Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası 1965-ci ildə yaradılmışdır. Həmin vaxtdan 2013-cü ilin noyabr ayına kimi ona Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Yusif Mir Əhməd oğlu Seyidov rəhbərlik etmişdir. 2014-2022-ci illərdə kafedra müdiri Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Hüseyn Abbas oğlu Əsgərov olmuşdur.
2022-ci ildən kafedra müdiri fəlsəfə elmləri doktoru, professor Mətanət Əli qızı Abdullayevadır. Mətanət Abdullayeva 2018-ci ildə Humanist Pedaqogika Mərkəzi tərəfindən “Humanist Pedaqogika Cəngavəri – Ürək və Qu quşu” qızıl nişanı ilə təltif edilmişdir.
Kafedrada bakalavriat səviyyəsində “Azərbaycan dilinin tədrisi metodikası”, “Ədəbiyyatın tədrisi metodikası”, “Azərbaycan dili və onun xüsusi məktəblərdə tədrisi metodikası”, “Mətn şərhinin metodoloji əsasları”, “Dərsliklər və uşaq ədəbiyyatı”, “İfadəli oxu” fənləri, magistratura səviyyəsində “Azərbaycan dilinin tədrisi tarixi”, “Azərbaycan ədəbiyyatının tədrisi tarixi”, “Azərbaycan dilinin tədrisinin nəzari problemləri”, “Azərbaycan ədəbiyyatının tədrisinin nəzəri problemləri”, “Azərbaycanda əlifba problemləri”. “Orta məktəblər üçün Azərbaycan dili və ədəbiyyatı proqramı və dərslikəri”, “Klassik ədəbiyyatın tədrisi metodikası”, ”Qrammatika problemləri”. “Klassik ədəbiyyatda konseptual metafora problemi”, “Azərbaycan Demokratik Cümhuriyyətində məktəb, tədris və dil problemləri” fənləri tədris olunur.
Fəaliyyət dövründə kafedranın əməkdaşları tərəfindən 100-dən çox monoqrafiya, dərslik və dərs vəsaiti, metodik vəsait və metodik göstərişlər, proqramlar hazırlanıb nəşr edilmiş, xüsusilə Azərbaycan dilinin əcnəbilərə öyrədilməsi yönündə mühüm işlər həyata keçirilmişdir. Son illər H.A.Əsgərovun «Azərbaycan dilində maddi-mədəniyyət leksikası», M.Ə.Abdullayevanın «Azərbaycan dilində xalçaçılıq leksikası», «Klassik poeziya: ezoterik xəzinə», R.D.Mahmudovanın «Azərbaycan dilində şəkilçilərin omonimliyi» monoqrafiyaları, R.İ.Quliyevanın və Ş.X.Əliyevanın «Qrammatik təhlilin nəzəri-metodik əsasları», M.Ə.Qurbanova və R.D.Mahmudovanın «Nitqin inkişafı», M.Ə.Qurbanovavə M.Ə.Abdullayevanın «Azərbaycan dili» dərslik və monoqrafiyaları, M.Ə.Abdullayeva və E.H.Məmmədovun «Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil, məktəb və tədris məsələləri», M.Ə.Abdullayeva «Mətn şərhinin metodoloji əsasları» M.Ə.Qurbanova, İ.İ.Şəmsizadə,Ş.X.Əliyeva «Azərbaycan dili» dərs vəsaitləri çap olunmuşdur.
Son dövrlər kafedranın təşəbbüsü ilə müxtəlif tədbirlər - humanist pedaqogikaya həsr olunmuş “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı silsilə elmi-pedaqoji seminarlar, pedaqoji təlimlər təşkil olunur.