Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının 4 fevral 2017-ci il tarixli 8 saylı iclasın qərarı ilə “Folklor” dərnəyi yaradılıb. Dərnək elmi və bədii yaradıcılıq istiqamətində fəaliyyət göstərir. Dərnək üzvləri tədqiqat mövzuları götürərək konfranslarda, elmi seminarlarda çıxışlar edir, yazıya alınmayan folklor nümunələrini toplayırlar. Bu elmi işlər kafedra tərəfindən dərc olunur. Tələbələrin dünyagörüşü və intellektual biliklərini artırmaq məqsədilə kafedra viktorinalar təşkil edir. “Novruz bayramı haqqında nə bilirik?” və “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzularında viktorina keçirilib. “Folklor” dərnəyinin tərkibindəki “Ədəbiyyat” klubunda istər Azərbaycan, istərsə də dünya ədəbiyyatının əsərləri müzakirə edilir. Dərnək üzvləri müxtəlif konfranslarda diplom və sertifikatlarla mükafatlanıdırılıblar. Kafedradan mövzu götürən bakalavrlar bu dərnəyə üzv olub fəaliyyətlərini genişləndirirlər. Onlar mövzuları ilə bağlı rəhbərləri ilə birgə müxtəlif muzeylərə, yaşadığı evlərə gedirlər.
Dərnəyin bədii istiqaməti musiqi, rəqs, dram və digər bölmələrdə fəaliyyət göstərir. Kafedra 2 il müddətində Novruz çərşənbələrini və bayramlarını təşkil edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncama əsasən, dərnək “Vaqif” dramını səhnələşdirib. 90 dəqiqəlik tamaşa 28 May – Respublika Günü münasibətilə Əsas binanın Böyük Akt zalında göstərilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti, professor Ağakişi Kazımov olub.
Kafedra tərəfindən magistrların «Heydər Əliyev və folklor», «Azərbaycan ədəbiyyatında multikulturalizmin təzahürləri», «Azərbaycan ədəbiyyatında rənglər», «Azərbaycan xalq mahnıları», «Əzizə Cəfərzadə yaradıcılığında Novruz», “Azərbaycan ədəbiyyatında musiqi alətləri” mövzusunda elmi seminarlar keçirilib. Kafedra Filologiya fakültəsində Novruz bayramlarını, eləcə də “Novruz bayramı haqqında nə bilirik?” və “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzularında viktorinalar və sərgi təşkil edib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə 12 iyul 2016-ci ildə filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının Respublikanın digər tanınmış alim, folklorşünas və ədəbiyyatşünasları ilə birlikdə təqdimat mərasimi keçirilib. Kafedrada beynəlxalq əlaqələr də genişləndirilir. 2016-cı ilin sentyabrın 15-də Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlu ilə görüş baş tutub.
Hər tədris ilində kafedranın ən az, iki müəllimi açıq dərs keçirir. Noyabrın 7-si Filologiya fakültəsinin 092,093-cü qruplarında prof. Səhər Orucovanın tədris etdiyi “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənnindən “Ozan-aşıq sənəti. Aşıq şeirinin şəkilləri (qoşma, gəraylı, təcnis, müxəmməs və s.)” mövzusunda yeni formatda açıq dərs keçirilib. Həmin dərsə əməkdar mədəniyyət işçisi fil.f.d. Nemət Qasımlı, aşıq Əvəzxan Xankişiyev, aşıq Babək Şakirli, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində dərslərə prof. Tofiq Məlikli, prof. Kamran Əliyev, prof. Füzuli Bayat və başqa alimlər qonaq qismində dəvət edilib. Kafedra “Folklorşünaslıq” elmi-nəzəri jurnalını təsis edir. Kafedranın nəzdində “Folklor” dərnəyi fəaliyyət göstərir. 2017-ci ilin may ayında “Folklor” dərnəyinin təqdimatında “Vaqif” dramı səhnəyə qoyulub.