Azərbaycan dilçiliyi kafedrası 1939-cu ildə yaradılmış və ilk müdiri f.e.n. Yusif Əliyev olmuşdur. Lakin 1940-cı ilin əvvəllərində kafedra Ümumi dilçilik kafedrası ilə birləşdirilmiş və 1967-ci ilə kimi onun tərkibində fəaliyyət göstərmişdir. 1967-ci ildə yenidən müstəqil kafedra kimi təşkil olunmuş və “Azərbaycan dilçiliyi” adı ilə fəaliyyətə başlamışdır. Həmin ilin aprel ayında prof. Əlövsət Zakir oglu Abdullayev kafedra müdiri vəzifəsinə seçilmişdir. Kafedraya sonralar da dilçilik elmində öz sözü olan alimlər rəhbərlik etmişlər: professor K.N.Vəliyev (1988-1999), akademik A.A.Axundov (1999-2009), S.Ə.Abdullayeva (2009-2022). 2022-ci ilin may ayından kafedra müdiri vəzifəsinə professor T.M.Hacıyev seçilmişdir.
Kafedranın əsas elmi-tədqiqat istiqaməti Azərbaycan dilinin fonetikası, leksikası, morfologiyası, sintaksisi, nitq mədəniyyəti və üslubiyyatı, qrammatika məsələlərinin öyrənilməsidir. Kafedra əməkdaşlarının sadalanan məsələlərlə bağlı elmi və metodiki əsərləri müntəzəm çap edilir.
Azərbaycanın Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, Türk Dil Qurumunun həqiqi üzvü, filologiya elmləri doktoru, professor Əlövsət Zakir oğlu Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15 tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir.Azərbaycan dilçiliyində bir çox məsələni ilk dəfə prof. Ə.Z.Abdullayev işləmişdir. Namizədlik işi olan əlavə və xüsusiləşmələr, ədatlar, predikativlər, feli sifət və məsdər tərkibləri, qarışıq tipli mürəkkəb cümlələr, tabeli murəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması, qoşulma budaq cümləsi və digər məsələlər ilk dəfə Ə.Abdullayev tərəfindən işlənmiş və ali məktəb proqramlarına daxil edilmişdir. Alimin elmi araşdırmaları içərisində “Müasir Azərbaycan dilinidə tabeli mürəkkəb cümlə” adlı monoqrafiyası təkcə Azərbaycanda deyil, bütün Türkoloji mühitdə yüksək qiymətləndirilir. Əsasən, sintaksis və morfologiya sahəsində çalışan alimin dilin orfoqrafiya, fonetika,dil tarixinə, ədəbi dil məsələlərinə aid də ciddi araşdırmaları da vardır.
Ə.Abdullayev «Köməkçi nitq hissələri», «Müasir Azərbaycan dilində sintaktik əlaqələr», «Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr», «Sintaksisin aktual məsələləri», «Azərbaycan dili məsələləri», «Türk dillərinin tarihsel gelişme sorunları» əsərlərinin müəllifidir. Bunlardan başqa, alim iki böyük akademik nəşrin («Azərbaycan dilinin qrammatikası» və «Müasir Azərbaycan dili») və 4 cildlik «Müasir Azərbaycan dili» dərsliyinin müəlliflərindən biridir. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.
Respublikanın tanınmış alimlərində bir qrupu da Ə.Abdullayevin yetirmələridir: Professor K.Vəliyev, professor F.Cəlilov, professor Z.Şahbazova, professor T.Hacıyev və b.
Akademik A.A.Axundovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar Elm Xadimi adına, Dövlət Mükafatına layiq görülmüş, Türk Dil Qurumunun həqiqi üzvü seçilmiş, “Şöhrət ordeni» və “Əmək rəşadətinə görə» medalı ilə təltif olunmuşdur. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. 35 kitabin, 224 elmi məqalənin müəllifidir. A.A.Axundov yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də görkəmli dilçi alim kimi tanınır. Alimin Azərbaycan dilinin fonemlər sisteminin tədqiqinə həsr etdiyi əsərləri özünün elmi səviyyəsi, orijinallığı ilə səciyyələnir. Onun Misir, Çexoslovakiya, Almaniya, Türkiyə, Fransa, ABŞ və b. ölkələrdə müxtəlif mövzularda məruzələri böyük maraqla qarşılanmışdır.“Azərbaycan dilinin fonemlər sistemi“, “Azərbaycan dilinin fonetikası “, ”Azərbaycan dilinin izahlı lüğəti”, “Ümumi dilçilik”, “Riyazi dilçilik “, “Azərbaycan dilinin tarixi fonetikası”, “Felin zamanları”, “Dilin estetikası”, “Torpağın köksündə tarixin izləri”, “Dil və üslub məsələləri» və s. kitabları dilimizin müxtəlif sahələrinə aid dəyərli əsərlərdəndir.
Prof. K.N.Vəliyev dilin morfologiya, sintaksis, linqvopoetika sahəsində araşdırmalar aparmışdır. Müəllifin “Dastan poetikası”, “Linqvistik poetikaya giriş” və s. əsərləri qiymətli tədqiqatlardandır.
