uzlaşma, idarə, yanaşma). ADU, 1956
Köməkçi nitq hissələri. ADU , 1958
Müasir Azərbaycan dili, sintaksis. ADU, 1959, həmmüəllif
Сложноподчиненные предложения в современном азербайджанском языке, ADU, 1963
Müasir Azərbaycan dili, sintaksis, II kitab, Azərtədrisnəşr, 1962, həmmüəllif
Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, Azərtədrisnəşr, 1964
Azərbaycan dili (ali məktəblər üçün dərslik), Azərtədrisnəşr, 1964, həmmüəllif
Müasir Azərbaycan dili, IV kitab, "Maarif", 1972, həmmüəllif
Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, 2-ci nəşr, "Maarif", 1974
Грамматика карачаево-балкарского языка. Нальчик, 1976, həmmüəllif.
Sintaksisin aktual məsələləri, Bakı, 1987
Müasir Azərbaycan dili, IY c., Sintaksis, Bakı: "Şərq-Qərb", 2007
Azərbaycan dili məsələləri, Bakı: BU nəşriyyatı, 1992
Türk dillerinin tarixsel gelişme sorunları. Atatürk kültür, dil ve tarih yüksek kurumu, Ankara, 1996 və s. 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət