Elmi istiqamət və elmi tədqiqat mövzuları

İstiqamət: Dilin daxili quruluşu məsələləri. Müasir dilçiliyin yeni istiqamətləri

Elmi tədqiqat işi 1. Müasir dilçilik istiqamətləri.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Akad. N.Q.Cəfərov

Struktur dilçilik məktəbləri öz missiyalarını keçən əsrin ortalarında başa vurdular. Və ondan sonra “ənənəvi” dilçilik araşdırmaları davam etməklə yanaşı, dilçilikdən kənara çıxmağa daha çox meyilli (və adətən, praktik maraqları olan) multidissiplinar sahələr dövrü başlandı ki, həmin sahələrdən geniş yayılanlardan biri də koqnitiv dilçilik idi. Koqnitiv dilçilik biliklərin qəbulu, saxlanması, yenidən işlənməsi və ötürülməsi prosesində əsas vasitə olan dili məhz həmin prosesdə öyrənir. Və bu zaman dünyanın mənzərəsinin dildə əksinə xüsusi diqqət verir. Dünyanın dil mənzərəsi bu və ya digər dilin dünyanı özünəməxsus şəkildə üzvləndirməsi, yaxud konseptləşdirməsidir ki, həmin mənzərəni insanın dünya haqqındakı sadəlövh təsəvvürləri yaradır. Və bu təsəvvürlər daha çox koqnitiv dilçiliyin mövzusudur. A.N.Leontyevin fikrincə, xüsusi “beşinci kvaziölçü” mövcuddur ki, həmin ölçü hissi insana onu əhatə edən gerçəkliyi təqdim edir – bu, “fikrin sahəsi”, mənalar sistemidir. Deməli, dilin mənzərəsi – obrazlar sistemindən başqa bir şey deyil. M.Haydegger isə göstərir ki, “dünyanın mənzərəsi”, mahiyyət etibarilə, dünyanı təsvir edən mənzərəni yox, mənzərə kimi anlaşılan dünyanı bildirir.

Aktuallığı: Müasir dilçiliyin yeni istiqamətlərindən olan koqnitiv dilçilik haqqında xeyli sayda mənbələr mövcuddur. Həmin əsərlərin çoxu rusdilli ədəbiyyatlardır. Azərbaycan dilində isə ədəbiyyat azdır.

Məqsədi: Koqnitiv dilçiliyin tədqiqat metodlarının və üsullarının aydınlaşdırılması

Alınmış nəticələr: Koqnitiv dilçiliyin kökləri, eləcə də əsas anlayışlarından birinə - dünyanın dil mənzərəsinə geniş yer verilir və onun linqvoidarki imkanları araşdırılır.

Elmi tədqiqat işi 2. Sözyaradıcılığı nəzəriyyəsi.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Əbülfəz Əjdər oğlu Rəcəbli

