Hörmətli abituriyentlər!
Azərbaycan filologiyasının təşəkkülü və inkişafı, əsasən, Bakı Dövlət Universitetinin yaradılması ilə bağlıdır. 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetində ilk yaradılan fakültələrdən biri məhz Tarix-filologiya fakültəsi olmuşdur. Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında universitetin Filologiya fakültəsinin müstəsna rolu olub. Belə ki, 1920-ci illərdə fakültədə çalışan V.V.Sipovski, V.İ.İvanov, A.V.Baqri, V.B.Tomaşevski, N.İ.Aşmarin, B.V.Çobanzadə, R.İ.Şor, Ə.Haqverdiyev, A.İ.Samoyleviç və başqaları dil və ədəbiyyatdan mühazirələr oxumaqla yanaşı, dilçilik və ədəbiyyatşünaslıq üzrə ilk tədris proqramlarını da hazırlamışlar.
BDU-da milli filoloq kadrların yetişdirilməsində böyük rolu olan prof. B.Çobanzadə eyni zamanda 1920-ci illərdə ümumi dilçilik və türkologiya aspektlərində tədqiqatlar apararaq, Azərbaycanda dilçilik elminin yeni inkişaf mərhələsinin təməlini qoymuşdur.
Fakültədə müxtəlif illərdə Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Məmmədağa Şirəliyev, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, Məmməd Cəfər Cəfərov, Əli Sultanlı, Muxtar Hüseynzadə, Cəfər Xəndan Hacıyev, Məmmədhüseyn Təhmasib, Hadi Mirzəzadə, Məmməd Tağıyev, Əlövsət Abdullayev, Yusif Seyidov, Tofiq Hacıyev kimi görkəmli alimlər işləmiş, tədrisin təşkilində və filologiya üzrə elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişlər.
Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Dövlətimizə, cəmiyyətimizə və ümumiyyətlə, tariximizə bələd olan, yeni düşüncəyə malik gənclər yetişdirmək, onlara bilik və bacarıq vermək, millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı kadrlar hazırlamaq Bakı Dövlət Universitetin üzərinə düşən tarixi vəzifədir.
Bu gün BDU-da mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin fərman və sərəncamları, Təhsil sahəsində İslahat Proqramına və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir.
BDU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir.
DİM-in ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təşkil etdiyi qəbul imtahanlarında filologiya istiqaməti üzrə uğur əldə etmiş hər bir abituriyent Bakı Dövlət Universitetinin Filologiya fakültəsini seçə bilər.
Filologiya fakültəsində bakalavriat səviyyəsi üzrə 3 istiqamət üzrə 7 ixtisas əsasında mütəxəssis hazırlanır:
1. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
2. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
3. Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)
4. Filologiya (Rus dili və ədəbiyyatı)
5. Filologiya (Alman dili və ədəbiyyatı)
6. Filologiya (Fransız dili və ədəbiyyatı)
7. Filologiya (İngilis dili və ədəbiyyatı)
Filologiya fakültəsinin magistratura səviyyəsində 2 ixtisas əsasında (060101 – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 060201 – Filologiya) 5 istiqamətdə 14 ixtisaslaşma üzrə tədris aparılır:
1. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
2. Azərbaycan ədəbiyyatı
3. Ədəbiyyatşünaslıq (ədəbiyyat nəzəriyyəsi)
Ədəbiyyatşünaslıq (ədəbi tənqidin nəzəriyyəsi və tarixi)
Ədəbiyyatşünaslıq (dünya ədəbiyyatı)
Ədəbiyyatşünaslıq (türk xalqları ədəbiyyatı)
Ədəbiyyatşünaslıq (folklorşünaslıq və mifologiya)
Ədəbiyyatşünaslıq (rus ədəbiyyatı)
4. Azərbaycan dili
5. Dilşünaslıq (ümumi dilçilik)
Dilşünaslıq (türkologiya)
Dilşünaslıq (rus dili üzrə)
Dilşünaslıq (alman dili üzrə)
Dilşünaslıq (fransız dili üzrə)