Kafedra əməkdaşlarından olmuş prof. Səlim Əbdüllətif oğlu Cəfərov dilçilik sahəsində indi də qiymətini itirməyən və müasirliyini saxlayan bir şox əsərlərin müəllifidir. Alimin “Azərbaycan dilinin leksikası”, “Azərbaycan dilində söz yaradıcılıgı” monoqrafiyaları, 5 və 6-cı siniflər üçün “Azərbaycan dilinin qrammatikası”, ali məktəb tələbələri üçün “Müasir Azərbaycan dili” (leksikologiya) dərslikləri və s çap olunmuşdur. 1974-cü ildə “Müasir Azərbaycan dili (leksikologiya)” dərsliyi Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Əməkdar Elm xadimi prof. Ziynət Əliheydər qızı Əlizadənin elmi fəaliyyəti türkologiyanın müxtəlif sahələrinin araşdırılmasına yönəlmiş, 150-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir. Ali məktəblərin rus bölməsi üçün “Azərbaycan dili” (1964) dərsliyinin həmmüəlliflərindən biridir. Alimin “Müasir Azərbaycan dilində modal sözlər”, “Azərbaycan atalar sözləri və zərb məsəllərinin leksik-semantik xüsusiyyətləri”, “Azərbaycan atalar sözlərinin həyatı” adlı monoqrafiyaları çap olunmuşdur.
Prof. Nəmidə Kabı qızı Abbasova 1981-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru vəzifəsində işləmişdir. Respublika Əməkdar ali məktəb işçisi fəxri adına layiq görülmüşdür. 120-dən çox elmi məqalənin , “Cəfər Cabbarlı dramaturgiyasında söz” adlı monoqrafiyanın müəllifidir
Prof. Kamil Yusif oğlu Əliyev 1971-ci ildən Azərbaycan Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsində işləmişdir. O, “Natiqlik sənəti” (Bakı, 1994) və “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” (Bakı, 2001) adlı dərsliklərinin müəllifidir. Alimin nitq mədəniyyəti və üslubiyyata dair 13 kitabı işıq üzü görmüş və 200-dən artıq elmi məqaləsi çap edilmişdir.
Prof. Bayram Baxşalı oğlu Əhmədov 1992-ci ildə “Azərbaycan dili dialekt və şivələrində söz yaradıcılığı (tarixi tədqiqat) “mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun “Azərbaycan dili şivələrində fonosemantik söz yaradıcılığı”, “Leksika məsələləri”, “Azərbaycan dili söz yaradıcılığında sadələşmə meyilləri”, “İxtisar sözlər lüğəti” çap olunmuşdur. Uzun illər Azərbaycan dilinin izahlı frazeoloji lügəti kimi 9 cildlik fundamental iş üzərində işləmişdir. O, 12 monoqrafiya və vəsaitin müəllifidir.
Prof. Sənubər Əlövsət qızı Abdullayevanın elmi fəaliyyəti türkologiya və Azərbaycan dilçiliyi ilə əlaqədardır. Onun «Müasir Azərbaycan dilində zərf» adlı dərs vəsaiti (1991), «Azərbaycan nağıl və dastanlarının dili» adlı monoqrafiyası (1998), «Müasir Azərbaycan dilinin işgüzar üslubu» adlı kollektiv monoqrafiyası (2004), «Azərbaycan dilinin praktik kursu» adlı kollektiv dərsliyi (Moskva, 2009) nəşr olunmuşdur. Prof. S.Ə.Abdullayeva 100-ə yaxın elmi məqalənin müəllifidir. 2009-2022-ci illər ərzində kafedra müdiri kimi çalışmışdır.
Prof. Tofiq Müzəffər oğlu Hacıyev 2022-ci ilin may ayından kafedraya rəhbərlik edir. O, 2002-ci ildə “Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. “Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələri”, “Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası” monoqrafiyası, “Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası” dərs vəsaiti, “Azərbaycan dili” (müştərək) dərs vəsaitlərinin, habelə 8, 9, 10, 11-ci sinif dəqsliklərinin həmmüəlliflərindəndir. Prof. T.M.Hacıyev 1994-2000-ci illərdə BDU-nun filologiya fakültəsinin dekan müavini olmuş, 2013-cü ildən Dövlət İmtahan Mərkəzində Azərbaycan dili üzrə elmi-metodik seminarın rəhbəridir.
Prof. Zemfira Əsgər qızı Şahbazova 5 monoqrafiya və 90-dan çox məqalənin müəllifidir. “Ara söz və ara söz birləşmələri”, “Azərbaycan dilində əvəzliklər”, “Əvəzliyin morfologiyası”, “Əvəzliyin sintaksisi” və “Əvəzliyin qrammatikası” adlı monoqrafiyaları vardır, DİM tərəfindən hazırlanan “Azərbaycan dili”, X-XI siniflər üçün “Ədəbiyyat nəzəriyyəsi” adlı vəsaitlərin, “Orfoqrafiya və orfoepiya lüğəti”-nin müəlliflərindən biridir.