Digər dilçilik fənləri arasında sözyaradıcılığının yerini, mövqeyini, statusunu müəyyənləşdirməzdən əvvəl söz yaradıcılığı ilə əlaqədar olan bir məsələyə aydınlıq gətirmək vacibdir. Dilçilikdə belə bir fikir vardır ki, guya dildə morfoloji yolla sözyaratma imkanları tükəndikdən, bitdikdən sonra dildə sintaktik yolla sözyaratma prosesi meydana gəlmişdir. Tamamilə səhv fikirdir. Bu fikri iki dəlil təkzib edir. 1. Məlumdur ki, morfoloji üsulla söz yaradıcılığında aqqlütinativ dillərdə sözün sonuna şəkilçi əlavə olunur. O da məlumdur ki, işlənmə yerindən asılı olmayaraq, dünyanın bütün dillərində bütün şəkilçilər son dərəcə mücərrəddir. İnsan təfəkkürü birdən-birə heç şeydən və heç nədən mücərrəd nə isə yaratmaq qabiliyyətinə malik deyil. Fəlsəfədə belə bir aksiom var: təcrübədən nəzəriyyəyə, ondan yenə təcrübəyə. Bu fikir tam şəkildə dilə də aiddir. Biz indi deyirik: - çı, -çi, şəkilçisi artırıldığı sözə həmin sözün mənası ilə əlaqədar olan peşə adı bidirən yeni söz əmələ gətirir: odun-odunçu, araba-arabaçı və s. Əslində elə deyil. İstər sözdüzəldici, istərsə sözdəyişdirici şəkilçilər xeyli mücərrəd məna daşıyır. Şəkilçiləri yaratmaq üçün insan şüuru, insan təfəkkürü uzun bir inkişaf yolu keçməli idi və keçmişdir: leksik mənalı sözləri köməkçi sözləri, xeyli sonra köməkçi sözləri şəkilçilərə çevirmişdir. 2. Dünyanın bütün dillərinə aid yazılmış əsərlərdə dilin qrammatik quruluşundan asılı olmayaraq, dilçilər bütün dillərdə şəkilçilərin müstəqil sözlərdən əmələ gəldiyini yazırlar. Deməli, şəkilçi yoxdursa, onda morfoloji yolla söz yaradılmasından söhbət belə gedə bilməzdi. Hər hansı bir dilin yarandığı ilk dövrlərdə onda sözlərin sayı az olmuşdur. Yeni yaranan məfhumları adlandırmaq üçün insanlar leksik mənalı sözləri yanaşdırırlar və zaman keçdikcə bu sözlərdən biri – aqqlütinativ dillərdə ikincisi – yavaş-yavaş öz leksik mənasını itirir, əvvəlcə köməkçi sözə, uzun inkişaf yolunun sonunda isə şəkilçiyə çevrilmişdir. Nəticə: dünyanın bütün dillərində söz yaradıcılığı əvvəlcə sintaktik üsulla olmuş, morfoloji üsul ondan sonra və onun əsasında meydana gəlmişdir – sintaktik üsul ilkindir, morfoloji üsul törəmədir.

Aktuallığı: Müxtəlif dillərdə sözyaradıcılığı haqqında xeyli əsər – namizədlik və doktorluq dissertasiyaları, və s. yazılmışdır. Həmin əsərlər milli dillərə aiddir. Söz yaradıcılığı haqqında nəzəri və yekunlaşdırıcı, həm də nəzəri əsərdir.

Məqsədi: Sözyaradıcılığı nəzəriyyəsi dünyanın dil mənzərəsinin kontekstində öyrənilməsi

Alınmış nəticələr: Əsər keçicidir. Buna baxmayaraq, müəllif belə hesab edir ki, müxtəlif dillərdə sözyaradıcılığı oxşar qəliblər üzrə baş verir.

Elmi tədqiqat işi 3. Dil vahidləri və dil səviyyələri.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Məhəmməd Tofiq oğlu Məmmədov

Alınmış nəticələr: Elmi işdə dil strukturunun iyerarxik təşkili məsələsi vahid və səviyyə münasibətləri baxımından öyrənilir. Problemin mahiyyəti aydınlaşdırılır, dilin heterogen sistem kimi təşkili prinsipləri açıqlanır. Elmi işdə fonem və morfem nəzəriyyələrinn yaranma səbəbləri aydınlaşdırılır. Tədqiqat işində dil vahidləri dil və nitq münasibətləri baxımından da qiymətləndirilir. Bu baxımdan söz dilin sintaqmatik və paradiqmatik koordinatlarının kəsişmə nöqtəsində yerləşən dil-nitq vahidi kimi qəbul edilir. Tədqiqat işində konkret söz birləşmələri və cümlələr dilin dərin qatında mövcud olan hazır stuktur modellərin törəməsi olan nitq vahidləri kimi qiymətləndirilir. Tədqiqat işində dilin iyerarxik təşkili vahid-səviyyə münasibətləti baxımından modelləşdirilir.

Aktuallığı: Dil vahidləri və səviyyələri ilə bağlı müəyyən araşdırmalar aparılsa da, burada mübahisəli məqamlar vardır. Bu cəhət mövzunu aktual edir.

Məqsədi: Dil vahidləri və dil səviyyələrinin əlaqəsinin müəyyənləşdirilməsi

Alınmış nəticələr: Araşdırmada dilin iyerarxik təşkili vahid-səviyyə aspekti baxımından modelləşdirilir.

  Elmi tədqiqat işi 4. Dil etnosun parlaq əlaməti kimi.

  Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Cavanşir Xankişi oğlu Muradov

Dil etnosun varlığını şərtləndirən amillərdən biridir. Dil ərazi ümumiliyi ilə birlikdə millətin formalaşmasını təmin edən şərtdir. Dil millətin əsas əlamətlərindən biridir. İnsanın xarici görünüşünə, davranışına, doğulduğu yerə görə hansı millətə mənsub olduğunu müəyyənləşdirmək olmaz. Onun hansı dildə danışdığını bildikdən sonra milləti məlum olur. Dil etnik xarici tanınma və daxili özünü tanınmada əsas ünsürlərdən biridir. Dil sistemi millətin tarixi inkişafının məhsuludur və onun genezisi və tarixi ilə sıx bağlıdır. Dil müxtəlif elmi konsepsiyalarda etnik qrupun müəyyənləşdirilməsində əsas amildir. Məhz dildə xalqın bütün idraki təcrübəsi, onun əxlaqi-etik, sosial-estetik, bədii və tərbiyəvi idealları əks olunur. Dil xalqın sivilizasiya yolu üzrə inkişafı tarixini qoruyur, o, xalqın xarakterini, onun nəyə rəğbət bəslədiyini, nəyə nifrət etdiyini, qonşu xalqlarla əlaqəsini əks etdirir. 

Aktuallığı: Dil etnosun varlığını şərtləndirən amillərdən biridir. Dil ərazi ümumiliyi ilə birlikdə millətin formalaşmasını təmin edən şərtdir. Dil millətin əsas əlamətlərindən biridir. İnsanın xarici görünüşünə, davranışına, doğulduğu yerə görə hansı millətə mənsub olduğunu müəyyənləşdirmək olmaz. Onun hansı dildə danışdığını bildikdən sonra milləti məlum olur. Dil etnik xarici tanınma və daxili özünü tanınmada əsas ünsürlərdən biridir. Dil sistemi millətin tarixi inkişafının məhsuludur və onun genezisi və tarixi ilə sıx bağlıdır. Hər bir xalq öz dili ilə tanınır. Dildə xalqın mənəviyyatı, ruhu əks olunur. Dil yaranıb formalaşdığı dövrdən etibarən cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan ünsiyyət vasitəsi rolunu daşımışdır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Məqsədi: Dilin etnosun parlaq əlaməti olmasının təhlili mahiyyətinin açıqlanması

Alınmış nəticələr: 1) Dil müxtəlif elmi konsepsiyalarda etnik qrupun müəyyənləşdirilməsində əsas amildir. 2) Dildə xalqın bütün idraki təcrübəsi, onun əxlaqi-etik, sosial-estetik, bədii və tərbiyəvi idealları əks olunur. 3) Dil xalqın sivilizasiya yolu üzrə inkişafı tarixini qoruyur, o, xalqın xarakterini, onun nəyə rəğbət bəslədiyini, nəyə nifrət etdiyini, qonşu xalqlarla əlaqəsini əks etdirir. 

Elmi tədqiqat işi 5. Söz dil vahidi kimi.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Elmira Hüseyn Ağa qızı Həmzəyeva

         Bu günə kimi  “Söz nədir?”  sualına, demək olar ki,  kifayətləndirici cavab verilməmişdir. Dilçiliyin tarixinə nəzər saldıqda görürük ki, tədqiqatçıların böyük əksəriyyəti söz probleminə toxunmuş, hətta  filosoflar belə bu problemdən yan keçməmiş və sözə tərif verməyə çalışmışlar. Qədim dövrlərdən tutmuş bu günə kimi sözə münasibət, sözün mənası, sözün dil vahidi olması problemi öz aktuallığını saxlamaqdadır. Dilçilikdə sözün təhlilinə,  mənası olan yaxud mənası olmayan baş və köməkçi sözləri fərqləndirməyə, sözün mahiyyətini müəyyənləşdirməyə çalışmışlar, söz və onun adlandırdığı əşya arasındakı münasibət, söz və məfhum arasındakı əlaqələr, sözün cümlədə və dildə yeri kimi məsələlər antik dövrdən üzü bəri dilçiləri maraqlandıran aktual tədqiqat problemi olmuşdur. Bu sahədə böyük işlər aparılmasına baxmayaraq, hələ də leksikologiyanın əsas problemi olan söz bir dil vahidi kimi tam işıqlandırılmamışdır. Göründüyü kimi,  “Söz dil vahidi kimi” mövzusunda müraciət etdiyimiz elmi-tədqiqat işi müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Söz probleminin aktuallığını şərtləndirən səbəblər isə çoxdur. Əsas səbəblərdən biri də odur ki, sözə verilən təriflər arasında hələ də onun bir dil vahidi olaraq bütün cəhətlərini göstərə bilən vahid bir cavab yoxdur.

