Kafedra haqqında

1989-cu il yanvarın 25-də Bakı Dövlət Universitetinin Elmi Şurası tərəfindən Azərbaycan şifahi xalq ədəbiyyatı (“Folklor kafedrası” adı ilə) kafedrasının yaradılması haqqında qərar qəbul edilmiş və rektorun əmri ilə kafedra həmin il fevralın 29-dan fəaliyyətə başlamışdır. 1989-2012-ci illərdə kafedraya AMEA-nın müxbir üzvü Azad Mövlud oğlu Nəbiyev rəhbərlik etmişdir. 2015-ci il fevralın 16-dan  kafedra müdiri filologiya elmləri doktoru, professor Səhər Hidayət qızı Orucovadır. 
Vaxtilə kafedrada Vaqif Vəliyev, Azad Nəbiyev, Əzizə Cəfərzadə, Çərkəz Quliyev, Nizami Xəlilov kimi tanınmış alim və müəllimlər çalışmışlar. 
Kafedra folklorun tədrisi ilə yanaşı, onun aktual problemləri, Azərbaycan mifologiyası, Azərbaycan folklorunun digər dillərə tərcüməsi, ozan-aşıq sənəti və s. mövzularda araşdırmalar aparır. 
Kafedra respublikamızın ali məktəbləri, elmi-tədqiqat institutları, Yazıçılar Birliyi və mətbuat orqanları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstanın Elmlər Akademiyalarının və ali məktəblərinin folklor şöbələri və kafedraları ilə sıx elmi əlaqələr qurulub. Xüsusilə Türkiyə universitetləri, o cümlədən Qırğızıstan Elmlər Akademiyası və Qırğızıstan Dövlət Universiteti ilə elmi-pedaqoji əlaqələr daha intensivdir. Belə ki, kafedranın doktorantı Jalə Xəlilovanın ikinci elmi rəhbəri Qırğızıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, Dil və Ədəbiyyat İnstitutunun direktoru A.Akmataliyev, dissertant Gülarə Quluzadənin  ikinci elmi rəhbəri Qırğızıstan Dövlət Universitetinin professoru Jıldız  Kalmaşevna Orozobekova, dissertant Gülnar Axundovanın ikinci elmi rəhbəri isə Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğludur. 
Rusiyadan professor Uldanay  Baxtikiriyeva,  Özbəkistan  Elmlər  Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru professor Tura Mirzoyev, Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru professor İrma Ratiani, “Milli folklor” jurnalının baş redaktoru professor Ocal Oğuz, Türkoloji Araşdırmalar Mərkəzinin müdiri Seyfəddin Altaylı ilə elmi əlaqələr bu gün də uğurla davam edir.
 Bununla yanaşı, kafedra əməkdaşları Türkiyə, Türkmənistan, Qırğızıstan, Gürcüstan və Rusiyada keçirilən beynəlxalq konfranslarda fəal iştirak edirlər.
Son dövrlərdə kafedranın təşəbbüsü ilə bir çox tədbirlər – elmi konfranslar, seminarlar və ədəbi-bədii tədbirlər keçirilib: “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı respublika səviyyəli, “Kitabi-Dədə Qorqud” və Türk dünyası” adlı beynəlxalq səviyyəli elmi konfranslar, “Heydər Əliyev və folklor”, “Azərbaycan ədəbiyyatında multikulturalizmin təzahürləri”, “Azərbaycan  ədəbiyyatında rənglər”, “Azərbaycan xalq mahnıları”, “Əzizə Cəfərzadə yaradıcılığında Novruz”, “Azərbaycan ədəbiyyatında musiqi alətləri” və s. elmi seminarlar (həmin seminarların materialları çap olunub), “Novruz bayramı haqqında nə bilirik?” və  “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzularında viktorinalar, folklora dair sərgilər və s.
Hər tədris ilində kafedranın ən azı iki müəllimi açıq dərs keçirir. Hər açıq dərs yeni tələblərə cavab verir. Dərslərdə müasir təlim metodlarından və texnologiyalarından istifadə, çağdaş elmi yanaşmalara istinad əsas şərtlər sırasında dayanır. 
2016-cı ildən əsası qoyulan “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində kafedranın müəllimləri sillabuslardakı  mövzuya    uyğun olaraq, tədqiqatçıları öz mühazirələrinə  dəvət edirlər.  Filologiya fakültəsinin I kursunda «Azərbaycan şifahi xalq ədəbiyyatı» fənnindən  prof. Səhər Orucovanın  “Ozan-aşıq sənəti. Aşıq şeirinin şəkilləri (qoşma, gəraylı, təcnis, müxəmməs və s.)” mövzusunda açıq dərsinə əməkdar mədəniyyət işçisi fil.f.d. Nemət Qasımlı, aşıq Əvəzxan Xankişiyev, aşıq Babək Şakirli qonaq qismində çağırılıb. Dosent Könül Həsənovanın Azərbaycan bölməsində “Qədim türk eposu. Oğuznamələrin türk dastançılığında yeri. (“Oğuz xaqan”)” mövzusunda olan mühazirəsinə professor Füzuli Bayat, professor Səhər Orucovanın Rus bölməsində “Место «Огузнаме» в тюркском дастанном творчестве («Огуз Каган»)” adlı  mühazirəsinə professor Tofiq Məlikli, professor Səhər Orucovanın Azərbaycan bölməsində "Kitabi-Dədə Qorqud" dastanı" adlı  mühazirəsinə professor Kamran Əliyev  dəvət olunub. 
Magistrantların elmi-pedaqoji təcrübələri, buraxılış işlərinin, magistr və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi mövcud qaydalara uyğun şəkildə uğurla təşkil olunur, elmi istedada malik gənclərin fəaliyyətinə dəstək göstərilir. 
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində 23 dekabr 2016-cı il R-115 saylı əmrlə “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalı nəşr olunur. Burada Azərbaycanlı alimlərdən əlavə, başqa ölkələrin (Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və s.) də professorları, akademikləri redaksiya heyətin üzvüdülər. Artıq  iki nömrəsi çapdan çıxıb. “Folklorşünaslıq” jurnalında folklorşünaslıq, ədəbiyyatşünaslıq, dil və nəzəri məsələlər, etnoqrafiya sahəsi üzrə məqalələr  dərc olunur.  Burada məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, onların xülasələri isə yazıldığı dildən başqa, iki dildə verilir. Jurnalda həm Azərbaycan, həm də  müxtəlif  xalqların folklor nümunələri yer alır.
Kafedranın 14 fevral 2017-ci il tarixli  8 saylı  iclasın qərarı  ilə “Folklor” dərnəyi yaradılıb. Dərnək elmi və bədii yaradıcılıq istiqamətində fəaliyyət göstərir. Dərnək üzvləri elmi tədqiqat mövzuları götürərək  konfranslarda, elmi seminarlarda çıxışlar edir, yazıya alınmayan folklor nümunələrini toplayırlar və sonradan bu elmi işlər kafedra tərəfindən dərc olunur. 
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının xəbərləri ilə https://bdufolklor.wordpress.com  –dan ətraflı tanış ola bilərsiniz. 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət