Türkologiya kafedrası 1969-cu ildə yaradılmış və ona 15 il tanınmış türkoloq alim, Azərbaycanda türkologiya elminin inkişafında müstəsna xidmətləri olmuş professor Fərhad Ramazan oğlu Zeynalov rəhbərlik (1969-1984) etmişdir. 1984-2015-ci illərdə kafedra müdiri Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Tofiq İsmayıl oğlu Hacıyev olmuşdur. Tofiq Hacıyevin rəhbərliyi dövründə kafedranın elmi-pedaqoji fəaliyyəti və beynəlxalq əlaqələri daha da genişlənmiş, türkoloji dilçiliyin inkişafı istiqamətində mühüm işlər görülmüşdür.
2016-cı ildə Türk xalqları ədəbiyyatı kafedrası Türkologiya kafedrasına birləşdirilmiş və kafedra müdiri vəzifəsinə professor Ramiz Baxşəli oğlu Əskərov (2016-2022) təyin edilmişdir. Qeyd olunmalıdır ki, Türk xalqları ədəbiyyatı kafedrası 1973-cü ildə “SSRİ xalqları ədəbiyyatı” adı ilə yaradılmış, 2004-2015-ci illərdə sonuncu adla fəaliyyət göstərmişdir. Kafedraya 1973-1989-cu və 2004-2012-ci illərdə professor Pənah İmran oğlu Xəlilov, 1989-2004-cü illərdə professor Şamil Dünyamalı oğlu Qurbanov, 2012-2015-ci illərdə professor Ramiz Baxşəli oğlu Əskərov rəhbərlik etmişdir. Kafedra ləğv edildikdən sonra, onun elmi-pedaqoji fəaliyyət istiqamətləri Türkologiya kafedrasında icra olunur.
Vaxtilə Türkologiya kafedrasında görkəmli alimlər – professor Abdulla Vəliyev, professor Samət Əlizadə, professor Məmmədəli Novruzov (Qıpçaq), dosentlər - Əbdülhəmid Bağırov, Cəfər Cəfərov və Şaməddin Xəlilov işləmişlər. Hazırda kafedrada professorlar - Elbrus Əzizov, Məhərrəm Məmmədov, Firuzə Ağayeva və Ramiz Əskərov, dosentlər - İslam Vəliyev, Qızılgül Abdullayeva və Gülxanım Vəliyeva kimi tanınmış türkoloqlar elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
Kafedranın əsas elmi-pedaqoji istiqaməti türkologiyanın müasir problemlərinin, o cümlədən qədim türk dili, orta əsrlər türk yazılı abidələri, müasir türk dilləri, türk xalqları ədəbiyyatı, Azərbaycan dilinin tarixi və Azərbaycan dialektologiyasının tədqiqi və tədrisidir. Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində tədris həyata keçirən kafedrada türkologiyanın əsas istiqamətlərini əhatə edən fənlər tədris olunur, fəlsəfə doktorluğu və elmlər doktorluğu proqramları üzrə təhsil alan yüksəkixtisaslı mütəxəssislərə türkologiyanın aktual problemlərinə həsr olunmuş elmi tədqiqat mövzuları verilir.
2012-ci ildən kafedranın nəzdində “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyası fəaliyət göstərir. Laboratoriya müasir qloballaşma şəraitində türkologiyanın dünya elminə inteqrasiyası, BDU-da türkologiyaya aid fənlərin yüksək səviyyədə tədrisi və mükəmməl elmi bazanın təşkili məqsədilə yaradılmışdır.
2020-ci ildən kafedranın nəzdində fəaliyyət gösrərən Türkoloji dərnəyin təşkilatçılığı ilə türkologiyanın aktual problemlərinə həsr olunmuş elmi seminarlar və konfranslar, tanınmış türkoloqlarla görüşlər keçirilir.
Kafedranın professor-müəllim heyəti öz fəaliyyət istiqamətinə uyğun olaraq dünyanın mühüm türkoloji mərkəzləri ilə (Türkiyə, Rusiya, Almaniya, Çin, Polşa, Moldova, Bosniya və Hersoqovina, Albaniya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və s.) əməkdaşlıq edir.
2023-cü ildən kafedraya tanınmış dilçi alim professor Məhərrəm Əvəz oğlu Məmmədov rəhbərlik edir.