Aktuallığı: Sözün mahiyyəti, sözün mənası, söz və onun adlandırdığı əşya arasındakı münasibət, söz və məfhum arasındakı əlaqələr, sözün cümlədə və dil sistemində yeri və s. bu kimi məsələlər antik dövrdən üzü bəri tədqiqatçıları maraqlandıran bir problem olmuşdur.  Bu sahədə böyük işlər görülməsinə baxmayaraq, hələ də leksikologiyanın əsas problemi olan söz bir dil vahidi kimi tam işıqlandırılmamışdır. “Söz dil vahidi kimi” mövzusunda müraciət etdiyimiz elmi-tədqiqat işi müasir dövrdə də öz aktuallığını saxlamaqdadır.Aktuallığı şərtləndirən səbəblərdən  biri də odur ki, sözə verilən təriflər arasında hələ də onun bir dil vahidi olaraq bütün cəhətlərini göstərə bilən vahid bir cavab yoxdur.

Məqsədi: Sözün dil vahidi kimi müxtəlif aspektlərdən tədqiqinin  müəyyənləşdirilməsi Alınmış nəticələr: Tədqiqatın nəticəsi elmi məqalə şəklində nəşr olunacaqdır.

 

Elmi tədqiqat işi 6. Fonetika və fonologiya.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Firuz Nadir oğlu Mehdiyev

Fonetika dilçiliyin bir bölməsi olmaqla, dilin səs tərkibindən, səs qanunlarından, dilin səs sistemindən bəhs edir. Səslərin ümumi akustik, həmçinin fizioloji cəhətləri, bir sıra ümumi prinsipləri fonetikanın mövzusunu təşkil edir. Səs mürəkkəb və geniş əhatəyə malik olan bir anlayışdır. Biz əslində eşitdiklərimizin hamısını ümumi halda səs kimi qəbul edirik. Səs vahidləri əməli və nəzəri məqsədlərlə müxtəlif cəhətlərdən, müxtəlif istiqamətdə tətqiq olunur. Bu səbəbdən də fonetikanın müxtəlif forma və növləri mövcuddur. Dil tələffüz olunan, yazılan, oxunan həmçinin eşidilən nitq kimi müxtəlif formada olsada, əsasən, səslə təzahür edir. Səs dilin maddi qabığı hesab edilir və dil səslərlə maddiləşən ictimai hadisə sayılır.

Ayrı-ayrı dildəki səslər müxtəlif olduğu kimi, hətta oxşar səslər də tam eyniyyət təşkil etmir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq dilin bir sıra fonetik qanun və hadisələrinin dəyişməsinə, hətta yeni fonetik qanunların yaranmasına səbəb ola bilər. Bu səbəbdən də dili səslərlə əlaqədar əhatəli şəkildə həm praktik, həm də nəzəri cəhətdən öyrənmək təqdir edilməlidir.

Fonetika ilə çox sıx şəkildə əlaqəsi olan fonologiya nitq səslərini, söz və morfemlərin səs cildini fərqləndirmə vasitəsi kimi öyrənən bir dilçilik sahəsidir. Burada (fonologiyada) səslərin, səs birləşmələrinin və vurğu vasitələrinin mənası istifadə tezliyi, funksional xüsusiyyətləri tədqiq edilir. Yeni fonetika dili bir fiziki hadisə kimi tədqiq edərək öyrənirsə, fonologiya onun ictimai bir hadisə, proses kimi araşdırır. Fonologiya nitqdə funksional, yəni kollektiv cəhətdən mühüm olanları fərqləndirir, bütöv səs sistemində onların yerini müəyyənləşdirir. Fonetika ilə fonologiyanın fərqləndirilməsi F. de Sössür tərəfindən irəli sürülmüş nitq – dil fərqləndirilməsinə əsaslanır. Hazırda müstəqil elm sahəsi olan fonologiya dilçilik məktəbləri tərəfindən fərqli formada qiymətləndirilərək izah edilir. Təbii ki, bu da dilçilərdən bəzilərinin dili fiziki, bəziləri tabeçilik əsasında, bəzilərinin isə xarakterik əlamətlərə görə tədqiqindən irəli gəlirdi.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, fonetika ilə fonologiya arasında bir sıra oxşar və fərqli cəhətlər mövcuddur.

