Dünya ədəbiyyatı kafedrası 1939/1940-cı tədris ilində Klassik filologiya adı ilə yaranmış və ilk müdiri professor B.İ.Yablonko olmuşdur.
Müxtəlif dövrlərdə kafedra “Xarici ölkələr ədəbiyyatı”, “Qərbi Avropa ədəbiyyatı tarixi”, “Dünya ədəbiyyatı”, “Xarici ədəbiyyat tarixi” adları ilə fəaliyyət göstərmişdir. 2001-ci ildən Dünya ədəbiyyatı kafedrası adlanır.
1960-cı ilə qədər kafedra müdiri professor Əli Sultanlı olmuşdur. 1964-1981-ci illərdə kafedraya professor Əkbər Ağayev, 1981-1989-cu illərdə professor B.H.Tahirbəyov rəhbərlik etmişdir. 1989-cu ildən kafedra müdiri professor Cəlil Qərib oğlu Nağıyevdir.
Kafedranın əsas elmi-pedaqoji istiqaməti dünya ədəbiyyatının tarixi, müasir dünyanın ədəbi mənzərəsi, müqayisəli ədəbiyyatşünaslıq məsələlərinin tədrisi və tədqiqidir.
Son illər kafedra əməkdaşları tərəfindən bir çox monoqrafiya, dərslik və dərs vəsaitləri hazırlanmışdır. C.Q.Nağıyevin «Dünya ədəbiyyatına aid oçerklər» toplusu, «Klassik fransız ədəbiyyatından yeddi portret» monoqrafiyası və İ.M.Tronskinin «Antik ədəbiyyat» dərsliyinin tərcüməsi; N.A.Sadıxlının «Balkan türklərinin ədəbiyyatı (bolqar türkləri)»; N.F.Həsənovanın «Müasir Avropa ədəbiyyatı» (rus dilində) adlı dərs vəsaitləri; Noval Al-Abbasinin «Azərbaycan-Avstriya ədəbi əlaqələri» monoqrafiyası nəşr olunmuşdur.