Azərbaycan dili və nitq mədəniyyəti kafedrası Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının bazası əsasında 2014-cü ildə (“Azərbaycan dili” adı ilə) yaradılmışdır. BDU rektorunun 16.09.2016-cı il tarixli, R-83 saylı əmrinə əsasən “Azərbaycan dili” kafedrasının adı dəyişdirilərək “Azərbaycan dili və nitq mədəniyyəti” adlandırılmışdır. 2014-2019-cu illərdə kafedra müdiri dosent Səidə Vaqif qızı Abbasova olmuşdur. 2019-cu ildən kafedra müdiri professor İlhamə Həbib qızı Hacıyevadır.
Azərbaycan Respublikası Təhsil nazirinin 22 avqust 2014-cü il tarixli əmri ilə təsdiq olunmuş təhsil proqramına uyğun olaraq respublikanın bütün ali məktəblərinin tədris planlarına “Azərbaycan dili və nitq mədəniyyəti” fənni daxil edilmişdir. 2020-ci ilə kimi Universitetin bütün fakültələrinin Azərbaycan, rus və ingilis bölmələrinin I kurslarında tədris edilən bu fənnə 60 saat ayrılmışdı. Bunun 15 saatı mühazirə, 45 saatı isə məşğələ dərsləri üçün nəzərdə tutulmuşdu.
Ancaq 2020/2021-ci tədris ilindən bütün ali təhsil müəssisələrində olduğu kimi, BDU-da da “Azərbaycan dili və nitq mədəniyyəti” fənni “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adı ilə yeni məzmunda tədris olunur. Fənnin tədrisinə 45 saat məşğələ dərsləri ayrılıb.
Fəaliyyət dövründə kafedra müəllimləri tərəfindən proqramlar, dərsliklər, dərs vəsaitləri və metodik göstərişlər hazırlanıb nəşr edilmişdir:
1) 2014-cü il kafedranın müəllimləri dos. Ofelya Piriyeva və İradə Məhərrəmovanın “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimlərinin həmmüəllifliyi ilə Ali məktəblərin hazırlıq fakültələrinin Azərbaycan dilini öyrənmək istəyən xarici tələbələri üçün “Azərbaycan dili” dərsliyi hazırlanıb çap olunmuşdur. Dərslikdə Azərbaycan dilinin qrammatikasına aid nəzəri izahatlarla yanaşı, xarici tələbələrin Azərbaycan dilində yazılı və şifahi nitqlərini düzgün inkişaf etdirmək üçün çalışmalar, bədii nəsr parçaları, şeirlər, aktual problemləri əhatə edən mətnlər, maraqlı məlumatlar verilmişdir. Dərslikdən təkcə xarici tələbələr deyil, Azərbaycan dilini öyrənmək istəyən hər kəs istifadə edə bilər.
2) 2015-ci ildə kafedranın dosenti Nailə Məmmədovanın “Azərbaycan dili və ədəbiyyat dərslərində yazılı nitqin inkişaf etdirilməsi” adlı metodik göstərişi nəşr olunmuşdur. Metodik göstərişdə orta məktəblərin dil və ədəbiyyat dərslərində şifahi və yazılı nitqin inkişaf etdirilməsinə dair məşğələlərin necə keçirilməsindən, hansı metod və vasitələrdən istifadəedilməsindənbəhsedilir.3) 2015-ci ildə kafedranın dosenti Samirə Orucova “Lirik əsərlərin tədrisi” adlı metodik göstəriş hazırlayıb nəşr etdirmişdir.
4) 2016-cı ildə dosent Xanımana Manaflı “Ədəbi dilin fonetik və leksik normalarının tədrisinə dair” metodik göstəriş çap etdirmişdir. Metodik göstərişdə Azərbaycan ədəbi dilinin fonetik və leksk normalarının tələbələrə düzgün və optimal mənimsədilməsi üçün müəllimin istifadə edə biləcəyi üsul və vasitələr təqdim edilib.
5) 2015-ci ildə kafedranın dosentləri Səidə Abbasova və Sultan Seyidovanın, professor Sənubər Abdullayevanın həmmüəllifliyi ilə Ali təhsilin bakalavr pilləsi üçün “Azərbaycan dili və nitq mədəniyyəti fənninin proqramı və həmin proqrama uyğun olaraq kafedranın adı çəkilən müəllimləri və “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasının dosenti Əhəd Cavadovun həmmüəllifliyi ilə 2016-cı ildə Ali məktəblərin Azərbaycan bölmələri üçün “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi hazırlanıb çap edilmişdir.
6) 2015-ci ildə Ali məktəblərin rus bölmələri üçün də “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin proqramı hazırlanmışdır və həmin proqram üzrə Ali məktəblərin rus bölmələrinin tələbələri üçün kafedranın dosentləri Samirə Mərdanova, Şəlalə Abasova, Xanımana Manaflının müəllifi olduqları Azərbaycan dili və nitq mədəniyyəti adlı dərs vəsaiti çap olunmuşdur.Bundan başqa kafedranın müəllimləri dərs dedikləri fakültələrin profilinə uyğun olaraq tapşırıq, tərcümə və oxu mətnlərindən ibarət dərs vəsaitləri hazırlayırlar. Artıq coğrafiya, fizika və kimya fakültələri üçün dərs vəsaitləri çap olunub. Bu da həmin fakültələrin tələbələrinin bu fənni daha əhatəli öyrənmələrinə imkan yaradır.Kafedranın əməkdaşları tədris və elmi işlərlə yanaşı universitetin və fakültənin ictimai işlərində də fəal iştirak edirlər. Məsələn: Respublika prezidenti İlham Əliyevin “2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunması” ilə bağlı sərəncamı ilə əlaqədar olaraq kafedranın müəllimləri və hüquq fakültəsinin tələbələrinin iştirakı ilə “Azərbaycan dünyanın multikulturalizm mərkəzi kimi” mövzusunda elmi seminar, hüquq fakültəsinin tələbələrinin iştirakı ilə böyük dramaturq H.Cavidin 135 illik yubleyinə həsr olunmuş tədbir, 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir, kitabxanaçılıq informasiya fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq “Cümhuriyyət dövründə maarif və dil problemləri” mövzusunda elmi seminar, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və Azərbaycan Atatürk Mərkəzinin təşkilatı dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş şagirdlər arasında vətənpərvərlik mövzusunda keçirilən şeir müsabiqəsində, respublikanın aparıcı ali təhsil müəssisələri olan Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Sumqayıt Dövlət Universitetinin müəllim və professorlarının iştirakı ilə Azərbaycan dili və nitq mədəniyyətinə dair yeni nəşrlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa və s. tədbirlər keçirmişlər.Qeyd edək ki, kafedrada keçirilən bütün bu tədbirlər mətbuatda, Bakı Universiteti qəzetində, Bakı Universiteti saytında və respublikanın bir çox mətbuat və informasiya saytlarında geniş işıqlandırılmışdır.