Aktuallığı: Dilçilikdə maraqlı bəhslərdən olan fonetika və fonologiya bir-birini tamamlayan, çox sıx təmasa malik sahələrdir. Bunların arasında olan yaxınlığa baxmayaraq hər birinin özünə məxsus spesifik əlamətləri mövcuddur. Fonetika material cəhətdən özünü göstərən sahədirsə fonologiya nitq səslərini, söz və morfemlərin ifadə planında fərqləndirmə vasitəsi kimi çıxış edən sahədir.

Məqsədi: Fonetika və fonologiya oxşar və fərqli cəhətlərin təhlili Fonetika və fonologiya oxşar və fərqli cəhətlərin təhlili

Alınmış nəticələr: Nəticə olaraq onu qeyd etmək lazımdır ki, fonetika ilə fonologiya arasında müəyyən əlaqələr olsa da onlar müxtəlif funksiyalara malikdir.

Elmi tədqiqat işi 7. Avropa ölkələrində dillərin sosiolinqvistik təhlili.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Anar Tofiq oğlu Fərəcov

Elmi iş Avropa ölkələrində dillərin vəziyyəti ilə bağlı məsələlərə həsr olunub. Burada Avropa İttifaqı çərçivəsində Avropa ölkələrində dillərin müasir vəziyyəti sosiolinqvistik baxımdan təhlil olunur. Avropada hazırda təxminən 287 dildən istifadə olunur. Avropanın əksər dilləri hind-Avropa dil ailəsinə aiddir və 2018-ci ilədək ümumi Avropa əhalisinin 744 milyonu, yəni 94%-i hind-Avropa dil ailəsində  danışanlardır. Hind-Avropa dillərində danışmayan təxminən 45 milyon avropalıdan çoxu ya Ural, ya da türk dilləri ailəsinə məxsus dillərdə danışır. Az sayda olan kiçik qruplar (bask və Qafqazın müxtəlif dilləri kimi)  Avropa əhalisinin 1% -dən də  azdır. İmmiqrantlar isə əhalinin təxminən 4% -ni təşkil edir ki, onlar da ərəb dilində danışır. Avropada 50-yə yaxın ölkə vardır. Bu ölkələrdən 27-si Avropa Birliyinə daxildir. Avropa Birliyində 27 ölkə  olsa da, 24 rəsmi dili vardır. Avropalılar ikinci dil kimi ispan, fransız, alman və ingilis dilini öyrənirlər. Gündəlik fəaliyyətdə  ən çox ingilis və fransız dilləri istifadə olunur. Bu təşkilatın özündə bir neçə qurum mövcuddur. Əsas qurumlara Avropa Parlamenti, Avropa Zirvəsi, Avropa İttifaqı Şurası, Avropa Komissiyası, Ədalət Divanı və Bidayət Məhkəməsi, Ali Maliyyə Məhkəməsi, İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi, Bölgələr Komitəsi, Avropa İnvestisiya Bankı, Avropa Mərkəzi Bankı, Ombudsman və s. Son məlumata görə Avropa Birliyinin əhalisi təqribən 447 milyona bərabərdir. AB daxilində istifadə olunma göstəricisinə görə 7 dil xüsusi ilə fərqlənir. Belə ki, alman dili AB-nin bütün vətəndaşlarının 18%-nin, fransız dili 13%-nin, ingilis dili 12%-nin (indi daha azdır –A.F.), italyan dili 12%-nin, ispan dili 9%-nin, polyak dili 9%-nin, hollan dili isə 5%-nin ana dilidir. AB-nin dil siyasətində əsas problemlərdən biri üzv ölkələrindən bəzilərinin rəsmi dillərinin istifadəçi sayının azlığı ilə bağlıdır. Bu dillərə eston, Latviya, Litva, Malta, sloven dilləri aid etmək olar. 2019-cu ilə olan məlumata görə bu dillərdən hər birindən 3 milyondan az  insan istifadə edir. Belə “kiçik dillər” rəsmi dil olsa da, kifayət qədər AB-də yayıla bilmirlər.

Aktuallığı: Dünyada gedən qloballaşma prosesinin dillərə təsiri hazırda dillər üçün aktual problemə çevrilmişdir. Bu baxımdan Avropada dillərin vəziyyətinin təhlili çox vacibdir.

Məqsədi: Avropa ölkələrində dillərin sosiolinqvistik baxımdan öyrənilməsi, orada mövcud olan müxtəlif sosial qrupların nitq xüsusiyyətlərinin müəyyənləşdirilməsi

Alınmış nəticələr: AB-nin dil siyasətində əsas problemlərdən biri üzv ölkələrindən bəzilərinin rəsmi dillərinin istifadəçi sayının azlığı ilə bağlıdır. Bu dillərə eston, Latviya, Litva, Malta, sloven dilləri aid etmək olar. 2019-cu ilə olan məlumata görə bu dillərdən hər birindən 3 milyondan az  insan istifadə edir. Belə “kiçik dillər” rəsmi dil olsa da, kifayət qədər AB-də yayıla bilmirlər.

Elmi tədqiqat işi 8. Erməni dilində leksik morfemlər.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Türkan Baladayı qızı Əzizzadə

Elmi işdə “Erməni dilində leksik morfemlər” linqvistik tədqiqatın bir sıra üsullarından istifadə edilmişdir. Xüsusilə daha çox tarixi-müqayisəli metoddan istifadə edilmiş, qarşılaşdırma və müqayisə üsullarına müraciət olunmuşdur. Erməni dilində leksik morfemlər işlənmə yerinə görə 2 qrupa bölünür: sufikslər və prefikslər. Leksik morfemləri müxtəlif nitq hissələri yaratmasına görə aşağıdakı kimi bölmək olar. isim düzəldən morfemlər: a) sifət düzəldən morfemlər, b) say düzəldən morfemlər, c) zərf düzəldən morfemlər, d) feil düzəldən morfemlər. Erməni dilində bəzi leksik morfemlər paralellik təşkil edir. Bu qəbildən olan morfemlər müxtəlif nitq hissələrinin yaradılmasında iştirak edir. Belə ki -իչ,  -իկ  və s. morfemləri həm isim, həm də sifətlərin yaradılmasına xidmət edir. Məsələn, քննիչ –  müstəntiq, գրավիչ - cəlbedici, քույրիկ – bacı, աշխարհիկ – dünyəvi. Bəzi leksik morfemlər sinonimlik təşkil edir. Belə morfemlər eyni nitq hissəsini yaradır. Məsələn, -իկ, -ակ, -ուկ şəkilçiləri sinonim kiçiltmə, əzizləmə şəkilçiləridir. –նոց,-արան yer, məkan bildirən sinonim şəkilçilərdir. –յա, -ե material ifadə edən sifət düzəldən sinonim şəkilçilərdir. Erməni dili  hibrid dil olduğundan bir sıra qonşu xalqların dillərindən, o cümlədən, türk dillərindən morfemlər alınmışdır. Tədqiqatın gedişində aşağıdakı vəzifələr yerinə yetirilmişdir: 1) Müasir erməni dilində olan leksik morfemlər müəyyən edilmiş; 2) Həmin morfemlərin müasir Azərbaycan dilində qarşılıqları müəyyən edilmiş; 3) Eyni mənalı paralel şəkilçilər müəyyən edilmiş; 4) Eyni şəkilçinin müxtəlif nitq hissələri yaratması araşdırılmış və məna fərqləri qeyd olunmuşdur.

Aktuallığı: Müasir dövr erməni dilinin qrammatik ünsürlərində türk dillərinin təsirinin aşkara çıxarılması mövzunu aktual edən əsas məsələlərdəndir.

Məqsədi: Erməni dilindəki leksik morfemləri müəyyənləşdirmək və tədqiq etmək

Alınmış nəticələr: Müasir erməni dilində leksik morfemlər müəyyən edilərək onların yaratdığı paralellər,  sinonimlər şəkilçilər, hansı nitq hissələrindən yeni söz yaratması və müasir Azərbaycan dilində qarşılıqları göstərilmişdir.

Elmi tədqiqat işi 9. Gürcü dilinin tarixi inkişaf mərhələləri. Qədim dövr: V-XI əsrlər.  Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Nəsibə Eldar qızı Mirzəyeva

Kartvel dil ailəsinə mənsub olan gürcü dili Cənubi Qafqaz əhalisi olan gürcülərin ədəbi və ümumilli dilidir. Dünyada bənzəri olmadığı göstərilən bu dil həm də ən çətin dillər sırasındadır. Rəsmi olaraq 4 mln-dan artıq daşıyıcısı olan bu dilin kartli, kaxetin, imeretin, pşav, acar, tuşeti, moxev və raçin kimi daxili dialektləri mövcuddur. Xronoloji olaraq 3 əsas inkişaf mərhələsi (qədim, orta əsrlər və müasir) keçən bu dilin müxtəlif zamanlarda fərqli yazı qrafikləri olmuşdur. Hazırda gürcü dili əlifbası “Mxedruli” qrafikasındadır. Tədqiqat mövzumuzun əsas məqsədi Cənubi Qafqaz dillərindən biri olan gürcü dilinin inkişafının tarixi bölgüsü əsasında necə dəyişdiyini göstərməkdir. Burada bir çox mənbələr əsasında bu dilin inkişaf yolu göstərilməklə dilçi alimlərin mülahizələri də qarşılaşdırılacaqdır. Məlumdur ki, dilin təkmilləşmə periodunu alimlərin əksəriyyəti heç də bir-birinə bənzər şəkildə bölməmişlər. Leksik, fonetik və morfoloji dəyişimlər bu bölgünün fərqli halda aparılmasının əsas səbəblərindəndir. Fərqli tarixi dövrlərdə gürcü dilini tərənnüm edən ədəbi əsərlərin mövcudluğu əhatə etdiyi mövzu baxımından da müxtəliflik nümayiş etdirməkdədir. Zamanla elm və texnologiyanın inkişafı gürcü dilinin lüğəvi anlamda da dəyişiminə səbəb olmuşdur. Əgər keçmiş zamanda tarixi hadisələrlə və qonşularının təsiri ilə gürcü dilində ərəb, fars, türk mənşəli sözlər çoxluq təşkil edirdisə, hazırda bu yer özünü rus, avropa mənşəli sözlərə vermişdir. Tədqiqat işində həmçinin mərhələli şəkildə ədəbi əsərlərə yer veriləcək, tarixən baş verən hadisələrlə dil dəyişiminin müqayisəsi aparılacaqdır.

Aktuallığı: Araşdırmanın köməyi ilə bəhs edilən dövrdə qrafika və yazı materialı, mətnin texniki dizayn qaydaları barədə mühakimə yürütmək mümkündür.  Həmçinin bu tədqiqat nəticəsində yazı mədəniyyətinin formalaşmasının siyasi xarakter daşıdığını, zamanla leksik, fonetik və morfoloji dəyişikliyə məruz qalaraq müasir dildən ciddi şəkildə fərqləndiyini də isbat etmək mümkün olacaqdır.

Məqsədi: Gürcü dilinin V-XI əsrləri əhatə edən inkişafı dövrünün öyrənilməsi

Alınmış nəticələr: İlk gürcü yazı nümunələrinə coğrafi olarak ilk dəfə Kolxida ərazisində rast gəlinmişdir. Gürcü yazısının və məktəblərinin formalaşmasına yunan mədəniyyətinin ciddi təsiri müşahidə olunmuşdur. Tarihi gedişat göstərir ki, Bizans və Yaxın Şərqdə gürcü yazı mərkəzlərinin yayılması və qurulması da siyasi əhəmiyyət kəsb edirdi, çünki əsasən işğalçı müsəlman ölkələri ilə əhatə olunmuş Gürcüstan üçün milli kimliyin və müstəqilliyin bərqərar olunmasında xristianlığın bir qala rolunu oynaması lazım idi. Təsadüfi deyildir ki, qədim dövrdə bu dildə qələmə alınan ədəbi əsər nümunələri xristianlığın təbliği ilə bağlı olmuşdur.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət